Zəkanın və barmaqların sığalı ilə ərsəyə gələn sənət

 

“Saxsı qablar bir-birinə toxunduqda şüşə səsi verməlidir”

 

Hər bir xalqın tarixi yaratdığı sənətkarlıq nümunələrində də öz təsdiqini tapır. Qədim dövrlərdən bəri bir-birini əvəz edən ictimai-iqtisadi formasiyalarda xalq sənətkarlığı da böyük inkişaf yolu keçib. Sadə əl əməyi olan əşyalar sonralar həmin dövrlərdən xəbər verən maddi-mədəniyyət nümunələrinə çevrilib. Sumqayıt Dövlət Universitetinin müəllimi, tarix üzrə fəlsəfə doktoru Bəhram Məmmədli ilə söhbətimiz dulusçuluq sənəti barədədir.

 

- Bəhram müəllim, istərdik, əvvəlcə ölkəmizdə dulusçuluq sənətinin tarixi barədə məlumat verəsiniz.

- Ən qədim sənətkarlıq növlərindən sayılan dulusçuluğun yaranması Azərbaycanda e.ə. II minilliyə təsadüf edir. Orta əsrlərdən başlayaraq bu sənət yeni inkişaf mərhələsinə qədəm qoyub. Bu dövr monqolların Azərbaycana yürüşünədək davam edib. Bu sahədə dəyişiklik baş verib, ayaqla hərəkət etdirilən dulus çarxı yaradılıb. Bu da istehsalda kəmiyyətlə bərabər, həm də keyfiyyətə də təsirini göstərib. O zaman dulusçuluq məhsullarına tələbat böyük olub. Orta əsr Ağsu şəhərinin qalıqlarının üzə çıxardığı şirli və əlvan naxışlarla bəzədilən saxsı qablar bunu bir daha təsdiqləyir. Dulusçuluq istehsalının Bakıda da mövcud olması maddi sübutlarla öz təsdiqini tapıb. Şəhərin ətrafındakı müxtəlif növ gil yataqları burada saxsı qabların istehsalı üçün şərait yaradıb. Qala ərazisində aparılan qazıntılar zamanı XVII-XVIII əsrlərə aid xeyli miqdarda şirli qablar - kasa, boşqab, badyas. dulusçuluq nümunələri aşkar edilib. Ümumilikdə mis və dəmir məişətə daxil olana qədər gil qablara ehtiyac bu xalq sənətinin inkişafına zəmin yaradıb. Xanlıqlar dövründə dulusçuluq istehsalının aparıcı sahəsi kimi daha çox məişət keramikası öndə olub.

- Həmin dövrə aid dulusçuluq məmulatlarının təsnifatı necə aparılıb?

- Xanlıqlar dövrünə aid materiallarda, yazılı mənbələrdə Azərbaycanın Şamaxı, Şəki, Ərdəbil, Təbriz, Naxçıvan, Gəncə, Ordubad kimi şəhərlərində saxsı məmulatının istehsalı barədə qeydlər var. Araşdırmalardan aydın olur ki, Şəki xanlığında bu sənət geniş yayılıb. Təkcə Şəki şəhərində saxsı səhəng istehsal edən 29 usta olub. XIX əsrdə Naxçıvan və Ordubad şəhərlərinin hər birində 12 dulusçu çalışıb. Xanlığın Təzəkənd adlı yaşayış məntəqəsində Naxçıvan hakimi Ehsan xana məxsus saxsı səhəng istehsal edən emalatxana fəaliyyət göstərib.

Etnoqrafik tədqiqatlardan o da məlumdur ki, dulusçuluq məmulatları bir neçə qrupa bölünüblər. Onlardan su, ərzaq, süd məhsulları qabları və s. göstərmək olar. Məişətdə istifadə olunan su qabları müxtəlif forma və ölçüdə düzəldilib. Onlardan səhəng, cürdək, bardaq, parç, kuzə və s. misal göstərmək olar. Dulusçuların söylədiyinə görə, bu sənətin ustaları 50-60 adda və müxtəlif çeşidli gil qab-qacaq düzəldiblər.

- Qarabağda bu sənətin təşəkkülü və inkişafı necə olub?

- Mənbələrdə göstərilir ki, e. ə. III minilliyin sonlarında Kür-Araz mədəniyyəti tayfaları iqtisadi cəhətdən xeyli inkişaf edir. Tunc dövründə Qarabağda artıq müstəqil dulusçuluq, metalişləmə, toxuculuq, sümükişləmə, daşişləmə kimi sənət növləri yaranır. Azərbaycanın Tunc dövrü mədəniyyətlərinin inkişaf dinamikası Qarabağda çoxtəbəqəli Qaraköpəktəpə, Naxçıvanda I və II Kültəpə və s. qədim yaşayış yerlərində ardıcıl şəkildə izlənmişdir. Bu mədəniyyət mərkəzlərində qədim nəsillərin həyat tərzi fasiləsiz olaraq davam etmişdi.

Aparılan arxeoloji araşdırmalara əsasən, Qarabağda dulusçuluq məmulatlarının geniş istehsalı IX-XIII əsrlərə təsadüf edir. İstehsal edilən saxsı qablar hazırlanma texnikasına və bəzək elementlərinə görə çoxçeşidli olub. Monqol işğalları Qarabağda, ümumiyyətlə, Azərbaycanda sənətkarlığın digər sahələri kimi, dulusçuluğun inkişafına da ağır zərbə vurub, saxsı qabların istehsalında geriləmə özünü daha çox göstərib. Ancaq bu problem sonrakı yüzilliklərdə aradan qalxıb. XV-XVII əsrlərdə dekorativ kərpic və kaşı istehsalında artım yaranıb. Əldə olunan materiallardan bəlli olur ki, bu dövrdə Qarabağda saxsı məmulatı istehsalı üç istiqamətdə inkişaf edib: şirsiz, şirli qablartikinti materialları. Şirsiz saxsı məmulatlarına küplər, qazanlar, səhənglər, bardaqlar, süd qabları, dolçalar, çıraqlar, qəlyanlar və s. aiddir. Bu qabların bədii tərtibatı zamanı xətti və nöqtəvarı naxışlardan, həndəsi ornamentlərdən geniş istifadə edilib.

- Daha hansı bölgələrimizdə bu sənət sahəsinin inkişafını təsdiqləyən maddi mədəniyyət nümunələri aşkar edilib?

- Dulusçuluq sənəti respublikamızın İsmayıllı rayonunda da geniş yayılıb. Dəmirçiliyin məişətə gəlməsinə qədər burada da dulusçuluğun inkişaf etdiyini təsdiqləyən maddi sübutlar aşkar edilib. Buna İsmayıllı rayonu ərazisində aşkar edilən küp qəbirləri, yaşayış məskənlərinin qalıqları və müxtəlif dulusçuluq nümunələrini göstərmək olar. Qafqaz Albaniyası dövrünə aid Sumacı, Pirəbülqasım və Hətəmli kəndləri ərazisində aşkar edilən saxsı borularsu qabları maddi əsaslardır və hazırda İsmayıllı Rayon Tarix-Diyarşünaslıq Muzeyinin ekspozisiyasında nümayiş olunur.

- Dulusçuluq sənəti nümunələrinin keyfiyyət göstəriciləri necə izah olunur?

- Dulusçu ustalar bildirirlər ki, keyfiyyətli saxsı qabların uzunömürlülüyü onların hazırlanma texnologiyasından asılıdır. Əslində keyfiyyətli saxsı qabın üstünə ağır bir şey qoyanda o, sınmamalıdır. Saxsılar bir-birinə toxunduqda şüşə səsi verməlidir. Həm də qızılı rəngə çalmalıdır.

Ümumiyyətlə, xalqın keçmişini özündə yaşadan sənət nümunələri zaman ötdükcə əhəmiyyətini daha çox büruzə verir. Dulusçuluq sənəti nümunələrimiz bu günqorunur və istifadəyə yararlığını özündə yaşadır. Zəkanın və barmaqların sığalı ilə ərsəyə gələn sənət əsərləri ölkəmizin və dünyanın məşhur muzeylərini bəzəməkdədir.

 

Savalan Fərəcov

 

Mədəniyyət.- 2014.- 19 noyabr.- S. 15.