Teatr sənətində multikulturalizm
III Bakı Beynəlxalq Teatr Konfransının bölmə iclaslarında teatr mütəxəssislərinin məruzələri dinlənildi
Noyabrın
5-də günün ikinci
yarısında Akademik Milli
Dram Teatrının direktoru,
sənətşünaslıq doktoru, professor İsrafil İsrafilov və Beynəlxalq Teatr
Tənqidçiləri Assosiasiyasının Gürcüstan
bölməsinin sədri İrina Qoqoberidzenin moderatorluğu
ilə beynəlxalq konfransın növbəti plenar
iclası keçirildi.
İlk çıxış edən Azərbaycan Teatr Xadimləri İttifaqının sədri, professor Azərpaşa Nemətov bu gün milli teatr sənətinin yüksək inkişaf səviyyəsində olduğunu dedi. Teatr sənətinin inkişafı ilə bağlı qəbul edilən Dövlət Proqramının, Azərbaycan teatrının zəngin bədii irsinin və yaradıcılıq ənənələrinin qorunmasına, ümumbəşəri və milli dəyərlərin təbliğinə, dünya mədəniyyətinə inteqrasiyası məqsədlərinə xidmət edən sərəncamların əhəmiyyətindən danışdı. Teatr binalarının təmiri və yenidən qurulması, maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində də dövlət tərəfindən böyük işlər görüldüyünü diqqətə çatdırdı. Mədəniyyətimizin zənginliyindən söz açaraq Azərbaycanda tarixən multikulturalizm ənənələrinə böyük diqqət yetirildiyini, ölkəmizdə yaşayan digər xalqların mədəniyyətlərinin inkişaf etdirilməsinə geniş imkanlar yaradıldığını bildirdi.
Sonra İtaliyanın məşhur “Pikkolo teatrı”nın quruluş hissə müdiri Anna Liza Rossini çalışdığı sənət ocağının fəaliyyəti haqqında məlumat verdi, onun qastrollarının sayına görə dünyanın ən qabaqcıl teatrlarından birinə çevrildiyini dedi. Teatrın 25 dildə təqdim etdiyi tamaşalara yüz minlərlə insanın baxdığını qeyd etdi, teatrın multikulturallığının da məhz bundan qaynaqlandığını vurğuladı. Beynəlxalq Uşaq Teatrları Festivalının direktoru, hindistanlı mütəxəssis Ayşa Rau çıxışında uşaq və gənclər teatrlarının müasir zamanda öz tamaşaçılarına nüfuzetmə imkanlarına diqqət çəkdi.
ABŞ-dan gələn geyim üzrə rəssam İrina Krujilina isə müasir səhnə, geyim elementlərindən söz açdı, bəzi nümunələri nümayiş etdirməklə tamaşanın vizual effektivliyini artırmağın yollarını sadaladı.
Beynəlxalq Teatr Tədqiqatları Federasiyasının idarə heyətinin üzvü, ispaniyalı teatrşünas Boris Daussa-Pastor teatr tədqiqatları, onların geniş ictimaiyyətin diqqətinə çatdırılması üçün müasir informasiya resurslarından istifadənin vacibliyindən bəhs etdi.
Qazaxıstan Dövlət Dram Teatrının direktoru Erkin Jausbek rəhbərlik etdiyi teatr, ölkəsindəki sənət mühiti, teatr-tamaşaçı münasibətləri barədə fikirlərini bölüşdü.
Avstraliyalı rejissor Riçard Pettifer tamaşaçının səhnəyə bağlanması üçün aktyor fəndləri, öz emosiyasını birbaşa ötürmə maneralarından söhbət açdı. Rejissorun aktyor ehtirasını mizanlarla məhdudlaşdırmamaq üçün səhnədə sözdən çox hərəkətin, plastikanın vacibliyinə diqqət çəkdi.
Maraqlı məruzələr, mütəxəssislərin toxunduğu məqamlar dinləyicilər tərəfindən maraqla qarşılandı.
* * *
Günün ikinci yarısında Milli Dram Teatrının direktoru, professor İsrafil İsrafilov və Beynəlxalq Teatr Tənqidçiləri Assosiasiyasının sədri İrina Qoqoberidzenin (Gürcüstan) moderatorluğu ilə daha bir plenar iclas oldu.
İsraildən gəlmiş teatrşünas Sarit Kofman-Simon əvvəlcə ölkəsinin teatr dili ilə iştirakçıları tanış etdi. Qeyd olundu ki, İsraildə 1990-cı illərədək əsas səhnə dili ivrit olub, sonradan ərəb və başqa dillərdə də tamaşalar hazırlanıb. Şərqi Qüdsdə və qərb sahilində ərəbcə fəaliyyət göstərən Fələstin teatrı öz fərdiliyini nümayiş etdirməyə çalışır. Ümumilikdə İsrail və Fələstin teatrları Qərb teatr ənənələrinə münasibətdə mədəni hibridləşmənin ölçüsünü göstərirlər.
ABŞ-ın Pensilvaniya ştatının Kutztaun Universitetinin vizual və ifaçılıq sənətləri fakültəsinin dekanı Artur Blum “XIX əsr Amerika teatrı XXI əsrə qarşı” mövzulu məruzə ilə çıxış etdi. Bildirdi ki, bu gün Amerikada teatrlarla bağlı xülasə və qısa xronikalar qəzetlərdən daha çox elektron mediada yer alır: “Son dövrdə Amerikada elmi nəşrlərin sayı azalır. Bu gün dünyada elektronlaşma yaşanır və heç kim hansısa teatr xadiminə həsr edilən kitabı çap etmək arzusunda deyil. Bunlar Amerikada yaşanan həqiqətlərdir və bu gün həmin həqiqətlərlə konfrans iştirakçılarını da tanış etmək istədim”.
AMEA-nın “Teatr, kino və televiziya” şöbəsinin müdiri, sənətşünaslıq üzrə fəlsəfə doktoru Vidadi Qafarov “Azərbaycan teatrının mənzərəsi” adlı məruzəsində teatrlarımızın inteqrasiyası məsələlərinə toxundu. Qeyd etdi ki, qloballaşma dünyanı birləşdirən, bəşəriyyəti ümumi dəyərlər ətrafında toplayan prosesdir: “Bu prosesdə inteqrasiyasız keçinmək olmur. Hazırda toplaşdığımız konfrans da mahiyyətində inteqrasiya ruhu daşıyan ənənə olmaqla yanaşı, Azərbaycanda teatr prosesinin intensivlik dərəcəsinin artmasının göstəricisidir. 2010 və 2012-ci illərdə keçirilən Beynəlxalq Teatr Konfransları, 2011 və 2013-cü illərdə keçirilən Beynəlxalq Kukla Teatrları festivalları bütövlükdə mədəni hadisəyə çevrilib”.
Sənətşünas qeyd etdi ki, Azərbaycan bir sıra beynəlxalq nüfuzlu teatr təşkilatlarına üzv olub və onların ölkəmizdə milli mərkəzləri yaradılıb. Dünya teatrına inteqrasiya prosesi teatrlarımızın repertuarında da özünü göstərir, XX və XXI əsrin görkəmli ədiblərinin əsərlərinə səhnələrimizdə yer verilir. Bundan əlavə, milli dramaturqlarımızın da əsərləri xaricdə səhnələşdirilib. Azərbaycanda teatr şəbəkəsinin əsasən dövlət teatrlarından ibarət olduğunu bildirən məruzəçi onların yalnız repertuar teatrları kimi fəaliyyət göstərdiyini vurğuladı. Bildirdi ki, ölkəmizdə antrepriz teatrlar, müstəqil alternativ teatr formalarını, prodüser institutunu yaratmaq qarşıda duran əsas vəzifələrdən biridir.
İclasda həmçinin Böyük Britaniyanın “Tumult in the Clouds” teatrının bədii rəhbəri Patrim Kannin, Sankt-Peterburq Teatr Akademiyasının professoru Marina Dmitrevskaya multikulturalizm və teatr, teatr laboratoriyaları, teatr və mədəni müxtəliflik mövzularında çıxış etdilər. Qeyd olundu ki, demokratik sistem teatrı canlandırır, teatr laboratoriyalarında daha dinamik, gənc nəsil olduğu üçün bu bir təcrübə meydanıdır. Teatr laboratoriyaları həm də bir hərəkat olaraq maraqlıdır.
Qətər Dövlətinin təmsilçisi Salem əl Məzuri ölkəsinin teatr tarixi barədə danışdı. Bildirdi ki, 1952-ci ildə ilk truppalar yaradılıb. İndiyədək Qətər teatrı dünya səhnəsində 25 tamaşa nümayiş etdirib. Ölkə beynəlxalq tədbirlərdə iştirak edərək mədəni müxtəlifliyi geniş şəkildə təbliğ edir.
Beləliklə, konfransın ilk iş gününün iclasları başa çatdı. Axşam iştirakçılar paytaxt teatrlarında müxtəlif tamaşalara baxdılar, şəhərin mədəni həyatı ilə bilavasitə tanış oldular.
Həmidə
Nizamiqızı
Lalə Azəri
Mədəniyyət.- 2014.- 7
noyabr.- S. 6.