“O olmasın, bu olsun” yenidən
Musiqili Teatrda
Dahi Üzeyir Hacıbəylinin “O olmasın,
bu olsun” operettası səhnəyə
qədəm qoyduğu
gündən bu günə kimi öz orijinallığı,
aktuallığı ilə
tamaşaçı marağını,
sevgisini qoruyub-saxlaya bilmişdir. XIX əsrin sonu - XX əsrin əvvəlində
Azərbaycan həyatının,
məişətinin qüsurlarını
ifşa edən əsərdə insanın
mənəvi azadlığı
və ləyaqəti uğrunda mücadilə aparan yeni nəslin
mübarizliyi ön plana çıxır.
Ümummilli lider Heydər Əliyev bu əsər barədə demişdir: “...Bizim böyük bəstəkarımız
Üzeyir Hacıbəyli
“Məşədi İbad”
operettasını yaradıbdır.
İnsanların demək olar
ki, əksəriyyəti
indiyə qədər
hesab edirlər ki, “Məşədi İbad” operettası komediyadır, insanlar gəlib baxsınlar, istirahət etsinlər.
Ancaq bu, bir tərəfdən
komediyadır, digər
tərəfdən əgər
bu əsəri dərindən təhlil etsən aydın olar ki, bir
tərəfdən, o dövrdə
cəmiyyətdə gedən
proseslər, ikinci tərəfdən də nöqsanlar, çatışmazlıqlar
göstərilibdir”.
Bəli, Üzeyir bəy öz komediyalarında ən kiçicik nüansı belə yüngül gülüş
olaraq deyil, cəmiyyətin xeyrinə
nəticə çıxarılacağını
düşünüb etmişdir.
Xalq artisti Cənnət Səlimovanın
quruluşçu rejissorluğu
ilə “O olmasın, bu olsun” operettası
Azərbaycan Dövlət
Musiqili Teatrının
səhnəsində növbəti
dəfə tamaşaya
qoyulub. Orta və gənc aktyor nəslini bir araya gətirən
tamaşanın dirijoru
Əməkdar incəsənət
xadimi Nazim Hacıəlibəyov, xormeysteri Vaqif
Məstanov, baletmeysterləri
Zakir və Leyla Ağayevlər, rəssamı İsmayıl
Məmmədov, konsertmeysteri
Zülfiyyə Sadıqovadır.
Sevindirici haldır ki, teatr səhnəsində Üzeyir bəyin əsərlərində rol
almağa layiq gənc aktyorlar yetişir. Məsələn, Sərvərin bir
gənc kimi öz sevgisində mübarizliyi, mərdliyi gənc müğənni və ilk dəfə aktyor kimi səhnəyə
çıxan Amil Məmmədovun ifasında
dəqiqliyi ilə tamaşaçıya çatdırılır.
Həmçinin Gülnaz rolunda
çıxış edən
Səidə Şərifəliyeva
və Gültac Əlili də obrazın öhdəsindən
uğurla gəliblər.
Aktyor ifasından danışarkən, Xalq artisti Afaq Bəşirqızının
(Sənəm), əməkdar
artistlər Ələkbər
Əliyevin (Rüstəm
bəy), Əzizağa
Əzizovun (Qoçu Əsgər), Əkbər
Əlizadənin (İntelligent
Həsən), Ağaxan
Şərifovun (Hambal)
və Şövqü
Hüseynovun (Məşədi
İbad) çıxışlarını
qeyd etməmək mümkün deyil. Hər bir səhnə əsərində uğurlu
aktyor seçiminin nəticəsi tamaşaçı
alqışında özünü
büruzə verir.
Tamaşada bəzi əlavə və yaxud dəyişikliyin
olması onun uğuruna xələl gətirmir, lakin Üzeyir bəyin əsərlərində əlavələrə
və dəyişikliklərə
ehtiyac duyulmur. Təbii ki,
rejissorun da, aktyorun da fərdi
yanaşması olmalıdır,
ancaq Üzeyir bəyin irsinə - əsərlərinə daha
həssas və ehtiyatla yanaşmalıyıq.
Bəzən dəyişikliklər
obrazın xarakterinə
təsir edə biləcək qədər
əhəmiyyətli ola bilir. Burada nə rejissorun işi, nə də aktyorların ifası danılır.
Əksinə, rejissorun tələbkarlığı,
aktyorların öz işinə olduqca zəhmət və həvəslə yanaşdıqları
aydın görünür.
Sadəcə olaraq bu kiçik dəyişikliklərin
gələcək nəsillərin
böyük müdaxiləsinə
səbəb olmaması
üçün biz bunu
qeyd etməliyik.
Çünki bizim borcumuz
Üzeyir bəy yaradıcılığını gələcək nəsillərə
olduğu kimi çatdırmaqdır. İnanırıq ki, uğurlu və baxımlı alınan tamaşa daim teatrın səhnəsində oynanılacaq.
Aytən Heydərova,
Üzeyir Hacıbəylinin ev-muzeyinin
baş mühafizi
Mədəniyyət.- 2014.-14 noyabr.- S. 7.