Rasim Ocaqov -
saysız-hesabsız “dubl”lar
edə-edə təkrarsızlaşmış kino-nəhəng…
Onun könül verdiyi bu sahənin çox maraqlı, sir-sehrli
olduğunu hamı bilir,
çox çətin, gərgin, bəzən
“psix” ştrixli psixoloji, “infarktoloji” olduğunu isə yalnız “işin
içindəkilər”. Necə ki,
“Tütək səsi” filmindəki atanın oğul
yolunu hansı istək-arzularla gözlədiyi,
necə ağrı-acılar yaşadığı hamıya məlum,
bütün bunları çəkib məlumlandırmağa
nail olmuş rejissorun nələr çəkdiyi isə...
Bəli, söhbət, ömrü boyu minlərlə kadr, yüzlərlə pavilyon-məkan, onlarla film yaratmış, habelə yalnız qəlb “statistika”sına alınıb, ürək “bloknot”una salınan saysız təbii və süni əngəllər, təbii əzablar yaşamış, dövrün siyasi “mərkəz” və “yerli” etiketli nazlarını çəkmiş sənətkardan - az-para görüb-tanıdığım, haqqında xeyli oxuduğum, kifayət qədər eşitdiyim Rasim Ocaqovdan gedir.
Amma bütün bunlara (xüsusən, “Tütək səsi” filmində yaratdığı dünya-aləm ələmlərə) baxmayaraq, Rasim həm də çox nəşəli, ətrafına ovqatsaçan, həyat eşqli, hər rastlaşımda təzə, sözüməzə insan idi...
O bu sahəyə -
əsasən göz sənəti olan kinoya - söz sənətinə vurğunluqdan gəlmişdi. Bu isə onun fərdi fitrətilə bərabər, günü bu gün də folklorçuluğundan qalmayan, təbii-xəlqi “deyib-gülmə”, həyati “məzə-məzhəkə” səhnəciklərini xüsusi bir şövqlə davam etdirən Şəki diyarında doğulması ilə də bağlı idi.
Nəzərə alaq ki, artıq xeyli dərəcədə praktikləşmiş, dünyəvi əda-modallıqlar kəsb etməkdə olan Azərbaycan kinosu bunun cücərtilərini məhz Rasim Ocaqov kimilərinin əlli-altmış il bundan əvvəlki səpkilərindən götürüb. “Birmənalı başa düşülə bilər” ehtimalı ilə adlarını çəkmədiyim bir çox filmlərimizin mənaca naftalin qoxuyan mövzuları, basmaqəlib adları, trafaret titroqrafik elementləri belələrinin stilizasiyaları sayəsində “gözləri yağır, qulaqları bağır” etməkdən uzaqlaşıb. Gənc operator Rasimin tək elə obyektivdən baxışı yox, ümumən sənətə baxışı da yeni olduğundan, onunla ilgili vizual fonlarla bərabər, məna-mətləb donları da yeniləşir, tamaşaçının gördüklərilə eşitdikləri arasında bir proporsionallıq yaranırdı.
Öz dövrünün belə bir kinematoqrafik qənaəti də vardı ki, Rasim Ocaqovun filmoqrafiyası Azərbaycan kino industriyasında ayrıca bir parlaq səhifədir. Əlavə edək ki, - səviyyə, məna tutumu, zənginlik və rəngarənglik baxımından dolu səhifə! İlk hərfindən son nöqtəsinədək maraqla oxunan, doyulmadan baxılan, sətirdən-sətrə artımlanan səhifə.
Kino sənəti üçün xarakterik olan üç əsas elementin hər birindən ustalıqla istifadə edən R.Ocaqov bütün filmlərində görüntü, söz və səs “trio”sunu ecazkar dirijor kimi ifa etdirib; tək elə ansambl kimi yox, hər birini solo kimi də aksentləşdirib. Onun “Abşeron ritmləri”ndə sözügedən elementlərdən hansının “komandir”, hansının “əsgər” olduğunu çözmək nəinki sıravi tamaşaçılıq, heç həssas “şünas”lıqçün də asan məsələ deyil. Biri-birilə vəhdət təşkil edən musiqi notları ilə çəkiliş planlarının harmoniyası belə bir qənaət hasil etdirir ki, bu tammetrajlı filmdə hər şey - zövqlə seçilmiş musiqi parçaları, ustalıqla ovlanmış kadrlar bu istedadlı “dərzi”nin yüz ölç, bir biç “atelye”sindən keçib.
O dövrlərin mətbuatında belə bir fakt da tez-tez vurğulanırdı ki, əsrin ikinci yarısından başlayaraq Azərbaycan kinosunda adi tamaşaçıların belə sezdiyi canlanma baş verir. Və... kinoya kinonun məhz belə bir dirçəliş dövründə qədəm qoymuş Rasim Ocaqov həmin həssas dövrün “növbəti”, “kütləvi səhnələr” kimi rəy-replikalarından həm yan, həm də önə keçib.
Bu öncüllüyün bünövrəsi hələ onun operatorluğunda qoyulmuşdu. 1957-ci ildə istehsalata buraxılmış “Bir məhəlləli iki oğlan” tamaşaçılar arasında necə, hansı dərəcədə maraq oyatmışdısa, iyirmi dörd yaşlı bu operator da kinoçular içərisində o marağı qazanmışdı. Kinokameranın texniki dili ilə bərabər, bəziləri üçün ömürlərinin sonuna qədər gizli qalan sehr-sirrini də mükəmməl öyrənmiş gənc Rasim bu debütdən sonra Əjdər İbrahimov kimi kino-nəhənglərin diqqətini cəlb edir, biri-birinin ardınca təkliflər alır. İlk sərbəst işi olan “Onun böyük ürəyi” filmində isə bu çağadək “fizioloji planların yaradıcısı” adıyla tanınmış R.Ocaqov, artıq diqqətlərdə psixoloji anların ustası kimi də “qeyd”ə alınır. Bu vaxtlaradək “tamaşaçı filmə operatorun gözü ilə baxır” deyimini tez-tez ürəyində heyranlıqla təkrar edən Rasim, artıq, öz beynində maraqlı deyimlər toxuyur ki, onlardan biri də bu: “Əgər operator çəkərkən gözünü qırpmayıbsa, tamaşaçı da baxarkən qırpmayacaq...”
Bu sözləri dillə deyən R.Ocaqov “Bizim küçə”, “Mən rəqs edəcəyəm”, “Skripkanın sərgüzəşti”, “Sən niyə susursan?”da əməllə sübut etdi və nəhayət, 1975-ci ildə - qırx iki yaşında kino işində komandan görəvinə - quruluşçu rejissorluğa layiq bilindi. Özü də yarımçıq qalmış bir filmlə: “Gəncəbasarlı qisasçı” (“Qatır Məmməd”). Amma həmin yarımçığa, demək olar, bütöv baxdı; ssenariyə ciddi əl gəzdirdi, qəhrəmanların ifaçılarında dəyişikliklər etdi, Qatır Məmməd obrazına isə Şahmar Ələkbərovu məsləhət bildi. Mətbuat onun bu ilk rejissor məhsulunu professional iş kimi dəyərləndirdi, sonrakı 30 illik ünlü fəaliyyətinə yaşıl işıq yandı, “Rasim Ocaqov” titri kinomuzun arzulanan, səbirsizliklə gözlənən imzalarından birinə çevrildi. Görkəmli ədib İsa Hüseynovun yaradıcılığına yeni bir baxış - Rasim Ocaqov təfsiri yarandı. Kinomuz “Tütək səsi” şedevri, filmin özü isə Məmmədrza Şeyxzamanov, Yusif Vəliyev kimi ustad aktyorların təfsirlərində İsfəndiyar, Qılınc Qurban kimi Azərbaycan kişisi obrazları qazandı.
Rasim Ocaqovun xəyalımdakı “Azərbaycan kino təsərrüfatı sərgisi”nin yuxarılarında dayanan filmlərinin aşağıda sadəcə adlarını sadalamaq istərdim: “Ad günü”, “Özgə ömür”, “Tütək səsi”, “Park”, “Həm ziyarət, həm ticarət”, “Ölsəm, bağışla”, “İstintaq”, “Təhminə”, “Otel otağı”...
...Bu an, onun çəkdiyi filmlərdən birinin adı (“Ölsəm, bağışla”) mənə bir fikir titri diktə etdi:
Ha yazsan da qurtarmayan...
Elə buna görə də onun gözü ilə baxdıqlarımız, ssenari-sözü ilə eşitdiklərimiz, quruluşları ilə bəhrələndiklərimiz haqda bu qədər. Onu böyük sənətə gətirən, təltifləyən, nahaqq və haqq dünyalara gətirib-aparan qəza-qədərlər barədə isə daha az: 1933-cü il noyabrın 22-də Şəkidə anadan olub, 2006-cı ildə Bakıda vəfat edib. Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunun kinooperatorluq, Azərbaycan Dövlət İncəsənət İnstitutunun rejissorluq fakültələrini bitirib. Dövlət mükafatı laureatı, Xalq artisti, saysız-hesabsız tamaşaçı sevimlisidir...
Tahir Abbaslı
Mədəniyyət.- 2014.- 21
noyabr.- S. 13.