Azərbaycanla Macarıstan arasında əməkdaşlıq müzakirə olunub

 

Noyabrın 3-də mədəniyyət və turizm naziri Əbülfəs Qarayev ölkəmizdə səfərdə olan Macarıstanın xarici işlər və ticarət naziri Peter Siyartonun başçılıq etdiyi nümayəndə heyəti ilə görüşdü.

 

Nazir qonaqları salamlayaraq bildirdi ki, Azərbaycanla Macarıstan arasında, bütün sahələrdə olduğu kimi, mədəniyyət sahəsində də sıx əlaqələr qurulmuşdur. Azərbaycanın mədəniyyət və incəsənəti, turizm imkanları haqqında məlumatı diqqətə çatdıran Əbülfəs Qarayev iki ölkə arasında turizm sahəsində əlaqələrin daha da inkişaf etdirilməsi arzusunda olduğunu dedi.

Ölkəmizin mütəmadi olaraq müxtəlif beynəlxalq tədbirlərə, forumlara ev sahibliyi etdiyini xatırladan nazir bu günlərdə Bakıda beynəlxalq teatr konfransı keçirildiyini bildirdi, konfrans haqqında qonaqlara məlumat verdi. Nazir Azərbaycanda keçirilən mədəniyyət tədbirlərində Macarıstan nümayəndələrinin də iştirakından məmnun olduğunu qeyd etdi, iki ölkə arasında mədəni mübadilənin əhəmiyyətini vurğuladı.

Macarıstanın xarici işlər və ticarət naziri səmimi qəbula görə təşəkkürünü bildirərək mədəniyyət və turizm sahəsində iki ölkə arasında əməkdaşlığın genişlənməsinin, qarşılıqlı mədəniyyət mərkəzlərinin yaradılmasının vacibliyindən söz açdı. Qonaq Azərbaycanla Macarıstan arasında turizm sahəsində də əməkdaşlığın genişlənəcəyinə ümidvar olduğunu dedi.

 

Lalə

 

Mədəniyyət.- 2014.- 5 noyabr.- S. 3.