Şahdağturizm kompleksində təlim kursları davam edir

 

Kompleksdə qış mövsümünə dekabrın 15-dən start veriləcək

 

Xəbər verdiyimiz kimi, Azərbaycanın və Türkiyənin Mədəniyyət və Turizm nazirliklərinin əməkdaşlığı çərçivəsində noyabrın 17-dən «Şahdağ» qış-yay turizm kompleksində xidmət sahəsi üzrə təlim-tədris kursları keçirilir.

 

Kurslar 5 sahə - mehmanxana idarəçiliyi, qeyd-qəbul, xadiməçilik, masa xidməti və yeməklərin hazırlanması-mətbəxdə qida gigiyenası ixtisasları üzrə aparılır. Dərsləri Türkiyədən dəvət olunmuş 5 nəfər müəllim tədris edir.

Mədəniyyət və Turizm Nazirliyi Regionlarda turizmin inkişafı sektorunun böyük məsləhətçisi Cəfər Qarayevin verdiyi məlumata görə, bu, 2014-cü ildə iki ölkə nazirliklərinin təşkil etdiyi üçüncü belə tədbirdir. May ayında Azərbaycanın şimal-qərb regionunda yerləşən mehmanxana əməkdaşları üçün İsmayıllıda, iyunda şimal bölgəsi üzrə Xaçmazda kurslar keçirilib. “Şahdağ»dakı kurslar noyabrın 24-də yekunlaşacaq. 8 günlük kursların 4 günü nəzəriyyə, 4 günü isə praktiki məşğələlərə ayrılıb: “Bu istiqamətdə treninqlər gələcəkdə də davam edəcək. Çünki regionlarda fəaliyyət göstərən mehmanxanaona bərabər tutulan yerləşdirmə obyektlərində xidmət səviyyəsinin yüksəldilməsi ölkəmizdə turizmin inkişafına çox böyük təsir edir”.

Söhbət əsnasında Cəfər Qarayev «Şahdağ» kompleksində qış mövsümünə dekabrın 15-dən start veriləcəyini də diqqətə çatdırdı. Onun sözlərinə görə, bu il kompleksdə turistlər üçün bir sıra yeniliklər də nəzərdə tutulub: «Bu yaxınlarda kompleksdə sayca beşinci - «Park Chalet» hotelinin açılması planlaşdırılır. Kompleksdə 14 xizək yamacı var. Bu il 2150 metr hündürlüyə yeni bir xizək yolu açılıb, yolun ümumi uzunluğu 1300 metrdir. Kompleks fəaliyyətə başladığı dövrdə xizək yolunda sürüşən təcrübəli insanlar yerli əhali qrupundan cəmi 2-3 faiz təşkil edirdi. Ötən il qış mövsümünün sonunda bu rəqəm artıq 20 faizə yüksəlmişdi».

Qeyd edək ki, ötən qış turizm mövsümündə «Şahdağ»a gələn turistlərin sayı 100 mindən çox olub.

 

Fəxriyyə Abdullayeva

 

Mədəniyyət.- 2014.- 21 noyabr.- S. 9.