Kinoya bağlı ömür

 

Noyabrın 18-də Cəfər Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasında geyim rəssamı Zəkiyyə Mahmudovanın 65 illik yubileyi qeyd olunub.

Yubilyarı təbrik edən kinostudiyanın direktoru Müşfiq Hətəmov ona cansağlığı arzulayıb, sənət yolundan söz açıb. Bildirilib ki, Zəkiyyə Mahmudova 40-a yaxın cizgi filminin rəssam assistenti, bir neçə bədii filmin geyim rəssamıdır. Direktor ümidvar olduğunu bildirib ki, rəssam bundan sonra da yeni ekran əsərlərinin ərsəyə gəlməsində öz bacarıq və təcrübəsini gənc nəslə çatdıracaq.

1970-ci ildə Əzim Əzimzadə adına Rəssamlıq Texnikumunu bitirdikdən sonra taleyini kino sənətinə bağlayan Zəkiyyə Mahmudova “Azərbaycanfilm” kinostudiyasının cizgi filmləri şöbəsində fəaliyyətə başlayıb. O, “Bulud niyə ağlayır”, “Kirpi balası və alma”, “Meşəyə insan gəlir”, “Şah və xidmətçi”, “Daş”, “Balaca çoban”, “Qaya” və s. cizgi filmlərinin, “Qərib cinlər diyarında”, “Hökm”, “Qorxma, mən səninləyəm” və s. bədii filmlərin yaranmasında əlbəsə ustası, rəssam assistenti, geyim rəssamı kimi iştirak edib.

 

Lalə Azəri

 

Mədəniyyət.- 2014.- 19noyabr.- S. 13.