Tarixi dostluğun
incəsənət telləri
Xəbər verdiyimiz kimi,
Gürcüstanın mədəniyyət və abidələrin
mühafizəsi naziri Mixeil
Giorqadzenin başçılıq etdiyi nümayəndə heyəti noyabrın
18-19-da Bakıda səfərdə olub. Səfər
zamanı qonaq heyət rəsmi görüş və danışıqlarla
yanaşı, iki əlamətdar mədəniyyət
tədbirində də iştirak edib.
Milli İncəsənət Muzeyində Gürcüstan rəngləri
Noyabrın 18-də Azərbaycan Milli İncəsənət Muzeyində “Gürcüstandan sevgi ilə” adlı sərgi açılıb. Azərbaycanın Mədəniyyət və Turizm Nazirliyi, Gürcüstanın Mədəniyyət və Abidələrin Mühafizəsi Nazirliyi, Azərbaycan Respublikası Dövlət Neft Şirkəti, Gürcüstan Rəssamlarının Beynəlxalq Yaradıcılıq Birliyi və Tbilisidəki M.F.Axundov adına Azərbaycan Mədəniyyəti Muzeyinin birgə təşəbbüsü ilə təşkil olunan sərgidə klassik və müasir gürcü rəssamlarının - 62 rəngkar və qrafika ustasının 130-a yaxın əsəri nümayiş olunur. İlk dəfədir ki, Azərbaycan Milli İncəsənət Muzeyində bu qədər sayda əcnəbi rəssamın əl işləri sərgilənir.
Açılışda çıxış edən mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Azərbaycanla-Gürcüstan arasında mədəni mübadilənin möhkəmlənməsinə xidmət edən sərginin əhəmiyyətini vurğulayıb, bu sənət hadisələrinin iki ölkə rəssamlarını yeni axtarışlara sövq etdiyini deyib: “Gürcü rəngkarlıq məktəbi təkcə Azərbaycanda deyil, bütün dünyada tanıdılmağa layiqdir. Biz Gürcüstanla bir çox beynəlxalq layihələrdə birgə çıxış edirik. İnanıram ki, bu addımlar gələcək əlaqələrin daha da möhkəmliyinə bir qarantdır”.
Öz növbəsində Gürcüstanın mədəniyyət və abidələrin mühafizəsi naziri Mixeil Giorqadze ümidvar olduğunu bildirib ki, təqdim edilən sənət əsərləri Azərbaycan sənətsevərlərində Gürcüstan incəsənəti haqqında təsəvvür yaradacaq, gürcü xalqının mədəniyyəti və adətləri ilə yaxından tanışlığa körpü olacaq. “Məqsədimiz mədəni mübadilələri intensivləşdirməkdir. İki ölkə arasında təkcə rəssamlıq sahəsində deyil, mədəniyyətin bütün növlərində mübadiləni inkişaf etdirməliyik”, - deyə o vurğulayıb.
Gürcüstan Milli Muzeyində Azərbaycan xalçaları
Noyabrın 19-da Azərbaycan Xalça Muzeyində “Azərbaycan xalçaları Gürcüstan Milli Muzeyində” adlı kataloqun təqdimat mərasimi keçirildi. Kataloq Mədəniyyət və Turizm Nazirliyi və Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) Gürcüstandakı nümayəndəliyinin dəstəyi ilə çap olunub.
Mərasimdə çıxış edən mədəniyyət və turizm nazirinin müavini Sevda Məmmədəliyeva dövlət səviyyəsində milli-mənəvi dəyərlərimizə göstərilən diqqət və qayğıdan söz açdı. Bildirdi ki, Azərbaycan xalçaları təkcə xalqımız üçün deyil, həm də bəşəriyyətin nadir inciləri kimi yüksək dəyərə malik mədəni irsimizdir: “Xalçaçılıq xalqımızın qədim məşğuliyyət sahələrindən biridir. Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın təşəbbüsü ilə 2010-cu ilin noyabında xalçalarımız UNESCO-nun bəşəriyyətin qeyri-maddi mədəni irs siyahısına daxil edilməsi ölkəmizin böyük uğurudur. Böyük tarixi inkişaf yolu keçən Azərbaycan xalçaları bu gün də tədqiq olunur, öyrənilir. Xalılarımızın sorağı dünyanın ən məşhur saraylarından, muzeylərindən gəlir”.
Daha sonra Sevda Məmmədəliyeva Gürcüstandakı Azərbaycan Mədəniyyəti Muzeyinin direktoru Leyla Əliyevaya Mədəniyyət və Turizm Nazirliyinin fəxri fərmanını təqdim etdi.
Tədbirdə çıxış edən Gürcüstanın mədəniyyət və abidələrin mühafizəsi naziri Mixeil Giorqadze Azərbaycan xalçalarının dünya miqyasında özünəməxsus yerə və şöhrətə sahib olduğunu vurğuladı. Bildirdi ki, iki ölkənin mədəniyyəti və tarixi əlaqələri əsrlər boyu dostluq, qardaşlıq zəminində inkişaf edib, zənginləşib: “Bu gün münasibətlərimiz bütün sahələrdə yüksələn xətlə inkişaf edir. Mədəni əlaqələrimiz də böyük tarixə malikdir. Bu gün Azərbaycan xalçaları, bir çox dünya muzeylərində olduğu kimi, Gürcüstan muzeylərinin də ən dəyərli eksponatları olaraq qorunub saxlanılır. Gürcüstanda Azərbaycan mədəniyyətinə və incəsənətinə böyük maraq var: “Azərbaycan xalçaları Gürcüstan Milli Muzeyində” kataloqunun çapdan çıxması hər iki ölkənin mədəni həyatında mühüm hadisədir”.
Gürcüstan Milli Muzeyinin baş kuratoru Eldar Nadiradze, Tbilisidəki M.F.Axundov adına Azərbaycan Mədəniyyəti Muzeyinin direktoru Leyla Əliyeva, Azərbaycan Xalça Muzeyinin direktoru Röya Tağıyeva çıxış edərək iki qonşu və dost ölkənin mədəni əlaqələrindən, Qafqazda, xüsusən də Azərbaycanda xalçaçılıq sənətinin inkişafından danışdılar. Bildirildi ki, təqdim edilən kataloqda böyük ənənələrlə zəngin olan Azərbaycan xalça sənətindən geniş bəhs olunur. Gürcüstan Milli Muzeyində qorunan xalçaların indiyə kimi bu cür formatla və yüksək poliqrafik səviyyədə kataloqu nəşr olunmayıb.
Nəşr Gürcüstan Milli Muzeyinin baş kuratoru Eldar Nadiradze, Nodar Axalkatsi və Azərbaycan Mədəniyyəti Muzeyinin direktoru Leyla Əliyevanın birgə əməyi ilə ərsəyə gəlib. Elmi redaktoru Azərbaycan Xalça Muzeyinin direktoru Röya Tağıyevadır.
Qeyd edək ki, “Azərbaycan xalçaları Gürcüstan Milli Muzeyində” kataloqu Tiflisdə gürcü, Azərbaycan, ingilis və rus dillərində 1000 nüsxə tirajla nəşr edilib. Nəşrdə Gürcüstan Milli Muzeyində və ölkənin müxtəlif muzeylərində qorunan Azərbaycan xalçaları hazırlanma yerinə və bədii-texniki xüsusiyyətlərinə görə 4 əsas qrupa və 9 alt qrupa ayrılaraq şərh olunur, Quba-Şirvan, Gəncə-Qazax, Qarabağ və Təbriz xalça qrupları haqqında ətraflı məlumatlar verilir.
1865-ci ildə Gürcüstanda Qafqaz muzeyi təsis olunub. Muzeydə Qafqaz xalqlarının maddi mədəniyyəti sahəsində etnoqrafik materialların, o cümlədən xalça məmulatlarının toplanmasına başlanılıb. 1872-ci ildə Moskvada I Pyotrun anadan olmasının 200 illiyinə həsr edilən böyük sərgidə Azərbaycan xalçaları da nümayiş olunub. Xalçalarımız 1873-cü ildə beynəlxalq Vyana sərgisində də yüksək qiymətləndirilib. O vaxtdan bəri Azərbaycan xalça nümunələri, dünyanın bir çox muzeyləri kimi, Gürcüstan muzeylərinin də dəyərli eksponatları sırasındadır.
Fariz Hüseynov
Mədəniyyət.- 2014.- 21
noyabr.- S. 8.