50 ilin “Sehrli xalat”ı
Noyabrın 12-də
Nizami Kino Mərkəzində
Cəfər Cabbarlı adına "Azərbaycanfilm"
kinostudiyasının ən uğurlu uşaq filmlərindən olan
"Sehrli xalat"ın ekranlara
çıxmasının 50 illiyi qeyd edildi. Mədəniyyət
və Turizm Nazirliyinin
və Dövlət Film Fondunun
təşkilatçılığı ilə keçirilən
yubiley mərasimindən öncə
yarıməsrlik tarixi olan
“sehr”in qəhrəmanlarının
fikirlərini öyrəndik.
Elə bil dünən idi
Mədəniyyət və Turizm Nazirliyi Kino yaradıcılığı sektorunun müdiri Yusif Şeyxov (filmdə Eldar rolunun ifaçısı):
- 50 il əvvəl "Sehrli xalat"ın premyerası da elə bu məkanda, “Nizami” kinoteatrında keçirilmişdi. Film bizim həyatımızda çox böyük rol oynadı. Kimsə kino sənətində qaldı, aktyor olanımız da oldu. İstərdim ki, bu axşam filmin yaradıcılarını yad edim. Quruluşçu rejissor Əlisəttar Atakişiyev, rəssam Məmməd Hüseynov, ikinci rejissor Əşrəf Mamayevin çox böyük zəhməti oldu bu filmdə. Çox şadam ki, filmin 50 illik yubileyində uşaqlar da iştirak edir. Bu o deməkdir ki, film yaşayır və daima yaşayacaq, seviləcək, neçə-neçə nəsil bu filmlə böyüyəcək.
Filmdə Zərifə rolunu ifa edən Solmaz Hətəmova:
- “Sehrli xalat” haqqında danışanda yenidən uşaqlıq illərimi yaşayıram. O vaxt 13 yaşım var idi. Məni rola məktəbdən seçmişdilər. Hər dəfə filmi seyr edəndə mənə əziz olan xatirələrim yada düşür. Əfsus ki, mən incəsənət sahəsində qala bilmədim. Kinonu, musiqini çox sevirdim. Zərifə mənim ilk və son filmim oldu. Mənə film təklifləri çox gəlirdi. Amma ailəm aktrisa olmağımı istəmədi. Bu gün filmdə bir yerdə çəkildiyim insanları yenidən gördüyümə şad oldum. Dünyalarını dəyişənlərə rəhmət, qalanlara isə cansağlığı arzulayıram.
Əməkdar artist Almaz Mustafayeva:
- Elə bil dünən
olub. Balaca qız idim.
Mənim
kino ilə tanışlığım bu
film vasitəsilə oldu.
Sənət yolum bu filmlə başlandı, həyatımda iz qoydu. Çəkilişlərdən sonra Əlisəttar
Atakişiyevin məni
dublyaja gətirərək
“baxın, bundan sonra bütün uşaq obrazlarını bu qız səsləndirəcək,
təmiz diksiyası var”, deməsini heç vaxt unutmuram.
Xalq artisti, tarzən Zamiq Əliyev:
- Filmə çəkiləndə
ağlıma gəlməzdi
ki, 50 il
sonra yubiley tədbirində iştirak
edəcəyəm. 132 saylı
orta məktəbdə
oxuyurdum və eyni zamanda indiki
Tofiq İsmayılov adına gənclərin
yaradıcılıq mərkəzində
tar dərnəyinə gedirdim.
Məni filmə orada görüb dəvət etmişdilər. Filmdə görkəmli
sənətkarımız Arif
Məlikovun musiqisini ifa edirəm. O zaman biz filmin dəyərini bu qədər başa düşmürdük. “Sehrli xalat” bizim
üçün çox
dəyərli bir yadigardır. Çünki onda uşaqlığımız
və xatirələrimiz
yaşayır.
Azərbaycanın ilk elmi fantastik filmi
Yubiley tədbirini
Bakı şəhəri
Nizami rayonu Uşaq Gənclər Yaradıcılıq Mərkəzinin
balaca istedadları aparırdı. İlk olaraq filmin rejissoru Əlisəttar Atakişiyevə həsr edilən süjet təqdim edildi. Bildirildi ki, Azərbaycan kinosunda bu gün də
adı hörmətlə
yad olunan görkəmli sənətkar
“Azərbaycanfilm” kinostudiyasında
çəkilən 20 filmdə
operator, rəssam, ssenarist
və rejissor kimi çalışıb.
Onun “Bir qalanın sirri”, “Sehrli xalat”, “Qərib cinlər diyarında” kimi filmləri uşaq kinosunun ən dəyərli nümunələridir. Rejissor uşaq
filmlərində elmi fantastik janrın banilərindən biri hesab edilir.
Tədbirdə çıxış edən
Əməkdar incəsənət
xadimi, kinorejissor Ayaz Salayev “Sehrli
xalat”ın xarici dillərə tərcümə
olunduğunu və bir çox ölkələrdə uşaqlar
tərəfindən sevildiyi
bildirdi. Filmin təkrarsız koloritinin yaradılmasında rəssamlar
Məmməd Hüseynovun
və Cəbrayıl Əzimovun xüsusi rolunu qeyd edən
kinoşünas 50 il əvvəl ekran əsərində göstərilənlərin bu
gün reallığa
çevrildiyini vurğuladı.
“Sehrli xalat”ın
bəstəkarı, SSRİ Xalq artisti Arif
Məlikov filmin ərsəyə gəlməsi,
musiqisinin yazılması
ilə bağlı xatirələrini bölüşdü. Filmin yaradıcı heyətindən
Xalq artisti Zamiq Əliyev, Əməkdar artist Almaz Mustafayeva, Əməkdar mədəniyyət işçisi
Yusif Şeyxov, Solmaz Hətəmova və Lamara Siqalova tədbirin təşkilatçılarına minnətdarlıqlarını bildirdilər,
xatirələrini dilə gətirdilər. Xalq artistləri Əliağa Ağayevin, Möhsün Sənaninin, Anatoli Falkoviçin, Ağahüseyn Cavadovun, İsmayıl Osmanlının,
Hüseynağa Sadıqovun,
Lütfü Məmmədbəyovun
və filmin çəkilişlərində iştirak etmiş başqa sənətkarların
xatirəsini dərin ehtiramla yad etdilər.
Çıxışlar böyük ekranda
“Sehrli xalat”dan kadrlarla müşayiət
olunurdu. Nizami
Kino Mərkəzinin foyesində
"Sehrli xalat"ın
50 illiyi ilə bağlı fotosərgi də təşkil olunmuşdu.
Lalə Azəri
Mədəniyyət.- 2014.- 14
noyabr.- S. 5.