İranda Azərbaycan mədəniyyəti
günləri keçiriləcək
Mədəniyyət və turizm naziri İranın rabitə və informasiya texnologiyaları naziri ilə görüşüb
Noyabrın
7-də mədəniyyət və turizm naziri Əbülfəs Qarayev
ölkəmizdə səfərdə olan İran İslam
Respublikasının rabitə və informasiya
texnologiyaları naziri, Azərbaycan
Respublikası ilə İran İslam Respublikası arasında hökumətlərarası
komissiyanın həmsədri Mahmud Vaezi ilə görüşdü.
Qonağı salamlayan Əbülfəs Qarayev Azərbaycanın qonşu və dost İranla əlaqələrinin tarixindən danışdı, bu əlaqələrin davamlı inkişaf etdirilməsinin vacibliyini vurğuladı. Qeyd olundu ki, dini, mədəni bağlılığımız digər istiqamətlərdə də əlaqələrin əsasını təşkil edir. Nazir gələn il İran İslam Respublikasında Azərbaycan mədəniyyəti günlərinin keçirilməsinin nəzərdə tutulduğunu bildirdi.
Səmimi qəbula görə minnətdarlığını bildirən iranlı qonaq Azərbaycan Respublikasının müstəqilliyinin ilk illərində ölkəmizə dəfələrlə səfər etdiyini, Azərbaycan Prezidenti, görkəmli siyasətçi Heydər Əliyevlə görüşdüyünü, burada xeyli dostluq əlaqələri qurduğunu bildirdi. Mədəni münasibətlərin vacibliyinə diqqət çəkən Mahmud Vaezi qarşılıqlı mədəniyyət günlərinin keçirilməsinin əhəmiyyətini vurğuladı, xalqlarımızın bir-birini daha yaxından tanıması üçün mədəniyyətin mühüm vasitə olduğunu bildirdi. O, İran İslam Respublikasının Prezidenti Həsən Ruhaninin bu günlərdə Azərbaycana səfər edəcəyini və əlaqələrin inkişafına töhfə verəcək bir sıra sənədlərin imzalanacağını qeyd etdi.
İki ölkə arasında gediş-gəlişin daha rahat həyata keçirilməsi üçün viza rejiminin sadələşdirilməsinin faydalarından danışan iranlı nazir bunun qarşılıqlı turist səfərlərinin artmasına da təkan verəcəyini diqqətə çatdırdı. Eyni zamanda Azərbaycandan İranın bir sıra şəhərlərinə birbaşa hava uçuşlarının artırılmasının da əlaqələrin inkişafında rol oynayacağını bildirdi.
Görüşdə o da qeyd
olundu ki, Azərbaycan
və İran bir
sıra beynəlxalq təşkilatlarda uğurla
əməkdaşlıq edir, bir sıra layihələrdə bir-birini dəstəkləyir. Ölkələrimizin
mədəni irs nümunələri UNESCO-nun irs
siyahılarında təmsil olunur.
Vurğulandı ki, iki
ölkə arasındakı bu əlaqələr
bundan sonra da inkişaf etdirilməli,
qarşılıqlı səfərlər intensivləşməlidir.
Mədəniyyət.- 2014.- 12
noyabr.- S. 4.