“İşıqlar
şəhəri”nin turizm imkanları
Turizm şirkətləri və media nümayəndələrinin Mingəçevirə infoturu
Regionların
tanıdılmasında və daxili turizmin inkişaf etdirilməsində
yeni turizm
marşrutlarının böyük əhəmiyyəti
var. Bu məqsədlə
Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi və yerli
turizm şirkətlərinin
iştirakı ilə bölgələrə infoturlar
təşkil olunur. Növbəti belə
səfər noyabrın 8-9-da “Baku Travel & Tourism” şirkəti
və Mingəçevirdəki “Riverside” hotelinin təşkilatçılığı
ilə gerçəkləşdi. 20-dən artıq turizm şirkəti təmsilçisi və media mənsubu Mingəçevirdə bir araya gəldi.
Energetiklər şəhəri Avropa Oyunlarına hazırlaşır
İnfotur zamanı Mingəçevir şəhəri və buradakı turizm obyektləri ilə yaxından tanış olduq.
İlk olaraq I Avropa Oyunlarının bəzi yarışlarının keçiriləcəyi Kür avarçəkmə bazasına baş çəkdik. Məlumat verildi ki, baza 1980-ci ildə yaradılıb. Avarçəkmə bazası sovetlər məkanında yeganə baza idi ki, orada ilboyu avarçəkmə ilə məşğul olmaq mümkün idi. Çünki digər bazalardan fərqli olaraq, qışda burada su donmur. Prezident İlham Əliyevin tapşırığı ilə kompleks 2010-cu ildə əsaslı şəkildə yenidən qurulub.
I Avropa Oyunlarının keçiriləcəyi məkanlardan biri kimi Mingəçevirdə də hazırlıq işləri sürətlə davam edir. Kater ilə Kür avarçəkmə bazası boyunca gəzintiyə çıxaraq "Riverside" hotelindən 4 km aralıda yerləşən adaya gəldik. 3 hektar sahəsi olan adada peyntboll meydançasının yaradılması da planlaşdırılır. Burada müxtəlif ağac və kollardan ibarət yaşıllıq var. Ərazi balıq və quş ovu üçün əlverişlidir.
Sonra Mingəçevir su anbarında və su elektrik stansiyasında olduq. Tikintisi 1945-ci ildə başlanan stansiya 1954-cü ildə işə salınıb. Mingəçevir SES Cənubi Qafqazda ən iri su elektrik stansiyasıdır. Stansiyanın inşası ilə yanaşı burada respublikanın yeni sənaye mərkəzinin - energetiklər şəhəri Mingəçevirin təməli qoyulub. 1957-ci ildə Varvara SES işə düşdükdən sonra bu iki qurğu birlikdə “Mingəçevir SES silsiləsi” adlanır. Kür çayının Bozdağdan keçdiyi yerdə yaradılmış Mingəçevir su anbarının ümumi tutumu 15730 milyon kubmetrdir. Anbarın çay boyu uzunluğu 70 kilometrdir, eni 3 kilometrdən 18 kilometrədək dəyişir. Maksimal dərinliyi 75 metr, orta dərinliyi 26 metr, sahil xəttinin uzunluğu 247 kilometrdir. Mingəçevir su anbarı həm də iki kanalı - Yuxarı Qarabağ və Yuxarı Şirvan kanallarını su ilə təchiz edir. Bu kanallardan Mil, Muğan, Şirvan düzlərinin suvarılmasında, eləcə də balıqçılıq və rekreasiya məqsədi üçün də istifadə olunur.
"Riverside"
hoteli işini müasir tələblərə
uyğun qurub
Gəzintidən sonra "Riverside" hotelinin
konfrans zalında turizm şirkətləri və KİV nümayəndələrinin
iştirakı ilə
toplantı keçirildi. Hotelin satış
meneceri Könül Ahəngəri bildirdi ki, Azərbaycanda fəaliyyət göstərən
turizm şirkətləri
ilə əməkdaşlıq
onların başlıca
məqsədidir. Turistlərin
rahat yerləşməsi
və istirahəti üçün hoteldə
hər cür şərait var: «İstəyirik ki, hotelimizə gələn hər bir qonaq
bizdən razı getsin. Bunun üçün də, ilk növbədə,
yüksək və keyfiyyətli xidmətin olması əsas şərtdir. Bu üzdən çalışırıq
ki, hotelimizin fəaliyyətini günün
müasir tələblərinə
uyğun şəkildə
quraq».
Hotel istirahət üçün
regionda ideal məkanlardan
biridir. Burada turistlər gəmi
gəzintisinə çıxa,
katamaran, su motosikletlərindən istifadə
edə, balıq və quş ovlaya, həmçinin milli və Avropa
mətbəxinin gözəl
təamlarının, balıqdan
hazırlanmış müxtəlif
yeməklərin dadına
baxa bilərlər.
Qeyd olundu ki, 30 nömrədən ibarət 4 ulduzlu hotel
2007-ci ildə istifadəyə
verilib. Birinci mərtəbədə 100-ə
yaxın qonağın
rahat şəkildə
yerləşə biləcəyi
restoran fəaliyyət
göstərir. 4-cü
mərtəbədə isə
70 nəfərlik konfrans
zalı var.
İnfotur haqqında danışan
"Baku Travel & Tourism” şirkətinin
icraçı direktoru
Əziz Şiriyev səfərin məqsədinin
Mingəçevir şəhəri
istiqamətində yeni
turizm marşrutunun yaradılması olduğunu
bildirdi: “Avropa Oyunları çərçivəsində
burada keçiriləcək
yarışlarla əlaqədar
turist axınını
nəzərə alaraq
2015-ci ilin yaz aylarında Mingəçevirə
daha böyük infotur təşkil etməyi planlaşdırırıq. Ərazinin turizm
potensialından səmərəli
istifadə olunması
bölgəyə həm
yerli, həm də xarici turistlərin axınını
gücləndirəcək”.
Əziz Şiriyevin sözlərinə
görə, belə infoturları təşkil
etməkdə əsas
məqsəd regionlarda
fəaliyyət göstərən
hotellərlə turizm
şirkətlərinin qarşılıqlı
əməkdaşlığının daha da genişləndirilməsidir. Bu səbəbdən
də Azərbaycanın
bölgələrinə çoxsaylı
turistlərin cəlb edilməsi istiqamətində
iş aparılacaq.
Tədbirdə
"Riverside" hotelinin təmsilçiləri
jurnalistlərin və
turizm şirkətləri
nümayəndələrinin suallarını cavablandırdılar. Sonda iştirakçılara
sertifikatlar təqdim olundu.
Mingəçevirdə turizmin inkişafı üçün
geniş potensial var
İnfotur zamanı Mingəçevir
şəhəri ilə
bağlı bir sıra maraqlı məlumatlar da əldə etdik. Bakıdan 280-300 km qərbdə yerləş
Mingəçevir şəhərinin
adı ilə əlaqədar müxtəlif
fərziyyələr mövcuddur.
4500 ildən çox yaşı olan bu yerin adının
mənasını vaxtilə
görkəmli tarixçi-alim,
akademik Ziya Bünyadov belə izah edib: «Bu ad 839-cu ildə yaşamış və xəlifəyə qarşı mübarizə
aparmış Minqiçevir
əl Fəqaninin adı ilə bağlıdır». Ərazidə e.ə. III minillikdə yaşayış olub.
Arxeoloji qazıntılar zamanı aşkarlanan qədim sikkələr burada qədim dövrdə şəhər mədəniyyətinin
mövcud olduğunu, ticarətin inkişaf etdiyini göstərir.
Məşhur türk səyyahı
Övliya Çələbinin
"Səyahətnamə" əsərində Mingəçevirin
Kür çayının
sağ sahilindəki hissəsində olan yaşayışdan və
burada olan toxuculuqdan, hamamlardan və s. bəhs edilib. Burada SES tikilməsi və
yeni şəhər salınması fikri isə ötən əsrin 30-cu illərində
yaranıb. Lakin II Dünya
müharibəsi bu işə mane olub. Müharibədən sonra SES-in tikintisi
başlanıb, geniş
yaşayış massivi
salınıb. 1948-ci ildə Mingəçevirə
şəhər statusu
verilib. Hazırda Mingəçevir əhalisinin sayına görə respublikanın
dördüncü böyük
şəhəridir.
Şəhərin böyük turizm potensialı var. 2015-ci ildə
I Avropa Oyunları ilə bağlı buraya idmançıların
və xeyli sayda turistin gələcəyi gözlənilir. Buna görə də həm şəhərdə,
həm də turizm obyektlərində hazırlıq işləri
gücləndirilib. Kür
çayının, Mingəçevir
su anbarının şirin sulu
çimərliyinin imkanlarından
da daha səmərəli
istifadə edilməsi
nəzərdə tutulur.
Bu gün Mingəçevir
işıqlı və
sakit gecələri ilə hər kəsin dinclik tapa biləcəyi müasir bir şəhərdir.
Fariz Hüseynov
Mədəniyyət.- 2014.- 12
noyabr.- S. 8.