Bakıda mövsüm turizm yarmarkası keçirildi

 

“Belə tədbirlər yerli turizm bazarının inkişafına təkan verir

 

Noyabrın 15-də Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi və Azərbaycan Turizm Assosiasiyasının təşkilatçılığı ilə “Park bulvar” ticarət və əyləncə mərkəzində I Mövsüm Turizm Bazarı keçirildi.

 

Daxili turizmin dəstəklənməsi və təbliği, ölkədaxili səyahətlər, həmçinin Yeni il turpaketlərinin əlverişli şərtlərlə şəhər sakinlərinə və qonaqlarına təqdim olunması məqsədi daşıyan yarmarkada 15 turizm şirkəti və 10 mehmanxana təmsil olunurdu.

Açılışda çıxış edən Azərbaycan Turizm Assosiasiyasının (AZTA) icraçı direktoru Aytən Əliyeva tədbirin əhəmiyyətini diqqətə çatdırdı. Bildirdi ki, bu cür yarmarkalar yerli turizm bazarının inkişafına təkan verir. Burada müştərilərin istəyinə uyğun istirahət məkanlarını seçməsində onlara yaxından kömək edilir, turistlər üçün sərfəli təkliflər irəli sürülür: “Biz istərdik ki, ölkə əhalisi turizm şirkətlərinin hazırladıqları çoxsaylı təklifləri bir məkanda rahatlıqla əldə edə bilsinlər. Turizm şirkətlərinin builki qış mövsümündə gözəl istirahət etmək üçün maraqlı təklifləri var. Ümid edirik ki, ilk dəfə keçirilən yarmarka gələcək üçün yaxşı bir nümunə olacaq”.

Aytən Əliyeva onu da vurğuladı ki, turizm bazarının ildə üç dəfə, Yeni il, Novruz bayramı və yay turizm mövsümü ərəfəsində təşkil olunması nəzərdə tutulur.

Yarmarkada ölkəmizdə fəaliyyət göstərən turizm şirkətləri tərəfindən qış istirahəti üçün müxtəlif məkanlara turları təklif olunurdu. Turpaketlərdə hər istəyə və imkana uyğun istirahət imkanı tapmaq olar. Təkliflərdə həm yerli, həm də xarici ölkələrdə müxtəlif istirahət məkanları yer alıb. Qeyd olundu ki, səyahət həvəskarları qış mövsümündə ölkə daxilində əsasən Quba, Qusar, Qəbələ rayonlarında, xarici ölkələrdən isə Gürcüstan və Türkiyədə dincəlməyə üstünlük verirlər. Hərçənd turizm şirkətləri ölkənin bütün istiqamətlərinə turlar həyata keçirirlər. Dekabr ayının 15-dən isə “Şahdağ” və “Tufandağ” qış-yay turizm istirahət komplekslərinə turlar təşkil olunacaq.

Yeni il öncəsi isə Avropanın müxtəlif şəhərlərinə, qonşu Türkiyə və Gürcüstana turlar üstünlük təşkil edir. Turistlərə təklif edilən Avropa şəhərləri arasında İstanbul, Roma, ParisMadrid kimi heyrətamiz məkanlar var. Əlavə olaraq hər hansı şəxs başqa bir ölkədə, fərqli bir məkanda istirahət etmək istəyirsə, onun da arzusuna uyğun olaraq seçdiyi ünvanda istirahət təşkil olunur.

Yeni ilə az müddət qaldığından artıq bir neçə ölkəyə konkret turpaketlər də hazırlanıb. Bayram öncəsi hotellərdə yerlər əvvəlcədən bron edilir. Müştərilərin sıxlığı və mövsümi səfərlərlə əlaqədar olaraq həm aviabiletlərdə, həm də hotellərdə qiymətlərin qalxması müşahidə olunur.

       Gün ərzində turizm yarmarkasında iştirak edən hər bir şirkət öz xidmətləri barədə maraqlananlara ətraflı məlumatlar verdilər. Yarmarkada müxtəlif müsabiqələr təşkil edildi və qaliblərə hədiyyələr təqdim olundu.

 

F.Hüseynov

 

Mədəniyyət.- 2014.- 19 noyabr.- S. 6.