Mədəniyyət işçilərinin peşəkarlığının artırılmasında beynəlxalq təcrübə

 

Mədəniyyət və Turizm Nazirliyi mədəniyyət müəssisələri işçilərinin peşəkarlığının, göstərilən mədəni xidmətlərin effektivliyinin artırılması, habelə qabaqcıl beynəlxalq təcrübənin mənimsənilməsi istiqamətində silsilə tədbirlər təşkil edir. Belarus Dövlət İncəsənət və Mədəniyyət Universitetinin professoru Yelena Makarovanın iştirakı ilə təşkil olunan "Mədəniyyət müəssisələri əməkdaşlarının peşəkarlıq meyarları: müasir tələblər və formalaşmış ənənələr" adlı beynəlxalq elmi seminar da bu qəbildəndir.

Noyabrın 18-də qonaq Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində mədəniyyət müəssisələrinin əməkdaşları və ali məktəbin müəllim-professor heyəti qarşısında mühazirə ilə çıxış edib. Maraqla qarşılanan mühazirədən sonra geniş fikir mübadiləsi aparılıb.

Nazirliyin Elm və təhsil şöbəsinin Elmi-metodiki sektorunun müdiri Asif Usubəliyev ölkəmizdə həyata keçirilən mədəniyyət siyasətinin prioritet vəzifələrindən bəhs edib, əməkdaşların peşə səriştəsinin artırılması və qarşıda duran strateji vəzifələrin reallaşması üçün yerlixarici elmi qurumlar ilə əlaqələr barədə danışıb.

Noyabrın 19-da belaruslu qonağın iştirakı ilə daha bir seminar-mühazirə Azərbaycan Turizm İnstitutunda təşkil olunacaq.

 

Mədəniyyət.- 2014.- 19 noyabr.- S. 3.