Zülmət səltənətində işıq

 

“Nəriman qiraətxanası”nın 120 illiyinə həsr olunmuş tədbir

 

Zamanında bir çox ilklərə imza ataraq, ilk qrammatika dərsliyimizi hazırlayan, “Nadir şah” əsəri ilə ədəbiyyatımızda tarixi faciə janrının əsasını qoyan Nəriman Nərimanov 1894-cü il aprelin 8-də Bakıda ilk milli qiraətxananı da açmağa nail olub.

 

Bu işdə S.M.Qənizadə, H.Mahmudbəyov, Ə.Cəfərzadə, H.Z.Tağıyev və başqaları ona maddi və mənəvi köməklərini əsirgəməyiblər. Həmin dövrdə yerli mətbuat bu qiraətxananın “zülmət səltənətinə işıq saçmaqla böyük fayda verəcəyindən” yazırdı.

Azərbaycan, rus və Şərq ədəbiyyatının ən gözəl nümunələrini toplamağa nail olan ziyalılar qiraətxana üçün “Əkinçi”, “Ziya”, “Ziyayi-Qafqaziyyə”, “Kəşkül” kimi yerli qəzetlərlə bərabər Rusiya şəhərlərindən, Kəlküttə, İstanbul, Qahirə, Sofiya, Təbriz, Tehran və digər şəhərlərdən xeyriyyə yolu ilə müxtəlif dillərdə nəşrlər alırdılar.

Krımda İsmayıl bəy Qaspralının nəşr etdirdiyi “Tərcüman” qəzeti oxucularına tez-tez bu qiraətxana ilə bağlı məlumatlar verirdi. “Bakı qiraətxanası” adlı redaksiya məqaləsində deyilirdi: “Müsəlmanların Bakıda açdıqları 40 qəzeti olan bir qiraətxana tam diqqətəlayiqdir. Nəinki qədim Buxara, hətta gözəl Tehran, Avropa İstanbulu və mütəfəkkir Qahirə qiraətxanaları bu qədər zəngin qəzetə malik deyildir! Bakılılara, xüsusən təşəbbüskar cənab Nəriman bəyə ehtirameşq olsun!”

“Nəriman qiraətxanası”nın fəaliyyətindən ruhlanan digər ziyalılar Quba, Şuşa, NuxaYelizavetpol şəhərlərində də ictimai kitabxanalar açdılar.

Bütün bu faktlar noyabrın 7-də qiraətxananın 120 illiyi ilə bağlı Nəriman Nərimanovun xatirə muzeyində keçirilən tədbirdəki çıxışlarda səsləndi. Tarix üzrə fəlsəfə doktorları Firdovsiyyə Əhmədova, Rəna Bayramova, BDU-nun kitabşünaslıq fakültəsinin müdiri, dosent Knyaz Aslan, yazıçı-publisist Teyyub Qurban, Səbail MKS-nin şöbə müdiri Cəmilə Səmədova və başqaları öz çıxışlarında “Nəriman qiraətxanası”nın cəmi 4 il fəaliyyət göstərməsinə baxmayaraq, Azərbaycanda milli kitabxanaçılığın inkişafına böyük təkan verdiyini vurğuladılar.

Tədbirdə qiraətxana haqqında slayd, muzeyin fondunda və kitabxanasında saxlanan köhnə nəşrlərdən ibarət sərgi də nümayiş etdirildi.

 

Rəna Qəhrəmanova,

Nəriman Nərimanovun xatirə muzeyinin böyük elmi işçisi

 

Mədəniyyət.- 2014.- 14 noyabr.- S. 6.