Ölkəmiz London turizm sərgisində
uğurla təmsil olunub
Noyabrın 3-dən 6-dək Londonda
keçirilən «Dünya
səyahət bazarı
- 2014» (“World Travel Market - 2014”) ənənəvi
beynəlxalq turizm sərgisində Mədəniyyət
və Turizm Nazirliyinin təşkilatçılığı
ilə Azərbaycanın
turizm imkanları da nümayiş olunub.
Tədbirdə Mədəniyyət və
Turizm Nazirliyinin, Azərbaycan Turizm Assosiasiyasının əməkdaşlarından
ibarət nümayəndə
heyəti iştirak edib. Sərgidə həmçinin
“Geo travel", "SW travel", "ENC tours", "The
tour", "Turizm.az", "AL travel", "İmprotex travel", "ATA travel",
"STİ travel", "Regea
travel", "Proxy travel", "Gilan
tourism", "Büllur travel",
"Millennium Tourism and Congress" şirkətləri,
“Pik Palace" və
"Jumeirah Bilgah
Beach" hotelləri, "Azərbaycan
Hava Yolları"
(AZAL) təmsil olunub.
Sərgi mərkəzində 105 kvadratmetrlik
sahədə qurulan Azərbaycan stendinə ziyarətçilər böyük
maraq göstərib. Azərbaycan guşəsində
2015-ci ildə Bakıda
keçiriləcək I Avropa
Oyunları ilə bağlı xüsusi məlumat lövhəsi də qurulub.
Tədbirin iştirakçısı olmuş Mədəniyyət
və Turizm Nazirliyinin mətbuat katibi Zöhrə Əliyevanın bildirdiyinə
görə, ziyarətçilərə
ölkəmizin mədəniyyəti
və turizm imkanları haqqında ətraflı məlumat verilib, ingilis dilində müxtəlif növ reklam-çap məhsulları hədiyyə
edilib. Azərbaycanın Böyük Britaniya
və Şimali İrlandiya Birləşmiş
Krallığındakı səfiri
Tahir Tağızadə
də stendimizə baş çəkib, turizm təmsilçilərimizlə
söhbət edib.
Azərbaycanın turizm potensialı,
mətbəxi, mədəni
irs abidələri
ziyarətçilərdə böyük maraq doğurub. Qış turizmi həvəskarları
ölkəmizdə yeni
fəaliyyətə başlayan
Qusardakı «Şahdağ»
yay-qış turizm kompleksi, Qəbələdəki
«Tufandağ» turizm kompleksi barədə suallar veriblər.
Turizm şirkətlərinin
nümayəndələri sərgi
çərçivəsində görüşlər keçiriblər,
müxtəlif ölkələrdən
olan həmkarları ilə işgüzar əlaqələr qurublar. Mədəniyyət və Turizm Nazirliyinin əməkdaşları
da sərgi çərçivəsində keçirilən tədbirlərin
iştirakçısı olublar.
Nazirliyin Turizm sənayesi ilə iş sektorunun baş məsləhətçisi
Bəxtiyar Qılıncov
və Regionlarda turizmin inkişafı sektorunun aparıcı məsləhətçisi Aysel
Əliməmmədova Dünya
Turizm Təşkilatının
“İpək Yolu” proqramının WTM sərgisi
ilə əməkdaşlığına
və WTM-in 35 illiyinə
həsr olunan seminarda iştirak ediblər. Seminarda İpək Yolu
ilə bağlı yeni proqramların hazırlandığı bildirilib.
Mətbuat katibi onu da bildirdi ki,
üzdəniraq qonşularımız
sərgidə Azərbaycanın
işğal altında
olan Dağlıq Qarabağ bölgəsinin
turizm imkanları ilə bağlı ayrıca guşə yaratmağa cəhd etsələr də, buna nail ola
bilməyiblər. Ermənistan stendində
"Karabakh" adlı
lövhə qoyulub.
Londonda yaşayan azərbaycanlı
tələbələr buna
etiraz olaraq Ermənistanın stendi önündə səssiz
aksiya keçiriblər.
Qeyd edək
ki, 2002-ci ildən başlayaraq Mədəniyyət
və Turizm Nazirliyi və turizm şirkətlərimiz
artıq 12-ci dəfə
London sərgisində iştirak
edib.
Fəxriyyə
Mədəniyyət.- 2014.- 12
noyabr.- S. 9.