Qazax ədəbiyyatının satiriki
Qazax xalqının yazılı ədəbiyyatından
söz açılan zaman
ilk olaraq xatırlanan ədiblərdən
biri Abay Kunanbayevdir. Görkəmli satirik
şair dövrün ictimai-siyasi proseslərini diqqətlə izləyib,
cəmiyyətdəki çatışmazlıqları tənqid
atəşinə tutub.
Abay Kunanbayev 1845-ci ildə Qazaxıstanın Semey (keçmiş Semipalatinsk) vilayətinin Jidebay kəndində doğulub. Əsl adı İbrahimdir. O, öncə mollaxanada təhsil alır, sonra rus məktəbində oxuyur. Davranışı, dərslərini yüksək səviyyədə mənimsəməsi ilə yoldaşlarından fərqlənir. Hazırcavablığı və məntiqli düşüncəsinə görə ətrafında onu “Abay” (diqqətli, ehtiyatlı) deyə çağırırlar. Sonralar o, elə bu adla da məşhurlaşır.
Məktəbdə oxuyarkən ilk qələm təcrübəsi olan “Dəvə qovan” şeirini yazır. Sonra “Dövlətlinin bir dərdi var”, “Xoş söz eşitmədim mən” və “Mal-qaranı qoruyub firavan gün sürür bəy” kimi şeirlərini qələmə alır, tamahkar bəyləri tənqid edir.
Abay müasir qazax yazılı ədəbiyyatının banilərindən hesab olunur. Şairin yaradıcılığında qazax folklorunun təsirləri də aydın görünür.
Araşdırmalarda qeyd olunur ki, Abay Kunanbayev yaradıcılığının çiçəkləndiyi bir vaxtda ağır faciə ilə üzləşir. İki oğlunu birdən itirən şair bu sarsıntıdan xeyli vaxt özünə gələ bilmir. “Gəlinim Məhişə başsağlığı” şeirində Allahın ona əlacsız dərd verdiyini söyləyir.
Onun diqqətəlayiq əsərlərindən biri də “İsgəndər” poemasıdır. Əsər tarixi şəxsiyyət olan Makedoniyalı İsgəndərə həsr olunsa da, personajlar və hadisələr İsgəndərin həyatının konkret faktları ilə üst-üstə düşmür. Ancaq humanizm və insanpərvərliyin təbliği, müharibə dəhşətləri, istila və qarətə etiraz poemanın mərkəzində dayanaraq oxucuları ibrətləndirir.
Şairin “Maqsud” poemasında isə əxlaqi-didaktik görüşlər fonunda ağıl, tale və nəfs problemlərinə orijinal baxışlar əksini tapıb. O, insan idrakını, şəxsiyyəti cəmiyyətin əsası hesab edir. Ağılsızların hakimiyyətini cəmiyyət üçün faciə kimi qiymətləndirir. Poemada hadisələr Harun ər-Rəşidin hakim olduğu Bağdad şəhərində baş verir: Maqsud yolda bir quldurun qoca kişini qarət etdiyini görür və ona kömək edir. Qoca kişi ona sübh çağı sərdabənin həyətinə gəlməsini xahiş edir. Maqsud ora gəlir və qoca kişi sərdabənin həyətində ağ, sarı və qırmızı meyvəsi olan ağacı ona göstərir. Sonra ona istədiyi rəngdə olan bir meyvə seçməsini bildirir. Ağ ağıl, sarı var-dövlət, qırmızı meyvə isə qadın mənasında olur.
Şair əsərdə üç əsas prinsip - qüdrət, dövlət və məhəbbətin hansının cəmiyyət üçün vacibliyi məsələsinə toxunub. Burada ağlın təntənəsinin vacibliyi, insan xoşbəxtliyinin əsasında ağlın dayanması və s. məsələlərdən bəhs olunur.
Abay qazax poeziyasını yeni formalarla zənginləşdirərək, ona yeni ictimai məzmun gətirib. Müasirləri “Əqliyyə” əsərini onun yaradıcılığının zirvəsi hesab ediblər. Şair bu əsəri cavanlara xitabən qələmə alıb. Əsərdə dövrün çatışmazlıqlarını göstəran şair məhrumiyyətlərə düçar olan xalqının halına yanır, ürək ağrılarını dilə gətirir.
Abay Kunanbayevin əsərlərində çar Rusiyasına müəyyən qədər rəğbət bəslədiyi müşahidə olunsa da, ömrünün müdrik çağlarında ölkəsinin müstəmləkə altında zülm çəkdiyini dərk edir, çarizmin işğalçılıq siyasəti ilə barışmır. Bununla belə, xalqın maariflənməsində böyük rol oynayan rus ziyalılarını soydaşlarının qanını içən məmurlarla eyniləşdirmir. O, eyni zamanda qazax mədəniyyətinin rus və Avropa mədəniyyətləri ilə yaxınlaşmasının tərəfdarı olub.
59 illik ömründə 200-ə yaxın şeir, üç poema, 45 nəsr əsəri qələmə alan Abay Kunanbayev 1904-cü il iyulun 6-da vəfat edib.
Savalan Fərəcov
Mədəniyyət.- 2014.- 12
noyabr.- S. 15.