Azərbaycanda turizm sənayesi yeni mərhələyə qədəm qoyub

 

Təbiət ölkəmizə hər baxımdan unikal imkanlar bəxş edib

 

Hələ orta məktəbdə oxuyarkən coğrafiya müəllimimiz Azərbaycanın təbii gözəlliyindən danışanda deyərdi ki, dünyada mövcud olan 11 iqlim qurşağının 9-na ölkəmizdə rast gəlmək mümkündür. Təbiət Azərbaycana elə bir zənginlik verib ki, bura ilin bütün fəsillərində istirahət üçün əlverişlidir. O zamanlar bunun nə demək olduğunu o qədər də dərk etməzdim.

 

Hazırda məşğul olduğum jurnalist peşəsi ilə bağlı xarici turistlərlə tez-tez ünsiyyətdə oluram. Onların Azərbaycan haqqında təəssüratları vaxtilə müəllimimizin bizə dediklərini təsdiqləyir: təbiət ölkənizə hər baxımdan unikal imkanlar bəxş edib.

Əlverişli coğrafi mövqe, təbii sərvətlər, zəngin tarixi-mədəni irs, florafauna Azərbaycanda turizm sektorunun geniş potensialından xəbər verir. Çünki turizm ölkələrin tarix və mədəniyyətinin, təbii-coğrafi gözəlliklərinin, müasir inkişaf tempinin dünyaya tanıdılması və təbliği üçün misilsiz imkanlar açır. Amma bir reallıq da budur ki, sadəcə təbiətin bəxş etdikləri dünyaya açılmaq, turizm məkanı kimi tanınmaq üçün yetərli deyil. Bunun üçün müasir tələblərə cavab verən infrastrukturun qurulması vacib şərtdir.

Məhz buna görə Azərbaycan dövləti turizmin inkişafını iqtisadiyyatın qeyri-neft sektoru üzrə prioritet istiqamət elan edib. Son illər turizmin təşviqi ilə bağlı görülən işlər, aparılan islahatlar, qəbul edilən dövlət proqramları, normativ-hüquqi bazanın təkmilləşdirilməsi, Bakıda və regionlarda müasir standartlara uyğun infrastrukturun qurulması bunu bir daha sübut edir. Yekunlaşmaqda olan «2010-2014-cü illərdə Azərbaycanda turizmin inkişafına dair» Dövlət Proqramı, 2011-ci ilin ölkə prezidenti tərəfindən Azərbaycanda «Turizm ili» elan edilməsi ilə əlaqədar geniş Tədbirlər Planının həyata keçirilməsi dövlət səviyyəsində turizmin inkişafına verilən dəstəyin göstəricisidir. Bunun nəticəsidir ki, ölkəmizdə turizm sənayesi yeni mərhələyə qədəm qoyub.

 

Bakı-Abşeron qalaları, Naxçıvan təbii suları ilə tanınır

 

Azərbaycanda turizmin inkişafını sürətləndirmək, daxili turizm potensialını dünya bazarına çıxarmaq, xarici turistlərin diqqətini səfalı guşələrimizə cəlb etmək məqsədilə 2003-cü ildə o vaxtkı Gənclər, İdmanTurizm Nazirliyi tərəfindən yeddi turizm marşrutu müəyyənləşdirilib: Bakı-Abşeron yarımadası, Bakı-Xaçmaz, Bakı-Balakən, Bakı-Astara, Bakı-Qazax, Bakı-Dağlıq Qarabağ, Bakı-Naxçıvan.

Bakı və Abşeron yarımadası daha çox qədim malik qalaları və digər abidələri ilə diqqəti cəlb edir. Ölkə üzrə mövcud turizm obyektlərinin əksəriyyəti burada yerləşir. Bakı-Abşeron ərazisində 135 mehmanxanamehmanxana tipli obyekt Mədəniyyət və Turizm Nazirliyinin lisenziyası əsasında fəaliyyət göstərir. Turistlərin üçün bir çox marşrutlar təklif olunur. Bakıya gələn qonağın qədim İçərişəhəri, «Atəşgah» məbədini, «Qala» arxeoloji etnoqrafik muzey kompleksini, «Yanardağ» və Qobustan qoruqlarını gəzmədən getməsi sadəcə mümkün deyil.

Azərbaycanın ən qədim yurd yerlərindən olan Naxçıvanın coğrafi mövqeyi, iqlimi, təbiəti, tarix-mədəniyyət abidələri turizmin inkişafı üçün əlverişli zəmin yaradır. Naxçıvanda 1165 tarixi abidə var. Muxtar respublikada fəaliyyət göstərən Duzdağ Fizioterapiya Mərkəzi, «Şahbuz» Dövlət Təbiət Qoruğu, Zəngəzur Milli Parkı, Əshabi-kəhf, Qarabağlar türbəsi, Haçadağ, Möminə xatın türbəsi, Əlincəqala, Nuhun məzarı, Batabats. turistləri cəlb edən məkanlardır. Müalicəvi mineral sular müxtəlif xəstəliklərinin müalicəsində geniş istifadə edilir. Bütün bunlar xarici turistlərin geniş marağına səbəb olur. Bölgəyə əsasən qonşu İran və Türkiyədən, eləcə də Rusiyadan turistlər gəlir.

 

Quba-Qusar həm yay, həm qış, Xaçmaz çimərlik turizmi imkanları ilə məşhurdur

 

Bakı-Xaçmaz marşrutu Şabran, Siyəzən, Xaçmaz, QubaQusar rayonlarından keçir. Son vaxtlar müasir tələblərə cavab verən istirahət mərkəzlərinin, hotellərin inşası, yolların salınması nəinki xarici turistlərin, eyni zamanda ölkə əhalisinin bölgələrimizdə istirahətə marağını artırır.

Quba-Qusar bölgəsi həm yay, həm qış turizmi həvəskarlarını cəlb edir. Ləzə, Şahnabaz və digər şəlalələrin ecazkar mənzərəsini bir görən yenə görmək istəyər. Qusar rayonunun dağları alpinistlərin diqqətindədir. Bu rayonda inşa olunan «Şahdağ» yay-qış turizm kompleksi artıq turistlər arasında çox populyardır. Ləzə kəndindən Quba rayonunun Xınalıq kəndinə piyada getmək olar. Son vaxtlar piyada turizm həvəskarları məhz bu marşruta üstünlük verirlər. Qusarın Həzrə, Hil, Balaqusar, Ənik, Yasab, Köhnə Xudat, Gündüz qala kəndlərində qədim məqbərələr, məscidlər, qədim insan məskənlərinin və qalaların qalıqları qorunub saxlanıb.

Xaçmaz rayonunun təbii-coğrafi mövqeyi onu Azərbaycanın ən tanınmış turizm məkanlarından birinə çevirib. Nabrandakı çimərlik turizmi imkanları hər yay on minlərlə insanı cəlb edir. Hazırda Qubada 9, Qusarda 5, Xaçmazda isə 24 turizm obyekti lisenziya ilə fəaliyyət göstərir.

 

Bakı-Balakən marşrutu ən böyük turizm mərkəzlərini əhatə edir

 

Bu marşrut Qobustan, Şamaxı, İsmayıllı, Qəbələ, Şəki, Oğuz, Qax, Balakən və Zaqatala rayonlarını əhatə edir. Bu rayonların hər birinin özünəməxsus turizm potensialı, mətbəxi və tarixi-mədəni obyektləri var.

Şamaxı bənzərsiz bulaqları ilə məşhurdur. Rayonda yay və qış turizmi, həmçinin kənd yaşıl turizmi daha çox inkişaf edib. Son vaxtlar isə atçılıq turizminə də diqqət artırılıb. Maraqlı yerlərə atla gəzintilər turistlərin çox sevdiyi məşğuliyyətdir. Rayonda lisenziya ilə 6 turizm obyekti fəaliyyət göstərir.

İsmayıllı xarici turistlərin sevimli məkanıdır desək, yanılmarıq. Böyük Qafqazın cənub ətəklərində yerləşən rayonun ərazisində tariximizin qədim dövrlərinin izləri qalmaqdadır. Rayonda müxtəlif sənətkarlıq növləri inkişaf edib. Dəniz səviyyəsindən 2500 metr yüksəklikdə yerləşən Lahıc kəndi sənətkarları ilə məşhurdur. Hələ XIX əsrin ortalarında Lahıcda 200-dək misgərlik emalatxanası fəaliyyət göstərib, yerli ustaların nəfis əl işləri ölkəmizdən uzaqlarda da yayılıb. 1980-ci ildən muzey-qoruğa çevrilən Lahıcda keçmişdən yadigar qalan məhəllə məscidləri, su kəməri və kanalizasiya (kürəbənd), Girdiman qalası qorunan tarixi abidələr siyahısındadır. İl ərzində buraya 8-10 min qonaq gəlir ki, onların da təxminən 80%-i xarici ölkə vətəndaşları olur.

Qəbələyə abidələr məskəni də deyirlər. Bum kəndindəki məscid (XIX əsr), Əmirli kəndindəki Alban məbədi (IV əsr), Bayramkoxa kəndindəki Ustacan qülləsi (IX əsr), Nic kəndindəki Hacı Qərib məscidi və Çotari alban kilsəsi, Həzrə kəndindəki Şeyx Bədrəddin və Şeyx Mənsur türbələri (XV əsr), Şəfili kəndindəki məqbərə (XVII əsr), eləcə də Həmzəlli Şıxbaba piri (XVI əsr) və Komrad dağının zirvəsindəki Komrad piri Qəbələ rayonunu mədəni turizm obyektinə çevirir.

Buraya səfər edən yerlixarici turistlərin sayı da ildən-ilə artır. Bu ilin 9 ayının nəticələrinə görə, Qəbələyə 40 minə yaxın turist səfər edib ki, bunun da 20 faizini xarici turistlər təşkil edib.

Şəki isə sənətkarlığı ilə həmişə diqqət mərkəzində olub. Burada son illər  turizm infrastrukturunun yaradılması istiqamətində xeyli görülüb. Yeni mehmanxanalar, kotteclər, turizm xidməti obyektləri, digər sosial obyektlər inşa edilir, körpülər tikilir, yollar salınır. Bütün bu amillər isə Şəkiyə gələn turistlərin sayının artmasına səbəb olur. Əgər 2012-ci ildə Şəkiyə 20 minə yaxın turist gəlmişdisə, ötən il bu rəqəm 30 minə qədər yüksəlib. Rayonda 11 turizm obyekti lisenziya ilə fəaliyyət göstərir.

Azərbaycanın şimal-qərb qapısı sayılan Balakən də təbiət gözəllikləri ilə turistlərin diqqətini daim cəlb edir. Rayon ərazisində turistlər üçün maraqlı ola biləcək qədim tarixi abidələr, səfalı meşələr, çaylar, şəlalələr, istirahət guşələri, parklar var. Mədəniyyət və Turizm Nazirliyinin «Xalq yaradıcılığı paytaxtları» proqramına əsasən Balakənin 2014-cü ildə «Azərbaycanın folklor paytaxtı» elan edilməsi ilə əlaqədar keçirilən tədbirlər də turistlərin rayona marağının artmasına səbəb olub. Bu ilin doqquz ayında rayona 20 minə yaxın yerlixarici turist gəlib ki, bu da 2013-cü ilin müvafiq dövrü ilə müqayisədə 2 min nəfər çoxdur. Rayon üzrə 12 turizm marşruturekreasiya zonası müəyyənləşdirilib.

Bakı-Balakən marşrutu üzərində yerləşən Oğuz, QaxZaqatala rayonlarının da maraqlı tarixi, zəngin təbiəti, özünəməxsus mətbəxi var. Bu bölgələrdə də turizmin inkişafı diqqət mərkəzindədir.

 

Qarabağın havası, Qərb bölgəsinin qədimliyi cəzbedicidir

 

Bakı-Qazax və Bakı-Qarabağ marşrutları Bərdə rayonuna qədər eyni xətt üzrə gedir. Bakı-Qarabağ marşrutu Ermənistanın ölkəmizə hərbi təcavüzü üzündən hələlik işlək deyil. Amma bir məqamı vurğulamaq lazımdır ki, Qarabağ Azərbaycanın ən dilbər guşələrindən biridir. Bu diyar zəngin tarixi-mədəni irsi, müalicəvi suları, diş göynədən bulaqları, göz oxşayan sıx meşələri, nadir təbiəti ilə çox cəzbedici turizm məkanıdır. Məşhur kurortları ilə tanınan Naftalan şəhəri, Mingəçevir, Daşkəsən, Azərbaycanın ikinci böyük şəhəri qədim tarixə malik Gəncə, Göygöl, Gədəbəy, Şəmkir, TovuzQazax Bakı-Qazax marş     rutu üzərində yerləşən turizm mərkəzlərimizdəndir. Bu marşrut eyni zamanda İpək Yolu beynəlxalq turizm marşrutu ilə üst-üstə düşür.

Vaxtilə SSRİ-nin ən məşhur müalicəvi turizm mərkəzi kimi ad çıxaran Naftalan yenə keçmiş şöhrətini özünə qaytarır. Burada müasir infrastruktur qurulub, hotellər tikilib. Bir çox ölkələrdən insanlar müalicə olunmaq üçün Naftalana gəlir.

Daşkəsən rayonu Kiçik Qafqazın şimal-şərqində yerləşdiyi və səthi şimala doğru alçalan dağlarla əhatə olunduğu üçün olduqca mənzərəli təbiəti, dağ çayları, tarixi məkanları ilə tanınır. Zivlən və Astaf kəndlərində ecazkar təbiət gözəli olan eyni adlı iki göl - Göygöl var. Eyni zamanda gur çeşməli, şəffaf, müalicəvi əhəmiyyətli su mənbələri - Yumurtalı, Narzan, Turşsu, Qiblə, İdriss. bulaqlar və məşhur Xoşbulaq yaylağı turistlərin ən çox ziyarət etdiyi məkandır.

Nizami, Məhsəti yurdu, qədim tariximizin bir parçası olan Gəncə şəhəri İpək Yolu beynəlxalq turizm marşrutunun üzərində yerləşdiyindən xarici qonaqların daha çox ziyarət etdiyi yerdir. Bu məkana gələn turistlər Gəncəni xatırladan suvenirləri də həvəslə alırlar. Gəncə sənətkarlarının əl işləri hər zaman diqqət mərkəzində olub. Gəncədə son illər geniş şəkildə qeyd edilən şərab bayramı xüsusilə əcnəbi qonaqları cəlb edir və bölgənin turizm potensialının tanıdılması istiqamətində atılan addımlardan biridir.

Əgər Göygöl və Gədəbəy gözəl təbiəti, tarixi abidələri ilə tanınırsa, Şəmkir və Tovuz bu regionun qədimliyinin sübutu olan qədim şəhər qalıqları və yaşayış məskənləri ilə diqqəti cəlb edir. Qədim Şəmkir şəhərinin qalıqları, Tovuzdakı Göytəpə yaşayış məskəni artıq turizm nümayiş obyekti kimi təbliğ olunur.

Qazax isə folklor nümunələri ilə zəngindir. Rayonda turizm sahəsi inkişaf mərhələsində olduğundan infrastruktur yeni-yeni təşəkkül tapır.

 

9 ayda cənub bölgəsinə 100 minə yaxın turist səfəri olub

 

Bakı-Astara marşrutu Azərbaycanın cənub bölgəsini əhatə edir. Cəlilabad, Masallı, Lənkəran, AstaraLerik rayonlarının da daxil olduğu bu marşrut turistlər arasında çox populyardır. Bölgədə ümumilikdə 31 turizm obyekti lisenziya ilə fəaliyyət göstərir.

Bölgənin zəngin mətbəxi, Masallıda keçirilən beynəlxalq folklor festivalı, bu il Lerikdə ənənəsi qoyulan “Uzunömürlülərin yaradıcılıq festivalı” kimi tədbirlər bölgəyə daha böyük turist axınına səbəb olur. Təxmini hesablamalara görə, 2014-cü ilin 9 ayı ərzində cənub bölgəsinə 100 minə yaxın turist səfəri olub.

 

Turizmin beynəlxalq səviyyədə təbliği

 

Ölkə üzrə əsas marşrutlar üzərində yerləşən rayonlarda müxtəlif turizm növlərini inkişaf etdirmək istiqamətində Mədəniyyət və Turizm Nazirliyi tərəfindən layihələr həyata keçirilir. İlk növbədə isə həmin rayonlar beynəlxalq səviyyədə təbliğ olunur. Avropa Şurasının təcrübəsi çərçivəsində rayonların turizm imkanlarının tanıtdırılması üçün mədəni layihələri reallaşdırılır. «Böyük İpək Yolu», «Şərab yolu», «Xalçaçılıq», «Aleksandr Düma Qafqazda» və «Azərbaycanda alman məskənləri» layihələri bu qəbildəndir.

Azərbaycan turizminin dünyada tanıdılmasında zəngin milli mətbəximizin də xüsusi yeri var. Azərbaycan mətbəxi ölkənin çoxəsrlik mədəniyyətinin ayrılmaz parçasıdır. Ölkənin müxtəlif regionlarının özünəməxsus mətbəx nümunələri daima qonaqları heyrətləndirir.

Görülən kompleks işlərin nəticəsi olaraq Azərbaycana gələn turistlərin sayı ilbəil artır, ölkədə fəaliyyət göstərən turizm şirkətlərinin şəbəkəsi genişlənir. Rəsmi məlumatlara görə, ötən il Azərbaycana 2 milyon 209 min nəfər əcnəbi gəlib ki, bunun da 2 milyon 130 min nəfəri turist olub. İndiyədək Mədəniyyət və Turizm Nazirliyi tərəfindən Azərbaycanda 301 mehmanxanaya və 266 turizm şirkətinə rəsmi lisenziya verilib.

 

İnfrastruktur olmadan turizmin inkişafı mümkün deyil

 

Azərbaycanda turizmin sürətli inkişafı danılmaz faktdır. Bu fikri Prezident İlham Əliyev bölgələrə səfərləri zamanı diqqətə çatdırır: «Azərbaycanda turizm üçün yararlı, əlverişli olan yerlərdə böyük komplekslər tikilir, hotellər, istirahət zonaları, parklar yaradılır. Biz özəl sektoru bu işlərə daha çox cəlb etməliyik. Ancaq hamınız yaxşı bilirsiniz ki, infrastruktur olmadan turizmin inkişafı mümkün deyildir. Ona görə hər bir rayonda, ilk növbədə infrastruktur layihələri icra edilməli, yollar tikilməli, necə deyərlər, müasir memarlıq təcrübəsi tətbiq olunmalıdır».

Mədəniyyət və turizm naziri Əbülfəs Qarayevin sözlərinə görə, bu gün qarşıda dayanan əsas vəzifə ölkə turizm klasterlərinin (kompleks xidmət təşkil edən məkan) yaradılmasıdır. Nazirin sözlərinə görə, Bakı şəhəri və onun ətrafı aparıcı turizm-xidmət məkanıdır. İkinci mühüm klaster Qəbələ, üçüncü klaster isə Quba-Qusar bölgəsidir: «Növbəti klasteri Şəmkir-Göygöl bölgəsində yaratmaq nəzərdə tutulur. Nəhayət, daha bir turizm-xidmət məkanı Lənkəran-Lerikdir. Bu rayonlarda hər il böyük festivallar, mədəni tədbirlər reallaşdırılır. Bu bölgə turizm məkanı kimiçox böyük maraq kəsb etməkdədir».

Azərbaycanda turizmin inkişafını ölkəmizə səfər edən nüfuzlu xarici təşkilatların nümayəndələri də etiraf edir. Dünya Turizm Təşkilatının sədri Taleb Rifai ölkəmizdə səfərdə olanda qeyd etmişdi ki, Azərbaycan turizm səmasında parlayan bir ulduzdur.

Türkiyə Turizm Yatırımçıları Dərnəyinin (TYD) sədri Turqut Güru isə ölkəmizdə turizm sahəsinin inkişaf sürəti təəccübləndirir. Azərbaycana səfəri zamanı Qəbələ rayonunda olan mütəxəssis deyir ki, 25 il əvvəl Türkiyədə turizm sahəsi yeni inkişafa başlayanda oradakı mövcud durum Azərbaycandakı hazırkı durumdan xeyli aşağı olub: «Əgər bu sürətlə davam edərsə, Azərbaycan az vaxt içərisində turizm sahəsində çox böyük nailiyyətlərə imza atacaq».

* * *

Azərbaycanın turizm potensialı və ölkədə bu sahədə mövcud olan inkişafı təbii ki, bir yazıda tam əhatə etmək mümkün deyil. Bu yazıda isə ölkə turizmi barədə oxucularda ilkin təsəvvür yaratmaq məqsədilə sadəcə bildiklərimizin müəyyən bir hissəsini təqdim etməyə çalışdıq.

 

Fəxriyyə Abdullayeva

 

Yazı Mədəniyyət və Turizm Nazirliyinin «Milli turizm mövzusuna həsr olunmuş publisistik məqalələr müsabiqəsi»nə təqdim edilir

 

Mədəniyyət.- 2014.- 14 noyabr.- S. 12.