Harada türk var, orda saz
var...
II Beynəlxalq Aşıq Festivalının açılışı
keçirildi
Noyabrın 12-də Azərbaycan Dövlət Musiqili Teatrında Heydər Əliyev Fondunun dəstəyi, Mədəniyyət
və Turizm Nazirliyi və Aşıqlar Birliyinin təşkilatçılığı ilə keçirilən II
Beynəlxalq Aşıq
Festivalının təntənəli
açılış mərasimi
oldu.
Tədbiri giriş sözü ilə açan mədəniyyət və
turizm nazirinin birinci müavini Vaqif Əliyev milli mədəniyyətimizin
təbliği baxımından
festivalın əhəmiyyətini
yüksək qiymətləndirdi. Qeyd etdi
ki, ölkəmizdə
artıq ikinci dəfədir keçirilən
beynəlxalq festivala Türkiyə, Qazaxıstan,
Özbəkistan, Türkmənistan,
İran, Gürcüstan
və Dağıstandan
(Rusiya Federasiyası) da aşıqlar qatılıb.
Vaqif Əliyev milli-mənəvi
dəyərlərimizə, xalq yaradıcılığına,
muğama, aşıq
sənətinə dövlət
səviyyəsində hər
zaman böyük qayğı göstərildiyini
diqqətə çatdırdı:
“Aşıq sənəti
xalq ədəbiyyatımızın,
ümumiyyətlə, mədəniyyətimizin
qədim tarixə və zəngin ənənələrə malik
qollarından biridir. Ulu öndərimiz Heydər Əliyevin xalq yaradıcılığına bəslədiyi
həssas münasibətə
sadiq qalaraq aşıq sənətinin
inkişafı, dünyada
tanıdılması üçün
əlimizdən gələni
edirik. Azərbaycanın birinci xanımı
Mehriban Əliyevanın
səyləri nəticəsində
aşıq sənəti
yeni inkişaf mərhələsinə qədəm
qoyub. Məhz bunun nəticəsidir
ki, muğam sənətindən sonra aşıq sənəti də UNESCO-nun qeyri-maddi mədəni irs siyahısına daxil edildi”.
Aşıq sənətinin ədəbiyyatımızın,
musiqimizin, mədəniyyətimizin
inkişafında tutduğu
mövqeyə diqqət
çəkən Vaqif
Əliyev ulu ozan Dədə Qorqudun xeyir-duaları ilə əsrlərdən
bəri yol gələn bu irsin ustad el şairlərinin yetişməsinə,
püxtələşməsinə təkan verdiyini qeyd etdi: “Bu gün də onların qoşma, gəraylı və bayatıları dillər əzbəridir. Aşıq
Qurbaninin, Tufarqanlı
Abbasın, Sarı Aşığın, Xəstə
Qasımın, Molla Cümənin, aşıq
Alının, aşıq
Ələsgərin, Hüseyn
Bozalqanlının, aşıq
Hüseyn Şəmkirlinin,
Mikayıl Azaflının,
aşıq Şəmşirin
adına bağlı şeirlər, dastanlar bu gün gözəl
sənət nümunələridir.
Bu sərvət zaman-zaman Azərbaycanın
yazılı ədəbiyyatına,
çağdaş bəstəkarlığa,
xoreoqrafiyaya güclü
təsir göstərib,
bu gün də təsir göstərməkdədir”.
Qeyd olundu ki, xalq ruhunun
qoşa qanadı olan aşıq sənətinin inkişafı
üçün son illər
xeyli işlər görülüb. Dövlətimiz bu sahəyə
xüsusi diqqət göstərir. Aşıqlarımız, istedadlı ifaçılarımız
fəxri adlara layiq görülür, onların konsertləri təşkil olunur. Azərbaycan Dövlət Mədəniyyət
və İncəsənət
Universitetində aşıq
sənəti şöbəsinin
və kafedranın fəaliyyət göstərməsi,
Bakıda və respublikanın əksər
bölgələrindəki musiqi məktəblərində
aşıq sənətinin
tədris olunması, Gədəbəydə aşıq
məktəbinin yaradılması
xalq incisinə dövlət qayğısının
bariz nümunəsidir.
Aşıqlar Birliyinin sədri,
Xalq şairi Zəlimxan Yaqub bildirdi ki, Prezident
İlham Əliyevin dəstəyi ilə reallığa çevrilən
bu festival aşıq sənətimizin beynəlxalq
aləmdə tanıdılması
və təbliği, mədəniyyətimizin inkişafında
aşıq sənətinin
rolunun artırılması,
Azərbaycan aşıqlarının
və ozan-aşıq
sənətinin yayıldığı
ölkələrin sənətkarlarının
bir araya gətirilməsi üçün
böyük imkanlar yaradır. Yaşı əsrlərlə ölçülən
bu sənət ulu türklərin qədim həyat tərzini ifadə edən müqəddəs
mirasdır: “Özündə
milli ruhumuzu, musiqimizi, qəhrəmanlıq
tariximizi əks etdirən aşıq sənəti biz türklərə
məxsusdur. Harada türk
varsa, orda saz var, harada
saz varsa, orda türk var. Azərbaycan xalqı da bu irsi
müqəddəs sənət
kimi ulu Dədə Qorquddan üzübəri qoruyub, yaşadıb və inanıram ki, bundan sonra da
yaşadıb təbliğ
edəcək. Bu sənəti qoruyub təbliğ etmək hər birimizin şərəf işi və müqəddəs borcudur. Xalqımızın bu ölməz
sənətinin haqlı
olaraq dünyanın mədəniyyət inciləri
sırasında özünə
layiq yer tutması qarşımızda
yeni üfüqlər
açmaqla yanaşı,
məsuliyyət hissimizi
bir az da
artırmış oldu”.
Daha sonra
festival iştirakçısı olan sənətkarlar geniş konsert proqramı ilə çıxış etdilər. Türkiyə,
Qazaxıstan, Özbəkistan,
Türkmənistan, İran,
Gürcüstan (Borçalı),
Dağıstan, habelə
Qazax, Tovuz, Naxçıvan, Göyçə,
Şirvan, Kəlbəcər,
Laçın aşıqlarının
çıxışları maraqla qarşılandı.
Qeyd edək
ki, Heydər Əliyev Fondunun dəstəyi, Mədəniyyət
və Turizm Nazirliyinin və Aşıqlar Birliyinin təşkilatçılığı ilə ölkəmizdə
ilk Beynəlxalq Aşıq
Festivalı 2010-cu ilin
oktyabrında keçirilib.
Noyabrın 17-dək davam edəcək budəfəki festival çərçivəsində
aşıqların Yevlax,
Gədəbəy, Şəmkir,
Qazax, Tovuz və Ucar rayonlarında
çıxışları olacaq.
Fariz Hüseynov
Mədəniyyət.- 2014.- 14
noyabr.- S. 3.