“Teatrın ruhunu qorumaqla onu inkişaf etdirmək lazımdır”

 

Teatr prodüserliyində qızıl orta olmalıdır. Burada biznesvar, yaradıcı tərəf də”

 

5-6 noyabr tarixində keçirilən III Bakı Beynəlxalq Teatr Konfransının iştirakçılarından biriSankt-PeterburqKukart” festivalının prezidenti, tanınmış teatr prodüseri David Burman idi. Onunla müsahibəni təqdim edirik.

 

- Söhbətə ənənəvi bir sualdan başlamaq istərdik. Müasir dünyada teatrla bağlı beynəlxalq festivalların, konfransların rolunu necə görürsünüz? Sizcə, Bakı bu missiyanın öhdəsindən necə gəlir?

- Bakıya ilk dəfə ötən il Mədəniyyət və Turizm Nazirliyinin dəvəti ilə II Beynəlxalq Kukla Teatrı Festivalına gəlmişdim. O zaman teatr layihələri üzrə əlaqələndirici, gözəl insan Şaiq Səfərovla tanış oldum. Ondan öncə isə sizin teatr təmsilçiləri ilə Finlandiyada festivalda görüşmüşdüm. Mən də Rusiyada böyük kukla teatrı festivalı keçirirəm. Azərbaycanlı həmkarlarım o vaxtdan məni Bakıya dəvət edirdilər. Buraya gəldiyimdə heyrət içindəydim. Hələ də heç cür anlaya bilmirəm, necə etmək lazımdır ki, eyni məkanda Avropa ilə Asiyanı birləşdirəsən və komfortlu, rahat yaşaya biləsən. Bakı bu xüsusiyyətləri ilə məni valeh etdi. Bakıda keçirilən konfransın multikulturalizm mövzusuna həsr olunması da bu baxımdan çox aktualdır. Multikulturalizm ideyası Avropada çoxdan mövcuddur. Lakin Şərqlə Qərbi bir məkanda ağılla, düşünərək birləşdirmək çox çətindir. Əbəs yerə demirlər ki, Şərq incə məsələdir. Bu atmosferi teatrdan istifadə edərək yaradıcı manevrlərlə formalaşdırmaq o qədər də asan deyil. Bakı konfransında teatr incəsənətinin bütün növləri təmsil olunur. Bu isə o deməkdir ki, Azərbaycan öz meydanından istifadə edərək bu prosesə yeni hərəkət, dayaq verməklə multikulturalizmin inkişafına doğru gedir. İndi münaqişələrin baş verdiyi dünyada vəziyyət heç də sadə deyil. Ona görə də müasir dünyamız üçün belə konfransların əhəmiyyəti çox vacibdir.

- Azərbaycan teatrları ilə əməkdaşlıq edirsinizmi?

- Əlbəttə. Abdulla Şaiq adına Dövlət Kukla Teatrının direktoru Rəşad Əhmədzadə ilə çoxdan tanışıq. Onunla da festivalda bir araya gəlmişik. Ümumiyyətlə, kukla dünyası hər kəs üçün ən əlçatan bir sahədir. Bu teatr eyni vaxta həm böyüklər, həm də balacalar üçün doğulub. Hər kəs nə vaxtsa uşaq olub. Bu yerdə Antuan Ekzüperinin bu sözlərini xatırlatmaq istərdim: “Hər kəs təbiətcə uşaqdır”. Elə ən çox multikultural olan da uşaq teatrlarıdır. Burada biz ümumi insan dəyərlərini qorumalıyıq.

- Müasir dövrdə teatr prodüserini necə xarakterizə etmək olar. Əslində, o, hansı rolu oynayır və ya oynamalıdır?

- Ümumiyyətlə, prodüser ideyası hansısa missiyanı formalaşdırır. Elələri var ki, onlar sadəcə pul qazanmaq üçün işləyirlər. Əgər prodüser işə ancaq elə-belə yanaşırsa, bu kimə lazımdır axı? Bunu sadəcə biznes adlandırmaq olar. Yaradıcı məhsul olan tamaşa hər halda kreativdir, o zaman prodüser üçün motivasiya yaradıcılığın bir hissəsi ola bilər. Prodüser həm də müəllif deməkdir. Bir sözlə, prodüser motivasiyakreativliyi birləşdirməlidir. Əlbəttə, bu, mürəkkəb prosesdir. Prodüser özlüyündə müəyyənləşdirməlidir ki, ona nə lazımdır - maddi, yoxsa mənəvi tərəflər. Bu müəyyənləşən kimi, sən anlayırsan ki, məhsulu satış üçün hazırlayırsan, yoxsa tamaşaçıları cəlb etmək üçün yaradıcı əsər ərsəyə gətirmək istəyirsən. Öz tərəfindən tamaşaçıları cəlb edirsən, onlara imkan verirsən ki, özlərinin yaradıcılığa aid olmalarını hiss etsinlər. Mənim nöqteyi-nəzərimdən prodüserlikdə bu qızıl orta olmalıdır. Burada biznesvar, yaradıcı tərəf də. Ona görə ki, bazarın seqmenti iqtisadi baxımdan eyni zamanda onun büdcəsinin formalaşmasına təsir edir. Elə teatrlar var ki, onları dövlət maliyyələşdirir və bir növ teatrın prodüseri olur. Belə missiyanı ölkənin mədəniyyət üzrə nazirliyi həyata keçirir, o teatra konkret tamaşaların sifarişini verir. Özəl prodakşn və prodüserlər üçün isə, əlbəttə, ən başlıca vasitədir. Onlar da gözəl teatrlar quraoraya məşhur adamları cəlb edə bilərlər. Bu bizim üçün vacibdir. Çünki onlar teatrı başqa tərəfdən inkişaf etdirir və maraqlı formalaşdırırlar.

- Azərbaycanda teatr prodüserliyi ilə bağlı məlumatınız varmı?

- Azərbaycan teatrları ilə kifayət qədər dərindən tanış deyiləm. Amma bu teatrların yaradıcı ruhu qoruyub saxlaması xoşuma gəlir. Əlbəttə ki, müasir həyat teatrı məcbur edir ki, o, pul da qazansın. Teatrın formulu nağıldır, o, mənəvi missiya yerinə yetirir. Bu, maddi olaraq pul qazanmaqdan qat-qat mühümdür. Azərbaycan teatrı da daxil olmaqla bu bütün teatrların əsas missiyası olmalıdır. Siz postsovet dövründən də əvvəlki ənənələrin qorunması ilə teatrınızı inkişaf etdirirsiniz. Başqa tərəfdən, bazar inkişaf edir və teatrı təkmilləşməyə, yenilənməyə, dəyişməyə sövq edir. Ona görə də, teatrın ruhunu qorumaqla onu inkişaf etdirmək lazımdır.

- III Bakı Beynəlxalq Teatr Konfransından gözləntiləriniz nədir?

- Qeyd etdiyim kimi, konfrans çox aktual bir mövzuya həsr olunub. Düşünürəm ki, hər bir konfliktdə razılığa gəlmək mümkündür, bu baxımdan mədəniyyət, teatr sənəti də fərqli baxışların uzlaşmasına kömək edə bilər. Fikrimcə, bu, konfransın ən başlıca ideyasıdır. Ruslarda belə bir məsəl var: ən bərbad sülhdava-dalaşdan yaxşıdır. Biz multikulturalizm, tolerantlıq vasitəsilə dünyada sülhə, anlaşmaya kömək edə bilərik. Bu cür beynəlxalq tədbirlər yaradıcı adamların gözləri ilə dünyaya baxmaq imkanı verir, onları bir araya gətirir. Belə konfransların da ən vacib vəzifəsi insanları, ideyaları birləşdirməkdir və çox şadam ki, bu missiya Bakıda yerinə yetirilir.

 

Mehparə

 

Mədəniyyət.- 2014.- 12 noyabr.- S. 11.