İşartı
Vaqif Bəhmənli
Hər kəs özü-özünə verdiyi sualların və o suallara tapdığı cavabların sayı qədər zəngindir. Əslində insan bir yerdə götürülən sual-cavab deməkdir.
Şairdən ilahi duyğular tələb edin. Vaxt gələcək, onun duyğuları, sizin duymaq həvəsiniz tükənəcək. Nə qədər ki, həzz bulağının yerində dibi çat-çat, qupquru çala qalmayıb, könül yanğınızı söndürün!
Əgər hər hansı bir əsərdən təsirlənərək yaratdığın yeni əsər kəşf deyilsə, onda o, ya heç nədi, ya plagiat.
Sabir şeirindən ahəngdar ideyanı çıxsaq, yerdə nə qalar? Zəmanədən və taledən yarımayan söyüşcül bir müxbir və yaxud ortabab qəzəlxan!
Şöhrətli adamın uğursuzluğu da uğurları kimi kütləvidir.
Mikayıl Abdullayev naturalist rəssamdır. Lakin onun əsərlərində həyatdan və fotodan fərqli bir dinamika var. Bəzən bu böyük rəssamın obrazlarının hərəkəti insanın keçmişinin xoşbəxt və kədərli anlarını az qala olduğu kimi göz önünə gətirir. Əsas məsələ burasındadır ki, onun ifadə etdiyi dinamika əbədidir, dünyanın sonuna qədər təkrarlanacaq, daha doğrusu sonsuz şəkillərdə zühur edəcək. Dünənin, indinin və gələcəyin mənasını anlatmaq üçün rəng qutusunda ürək, fırçasında göz, kətan müstəvisində tərəzi bulan sənətkar Allahın bir parçasıdır.
Mən uzaq yeniyetməlik və ilk gənclik illərində şair idim... İxtiyarımda ağzından mürəkkəb şoralanan qələmim, dama-dama, paralel və çarpaz xətli varaqları irəlidəki mübhəm tale barədə yalnız nikbinlik, uğur vəd edən ucuz dəftərlərim vardı... hər şey rahat başa gəlirdi...
İndi dalğın bir rəssamam; qaralan qanım rəngdi, didilmiş sinəm kətandı, yoluq başım isə tükü tökülmüş fırçadı.
Və yazmaq it zülmüdü... Kaş indiki ağlım onda olaydı. Kaş elə şair olaraq qalaydım; yeniyetmə, gənc, yelbeyin!
Mənim əclaflıq imkanım hər kimdə olsaydı və həmin kəs o əclaflığın qarşısını mənim tərzimdə - yəni ürək yumşaqlığı və ağıl sərtliyi ilə almasaydı, bəlkə də dünyanın padşahı olardı. Fəqət iblis çuxasında, şeytan taxtında...
Qüdrətli şairlər üçün sərbəst vəznli şeir yazmaq taxıl biçini zamanı günəşin və işin istisindən təntiyəndə tarla kənarındakı tənha palıd kölgəsinə çəkilib təri soyutmağa bənzər. Bərəkətli zəminin bağrından torağaylar kimi qəfil pərvazlanan xalis şeirlərin yuvası, palıd ağacının qalın kölgəsində deyil, göründüyü kimi oradadır, tarlada. Hələ onu demirəm ki, yaxınlıqdakı zəminin varlığından bixəbər yüzlərlə fırıldaqçı nə vaxtdan bəri həmən o qalın kölgəli palıd ağacının altını rahatxanaya çevirib!
Nə tərif, nə tənqid - həqiqətləri yalnız təhlil üzə çıxara bilər.
Övladım, atandan və yaxud anandan eşitdiyin ən acı kəlmələri, hətta təhqirləri belə dərhal bağışla. Çünki o sözləri sənə atan, anan yox, bədənin deyir...
İqtidara kim gəlsə sənin adamın olacaq; çalış ayaq altında qalma...
Bütün digər yaradıcılıq sahələrində olduğu kimi şairliyin də əsasında fövqəltəbii enerji dayanır. Bu, birinci şərtdir və izahına ehtiyac yoxdur. İkinci şərt bilikdir. Cahillər üçün şairlik bir yelbeyinin qismətinə düşən gözəl kimidir və o gözəlin pis yola düşməyi istisna deyil. Yaxşı şair olmağın üçüncü şərti məharətdir. Bütün şərtlərin birlikdə mövcud olduğu müstəvi, dördüncü şərt – zəhmətdir. Bu dörd şərti birləşdirməyə fürsət tapan şairin qüdrəti önündə qəzavü-qədər də acizdir.
Qoy şairliyi Tanrı hifz etsin...
Yaşamaq – hərarəti normada saxlamaqdı...
O şeiri sevirəm ki, oxuyub başa çıxandan sonra demirsən dərindi, müdrikdi, moderndi, sadəcə, deyirsən: gözəldi!
Görəsən, nə üçün insan daim okeanların o üzünə can ataraq möhtəşəm arzu və həqiqətlərin məhz orada – okeanların o üzündə olduğunu düşünür? Halbuki, okeanların o üzündəkilər də, eyni qaydada bizi okeanların o üzündəkilər hesab edirlər!
Bağıma bağ kimi baxmıram... Bağıma mövzu kimi baxıram. Bağımı görməyən nə söylədiyimi necə anlaya bilər?
Bütün hallarda doğulmaq təsadüf, bütün hallarda ölüm zərurətdir. Görəsən, bunun əksi olsaydı, canlı aləmdə nə baş verərdi?
İki can bir can ola bilməz. Çünki hər can tək cücərir və tək də çürüyür.
Şairlərin çəkisini ölçmək qeyri-mümkündür. Çünki onların ağırlığı tərəzi ilə deyil, fəza ilə ölçülür.
Yelbeyin qələmdən çıxan ən qısa cümlə boşboğazlıq, qüdrətli qələmdən çıxan ən uzun roman yığcamlıq nümunəsidir.
Qırışıb qocalmış əllərim gənc və qaynar ruhumun ulu babasıdır sanki...
Savaşlardan, kin və küdurətdən doymadı insan; üstəlik Günəşlə Ayın arasına nifaq toxumu səpdi, onları biri-birinin üzünə həsrət qoydu.
Baxmayaraq ki, yoxdu, ölüb, anamı həddən ziyadə sevirəm, hərdən mənə elə gəlir ki, Peyğəmbəri o doğub...
İran, Azərbaycan, Türkiyə, Türkmənistan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan –
mən bu məmləkətləri yeddi dövlətdən, yeddi millətdən irəli yeddi qardaş bilirəm.
Paradoks... bizim vaxtımızın əxlaqsızlığı indinin həyat tərzidir.
Dünya tarixində qara qulların gözəl-göyçək xanım dizlərinə baş qoyub şirin-şirin uyumağından mənfur epizod yoxdur, heç ola da bilməz.
Saz yeganə musiqi alətidir ki, onun tellərində səs gül kimi yumulur, gül kimi açılır.
Yaxşı ki, bizim gəncliyimizdə indiki “teledemokratiya” yox idi, yoxsa bu gününün şair və nasirləri o vaxtın şoumenləri olardı.
Mən ata deyiləm, insanam. Ona görə də ailəmdə hər kəsin özünü idarəetməsini öz ixtiyarına buraxmışam. Yeganə təsir imkanım səbirdir. Polad üzlü qılıncdan daha kəsərli, Tanrının özü qüdrətdə səbir!
Qız yükü – duz yükü...
Qız yükü –
dünyanın ən ağır
həm də
ən ucuz yükü!
İnsan tərbiyə olunmur, ya onu öldürməli, ya da səbir etməlisən. Allah ikinci yolu buyurub.
Vəhşi heyvanların yaşamaq məntiqi riyakar inteligentlərin var olmaq meyarlarından min qat humanistdir.
Dünya bu imiş – zalım, amansız, düşük... Mən başqa cür bilirdim.
Ağlı başında olan adam dərdlərdən baş alıb qaçmaq üçün miniləsi at axtarır, mən isə hirsindən özü-özünü qapan itəm...
Atanın oğula, oğulun ataya möhtac olduğu cəmiyyətin dirəkləri qızıldan olsa belə, lənətə layiqdir.
Sənə diləyə gələnin son ümidini üzülməyə qoymayacaqsa, vəd ver. O anda verdiyin vəd verə biləcəyin sərvətdən də üstündür.
İnsan körpəlikdə ata-ananı, evlənəndən sonra oğul-uşağı, ölənə yaxın Allahı uydurur. Əslində o, bu dünyaya İsa Məsih kimi tək gəlib, tək də gedir.
Sənə, at ol desəm,
cilov gəmirərsən,
İt ol desəm, zəncir...
Adam ol, desəm sənə
dilimi yandırarsan
istiot-istiot,
canımı dalayarsan
-
əncir-əncir...
Ən müdrik
valideyn - Aydı, bütün yaxşı və pis əməllərimizi
görsə də, üstünü vurmur.
Özünəqədərki klassik şeirin ifadə imkanları baxımından
ötən yüzilliyin
1930-1980-ci illər poeziyası
(50 il!) gülünc
və sadəlövhdür,
(bəlkə də bəsit!), öz dövrünə görə
ifrat ənənəvi
və bir qədər peşəkar
yenilikçi, çağdaş
dəyərləndirmə açısından
ortababdır. Nazim Hikmətin şeir dünyası isə dibindən süd arxları axan cənnət ağacı kimidir; müqəddəs,
sabitqədəm, heç
vaxt solmayan!
And olsun dünəndən
gələn xatirələrin
hənirtisinə, and olsun
müəmmalı sabahların
sirli köynəyinə
ki, üz döndərib yaddan çıxardığınız doğmalara görə axirətdə cavab verməli olacaqsınız...
Ölüm olumdan əvvəl
olsaydı, yenə də yer üzü
boş qalmazdı, dünyanı xortdanlar basardı...
Yaşamaq ən ideal halda
belə baş qatmaqdı...
Alın
yazısının ən
yaxşısı şöhrət
deyil, davamı olandır...
Ölüm mücərrəddir, bizi qorxudan ağrıdır.
Yatmaq təbiətdə
ən gözəl rahatlıqdır, yenidən
oyanmaq şərti ilə.
Hamı haqqı qıraqda axtarır, halbuki, o hər kəsin öz içindədir.
Canlı
təbiətin yalnız
bir müəmması
var – sabah!
Açarın yoxdursa, bağlı qapılar önündə
gəbərəcəksən.
Kitab öləndə
mən də öləcəyəm.
Dəfnimə bir kimsə gəlməsin; kitablardan başqa.
Gecələr küləklər əsəndə
elə bilirəm qürbətdəyəm – sanki
yırğalanan ağaclar
hansısa anlamadığım
əcnəbi dildə
danışır...
Güclü adam vaxta uyğun olaraq həyatını yenidən başlayan adamdır.
Biri atdı, biri eşşək, mən həm də itəm!
Qismətdəkinə nail olmaq namus məsələsidir.
Ölməmək olmaz, tükənməmək
mümkündür.
Xəbəriniz oldumu, siz məni oxumaya-oxumaya geri getdiniz, mən sizi oxuya-oxuya
irəli getdim!
Əgər soruşsaydılar, xilas üçün daldalanmağa
iki yer var
– biri məbəd, o biri kitabxana, hansını seçirsən? Heç düşünmədən
kitabxananı seçərdim.
Ona görə yox ki, dinsizəm,
ona görə ki, mən kitabam!
İnsanı başqa canlılardan ayıran tək bir fərq varsa,
o da dildir. Çox
da ki, adam kimi danışmır, amma kim deyə bilər
ki, çanağı
qırışlı beyinə
bənzəyən tısbağanın
ağlı yoxdur?!
Yatmaq iki cür olur
– qarşıdan gələn
sabaha qədər... və bir də
əbədi!
Yaşamaq yatmamaqdır!
O vaxta qədər yatacaqsan ki, daha yatmayacaqsan.
Ən demokratik
ölkə heç bir guşəsində tıxac olmayan ölkədir.
Allah, düşüncələrimə nar çiçəklərinin
göyçəkliyini ver!
Yazıçı üçün ədəbi
prosesi bilmək yaradıcı ruhdakı prosesi ifadə etmək üçün lazımdır.
Əziz adamların biri-birindən
qopmağının səbəbi
odur ki, insanın isti canı get-gedə soyuyur.
Ata haqqında təsəvvürlər
fərqlidi; məsələn,
mən doqquz yaşında itirdiyim atamın müqəddəs
yoxluğundan hələ
də güc alıram. Bununla belə, əlli
səkkiz yaşımda
hər gün oğlumu düz yola təhrik edir və onun
qəlbini incidirəm.
Belə olmasın deyə, gərək vaxtında öləydim. Gecdi. Heç
olmasa Allah mənə
insaf versin – atamın eşqinə...
Salamatlıqla ötən hər
gün yola saldığın əziz
dost kimidi, açılan
hər yeni sabah qapını qəfil döyən, heç tanımadığın
nabələd yolötən!...
Kimsə qazandığı pulları
yığıb dəstələməyi
xoşlayır, mən
yazıb doldurduğum
vərəqləri.
Mənə görə hər hansı şəkildə
ölüm yazmamaqdan daha şərəflidi.
Bu məhlə çox gözəldi –
O üzdən ki, özəldi...
Sənə edilən ən
böyük pislikləri
dərhal unut, sənə
edilən ən xırda yaxşılıqlara
min qat qiymət ver; ədalətli olmağın ilk şərti
budur.
Yatmaq qərarı
insanın, oyanmaq ixtiyarı Allahın əlindədir.
Qısa
və yaxud uzun ömür boyu insan ən
azı bir dəfə anasını
qəzəbləndiribsə, demək dünyada təmiz adam yoxdu.
Həyat elə hey insanı sınağa çəkir,
elə bil ayrı işi-peşəsi
yoxdu.
Pislərə pislik eləməyi bacarmıram, pislərə
yazığım gəlir.
İnsan zatən dəyişmir, sadəcə qocalır. Xasiyyət isə
süd və qan məsələsidir.
Qorxunun mənbəyində
(kökündə) təcrübəsizlik
dayanır.
Səbəbi anlaşılmayan təsadüfi
ölümlər olur. Belə hallarda
mənə elə gəlir ki, ölüm Allah əmri deyil, sadəcə Əzrail səlahiyyətlərini
aşıb, özü
bildiyini eləyir.
Bu özbaşınalığa yol vermək olmaz!
Hətta
mənim qədər iddiasız, dürüst, könlütox, təpədən-dırnağa
sülh tərəfdarı
olan bir bədbəxti də gözü götürməyənlər
var... Belələrini nəinki mən,
heç Allah da başa düşmür.
Həqiqəti demək məqamı
gələrsə lalın
da susmağa ixtiyarı yoxdur...
Heç kəs heç kəsdən asılı olmaq istəmir, amma bununla belə
hamı kimdənsə
asılıdır.
Tamahkar adam sözü
də yeyər.
Kişilər bostan suyu üstündə bir-birinin
üstünə yaba çəkir, xanımlar qeybət qırır, uşaqlar darvazama top çırpır, itlər
hürür, toyuqlar həyətdə eşələnir,
mənsə qalın kölgəli tut ağacının
kölgəsinə çəkilib
şeir yazıram.
Keçilməz dərin meşə
qadına, nəhayətsiz
yanar səhra kişiyə bənzər,
heç birini sona qədər dərk etmək mümkün deyil...
Mədəniyyət.- 2014.- 19
noyabr.- S. 10.