Müasir teatrın aktual problemləri:
fikirlər müxtəlifdir
Azərbaycan Dövlət
Musiqili Teatrında keçirilən III Beynəlxalq Teatr
Konfransı noyabrın 6-da işini plenar iclaslarla davam etdirdi. Azərbaycan Teatr Xadimləri İttifaqının sədri,
professor Azərpaşa Nemətov və «Peterburq teatr
jurnalı»nın redaktoru Marina Dmitrevskayanın
(Rusiya) moderatorluq etdiyi iclasın birinci hissəsində ilk məruzəçi
Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının
direktoru, sənətşünaslıq doktoru, professor
İsrafil İsrafilov oldu.
Teatr
heç nə eləmir, sadəcə yaşayır
Professor İsrafil İsrafilov teatr sənəti və mədəniyyətlərarası
dialoq barədə danışdı. Bildirdi ki,
monoloqların insanları ayırdığını hər kəsdən
artıq teatr sənətində çalışanlar
anlayırlar. Onlar başa düşürlər
ki, konstruktiv, əmələ çevrilməyə yönələn
dialoq daha səmərəlidir. Bir zamanlar səhnə
sənətinin tanınmış xadimlərinin «Teatr nədir,
yaxud teatr necə olmalıdır» suallarına tapdıqları
cavablar çağdaş dövrümüzdə nəinki yetərli
deyil, hətta yeni suallar yaranmasına yol açır. Bunun sadə səbəbi, böyük rus şairi
Aleksandr Puşkinin sözləri ilə desək, «amansız əsr,
sərt düşüncələr» olsa da, dialektik
qanunauyğunluqların axarında irəli getməkdən
başqa yol yoxdur.
«Dünya
xəritəsində yer alan xalqların teatr mədəniyyətinin
bünövrəsində yerə sərilmiş xalı üzərində
iki aktyorun göstərdiyi səhnə qədər sadə,
amma təsirli oyun dayanır»,- deyən
teatr direktorunun fikrincə, həmin oyunun estetikası yüz
illər, min illər ərzində dəyişsə də,
tamaşaçıya təsir iddiası dəyişməz
qalıb: «Esxildən başlamış bu günümüzə
qədər gələn dramaturji və ədəbi konstruksiya
insan haqqında olan və insana ünvanlanan təcəssümə
əsrlər boyu ləyaqətlə xidmət edib. Adətən başqa mətləblərlə
bağlı bu belə olub, belədir və belə də
qalacaq. Amma dramaturgiyaya münasibətdə
bu sayaq yanaşma mümkün deyil. Yəni
məhz XXI əsr bu məsələyə öz
sığalını çəkib. Odur
ki, son vaxtlar ənənələr pozulur, miflər
dağılır və teatrın bir vaxtlar başlıca qida
mənbəyi olan ənənəvi dramaturgiyaya münasibət
dəyişir, dünyanın müxtəlif teatrlarında
söz teatrına qarşı qiyam səsləri eşidilməyə
başlayır».
İsrafil İsrafilov qeyd etdi ki, çağdaş
dövrün rejissurası, bir zamanlar Meyerholdun dediyi kimi,
tamaşanın müəllifi statusundan imtina edib daha
böyük səlahiyyətlərə iddiasını ortaya
qoyur. Bu rejissura zamanın intellektual-mənəvi
yükünün toplandığı səhnə ssenarisini ənənəvi
dramaturji materialdan daha üstün və mühüm hesab edir.
Teatr tənqidinin
hazırkı durumundan danışan məruzəçinin
sözlərinə görə, teatr reallığında tənqidin
öz mövqelərini itirməsi müşahidə olunur: «Fəaliyyət
miqyası, özünüifadə imkanları, ən betəri,
funksional dili qısalmış teatr tənqidi bir zamanlar aktiv mətbuatın
əlavəsi rolunda görünürdüsə, indi internet
erasında az qala tamamilə çarəsiz duruma
düşüb. Yeni texnologiyaların
inkişafı tənqidin üslubunu və fəaliyyət məramını
dəyişməyə sövq edir. Amma
maraqlıdır ki, bu zaman həvəskarlığın
peşəkarlığa meydan oxuması da diqqəti cəlb
edir».
İsrafil İsrafilov çıxışının
sonunda onu da bildirdi ki, qarışıq tipli auditoriya teatrdan
beşulduzlu tamaşalar tələb etməkdə haqlı
olduğu kimi, teatr da qarşı tərəfdən anlaşma
gözləməkdə haqlıdır. Bu tələblər illər
keçdikcə dəyişir, yaranan narazılıqlar hikkəli
qarşıdurmalara səbəb olur: «Auditoriya hər şeydən
daha çox teatrdan lənətə gəlmiş suallarına
cavab gözləyir. Teatr isə... Georgi
Daneliyanın «Mimino» filmində bir epizod var. Dağ kəndində
göstərilən hind filminin bir yerində ekranda rəqs edən
qızı görən həmkəndlisi soruşur ki, Mimino,
bu qız neyləyir? O da cavab verir ki, heç nə eləmir,
rəqs edir. Bax, teatr da heç nə eləmir,
sadəcə yaşayır».
Həm sənət,
həm də qazanc
Rusiyanın Ural vilayətinin Perm şəhər
teatrını təmsil edən Sergey Fedotov əvvəlcə
bu sənət ocağının nailiyyətlərindən bəhs
etdi. Qeyd etdi ki, cəmi 200 yerlik auditoriyası olan bir
teatrda çalışır. Keçirdikləri tədbirlərdən
və hazırladıqları tamaşalardan ildə 1 milyon
dollar gəlir əldə edirlər: «On ildir ki, Martin Makdonax
beynəlxalq teatr festivalını keçiririk. Bu festivaldan yüksək miqdarda gəlir
götürürük. Hökumətdən çox az vəsait alırıq. Teatrımızın
hər bir aktyoru ayda 1500 dollar qazanır. Kollektivimiz
tez-tez qastrollarda olur. Bu bizə öz
işimizi daha təkmil qurmağa kömək edir. Bu konfransda iştirakımızdan məmnunuq. Düşünürəm ki, dünyanın teatr
xadimlərinin təmsil olunduğu bu tədbirdən çox
şeylər öyrənmək mümkündür».
İran İslam Respublikasından gəlmiş Sahar
Şahgəldi «Hərəkətlərin və rənglərin
taziyədə rolu» mövzusunda çıxış etdi,
Aşura mərasimlərində təşkil edilən şəbehlərdəki
aktyor oyunlarından danışdı.
Müasir
teatrda söz o qədər də önəmli deyil
Hindistanlı Maharaç Raina bildirdi ki, uşaq
vaxtlarında Azərbaycan poeziyasını ingilis dilində
oxuyub və çox sevib. Ölkəsində müxtəlif
dinlərin daşıyıcılarının
yaşamasından bəhs edən teatrşünas qeyd etdi ki,
multikulturalizm hər bir millətə özünəməxsus
xarakter verir: «Dəyərlər insanın həyatda
qalmasını təmin edir. Teatr isə mədəniyyətin
çarxıdır».
Rusiyadan gəlmiş teatrşünas Emilia
Dementsovanın fikrincə, teatr həm keçmişi, həm
də müasirliyi özündə ehtiva edir. Bu isə
çox vacib məqamdır. Onun sözlərinə
görə, XXI əsrin teatrında artıq söz yoxdur,
çünki sözə ehtiyac yoxdur: «Söz əməldir. İnsanlar hərəkətləri, mimikaları ilə
danışır. Söz insanlar
üçündür. Zənnimcə, bu
konfrans da məhz buna xidmət edir».
Fransalı nümayəndə Elza Furtado həmkarının
fikirlərini dəstəkləyərək, bildirdi ki, Fransanın
Azərbaycandakı səfirliyinin xətti ilə fəaliyyət
göstərən institutda çalışır. Bakıda az
bir müddətdə olması səbəbindən Azərbaycan
dilini hələ öyrənməyib. Amma bu, onun teatrlara getməsinə
mane olmur: «Tez-tez teatr tamaşalarına gedirəm. Baxmayaraq ki, dili bilmirəm, amma səhnədə
baş verənləri çox gözəl anlayıram. Deməli, müasir teatrda söz o qədər də
önəmli deyil. Hesab edirəm ki, bu,
teatrın qüdrətidir».
Gürcüstan teatrının təmsilçisi
İrina Qoqoberidze «Qloballaşan dünyada teatr» mövzusunda
danışdı. Qeyd etdi ki, azad, sərbəst teatrın
dünyaya yayılmaq üçün çox böyük
imkanları var. Teatr sənəti də məhz teatral
qloballaşmaya yol açır.
Fasilədən sonra konfrans digər təmsilçilərin
çıxışları ilə davam etdirildi.
Rusiyalı nümayəndə Adolf Şapiro bildirdi ki, hər
zaman dünyada bir teatr mövcud olub. Vacib olan odur ki,
hazırda teatr kütləvi meydanlardan elit bir mərhələyə
çevrilib.
Multikulturalizm
Azərbaycan teatrının probleminə çevrilə bilməz
Mədəniyyət və İncəsənət
Universitetinin prorektoru, sənətşünaslıq doktoru,
Əməkdar incəsənət xadimi Məryəm Əlizadə
«Multikulturalizm olmadan multikulturalizm» mövzusunda məruzə
etdi. Onun sözlərinə görə, «multikulturalizm»
anlayışı Azərbaycan terminologiyasında son 10 ildə
işlədilir. Lakin bu anlayış olmadan da azərbaycanlılar
hələ çox-çox illər öncə çoxmədəniyyətlilik
şəraitində yaşayıblar və indi də
yaşayırlar: “Azərbaycan çoxsaylı xalqların məskunlaşdığı
bir ölkədir, bu xalqlar öz mədəniyyətlərini,
dillərini, inanclarını, adətlərini, mətbəxlərini
qoruyub saxlayıblar. Onların teatrları da
mövcuddur. Qaxda Azərbaycan Dövlət
Gürcü Dram Teatrı, Qusarda Azərbaycan Dövlət Ləzgi
Dram Teatrı, Bakıda hələ 1921-ci ildən Azərbaycan
Dövlət Rus Dram Teatrı fəaliyyət göstərir.
Hətta Azərbaycanda 80-ci illərdə
«Beserer» eksperimental yəhudi teatr studiyası da teatr prosesinə
qoşulmuşdu. Amma reallıq budur ki, Rus
Dram Teatrını çıxmaq şərtilə, bu
teatrların heç birinin Azərbaycan teatr prosesinə
mühüm təsiri yoxdur. Onlar aktivliyi ilə
seçilmir”.
Məruzəçi
bildirdi ki, III Bakı Beynəlxalq Teatr Konfransının
mövzusu bu vəziyyətin səbəblərini
aydınlaşdırmağa kömək edir: “Bu gün ləzgilər,
talışlar, digər azsaylı xalqlar Azərbaycan ədəbiyyatını,
teatrını elə öz ədəbiyyatları,
teatrları sayırlar. Belə olan halda milli
azlıqların öz teatrlarını yaratmasına ehtiyac
qalırmı? Mənə elə gəlir
ki, qloballaşma dövründə bu o qədər də
aktual deyil. Multikulturalizm XX əsrdən XXI
əsrə ötürülən bir problemdir. Amma əgər Azərbaycan bu gün multikultural bir
mühit içindədirsə, mənə elə gəlir ki,
multikulturalizm Azərbaycan teatrının probleminə
çevrilə bilməz».
İclasda İran İslam Respublikasından Maneli Vafadari,
Atabak Naderi, Qazaxıstan nümayəndəsi İrina Antonova və
Rusiya Federasiyasından Natalya Zukovanın
çıxışları da iştirakçılar tərəfindən
maraqla qarşılandı.
Fəxriyyə
Abdullayeva
Mədəniyyət.- 2014.- 7
noyabr.- S. 7.