“Mənim
hüquqlarım məni qoruyur”
Noyabrın 17-də F.Köçərli adına Respublika Uşaq Kitabxanasında BMT-nin Uşaq Hüquqları Konvensiyasının qəbul edilməsinin 25-ci ildönümü və ölkəmizdə keçirilən uşaq hüquqları aylığı çərçivəsində “Mənim hüquqlarım məni qoruyur” adlı tədbir təşkil edilib. Tədbirdə paytaxtın Xətai rayonundakı 26 nömrəli orta məktəbin müəllim və şagirdləri iştirak edib.
Əvvəlcə kitabxananın kütləvi işlər üzrə şöbə müdiri Leyla İbrahimova 1989-cu il noyabrın 20-də BMT Baş Assambleyası tərəfindən qəbul edilən Uşaq Hüquqları Konvensiyası haqqında məlumat verib. Bildirilib ki, Azərbaycan da 1992-ci ildən bu beynəlxalq sənədə qoşulub. Konvensiyanın əsas məqsədi uşaqların xoşbəxt böyümələrini, onların öz hüquq və azadlıqlarından istifadələrini təmin etmək, uşaqlar arasında ayrı-seçkiliyə yol verməməkdir.
Sonra kitabxananın psixoloqu Aynur Şahvələdova
tərəfindən uşaqlara onların
hüquqlarından bəhs edən oyun təşkil
olunub. İştirakçılar uşaq hüquqlarından bəhs edən sorğulara cavab veriblər,
bu mövzuda videoslayd göstərilib. Sonda
məktəblilərə kitabxananın nəşri olan “Göy
qurşağı” jurnalı hədiyyə edilib.
Mədəniyyət.- 2014.- 19
noyabr.- S. 6.