Aşıq festivalı böyük mədəniyyət hadisəsidir
Festival iştirakçılarının təəssüratları
Xəbər verdiyimiz kimi, noyabrın
12-dən 17-dək ölkəmizdə II Beynəlxalq
Aşıq Festivalı keçirildi. Heydər Əliyev Fondunun dəstəyi,
Mədəniyyət və Turizm Nazirliyinin və Azərbaycan Aşıqlar Birliyinin təşkilatçılığı
ilə reallaşan festivalda
Azərbaycan, İran, Türkiyə, Rusiya (Dağıstan), Gürcüstan
(Borçalı), Türkmənistan, Özbəkistan və
Qazaxıstanı təmsil edən aşıq qrupları
Bakı, Yevlax, Gədəbəy, Tovuz, Qazax, Şəmkir və
Ucarda konsert
proqramları ilə çıxış etdilər.
Festival işini yekunlaşdırdıqdan sonra təşkilatçı qurumların təmsilçiləri və iştirakçılar təəssüratlarını qəzetimizlə bölüşdülər.
Belə tədbirlər aşıqlarımıza stimul verir
Mədəniyyət və Turizm Nazirliyi Mədəniyyət siyasəti şöbəsinin müdiri Fikrət Babayev:
- Artıq ikinci dəfə keçirilən Beynəlxalq Aşıq Festivalı Azərbaycan mədəniyyətində bir hadisədir. 8 ölkənin aşıqlarının bir araya gəlməsi, eyni səhnəni bölüşməsi gözəl ənənəyə çevrilməkdədir. Birinci festival 2010-cu ildə təşkil olunmuşdu. Düşünürəm ki, gələcəkdə festival 4 ildən bir yox, daha az intervalla keçirilməlidir. Bu tədbirlər beynəlxalq əhəmiyyəti ilə yanaşı, Azərbaycan aşıqlarına, aşıq sənətinin inkişafına stimul yaradır. Gələcəkdə festivalın konsert proqramlarını digər bölgəlimizdə də təşkil etmək niyyətindəyik. Eyni zamanda hesab edirəm ki, iştirakçıların coğrafiyası da genişlənməlidir. Rusiya Federasiyasının Başqırdıstan, Tatarıstan respublikalarında çox gözəl aşıqlar var. Onların da bu tədbirə dəvət edilməsinə ehtiyac var. Bundan başqa, istərdim ki, İraq türkmənlərinin də aşıqlarını bu festivala dəvət edək.
Aşıq sənətinin beynəlxalq aləmdə tanıdılması, UNESCO-nun qeyri-maddi mədəni irs siyahısına salınması bu sənətin inkişafına bir təkan oldu. Bölgələrimizdə, Bakıda gənclərdən ibarət yeni kollektivlər yaradıldı. Azərbaycan dövləti, Heydər Əliyev Fondu, Mədəniyyət və Turizm Nazirliyi, Aşıqlar Birliyi və digər aidiyyəti qurumlar bu sənətin inkişafı üçün çox işlər görürlər və nəticəsi də göz önündədir.
Aşıq sənəti milli ruhun daşıyıcısıdır
Filologiya elmləri doktoru, professor, Aşıqlar Birliyi idarə heyətinin üzvü Qəzənfər Paşayev:
- Aşıq festivalı böyük mədəni və ictimai hadisədir. Ozan-aşıq sənətinin yaşadılmasında və bütün dünyaya çatdırılmasında bu festivalın mühüm rolu var. Ən önəmlisi də odur ki, tədbir türk xalqlarının aşıqlarını birləşdirir. Müxtəlif ölkələrin aşıqları Azərbaycan havalarını da oxuyurlar. Bu da mədəniyyətimizin tanıdılması baxımından festivalın bir uğurudur. Aşığın ifasında xalqın həyatından gələn məqamlar əks olunur. Bu baxımdan aşıq sənəti qeyri-adi və qədim dövrlərdən xalqın həyatında yaşayan və bu gün də inkişaf edən bir sənətdir. Aşıq qədər milli musiqini, dili yayan, milli ruhu saxlayan ikinci bir sənət sahibi yoxdur. Ona görə də bu sənət xalq arasında çox sevilir.
Bu gün aşıq sənətinə elmi yanaşma var
Aşıqlar Birliyinin katibi
Musa Nəbioğlu:
- Beynəlxalq aşıq festivalları son illər dövlətimizin bu sənətə göstərdiyi
diqqətin, qayğının
məntiqi davamıdır.
50-60 il əvvəl
ilə müqayisədə
bu gün aşıq sənətinə
bir elmi yanaşma var. Bu sənət
tədris olunur. Azərbaycan Dövlət Mədəniyyət
və İncəsənət
Universitetində aşıq
sənəti şöbəsi,
Bakıdakı musiqi məktəblərinin əksəriyyətində
saz sinfi var. Bütün bunlar yeniyetmə və gənclərimizdə aşıq
sənətinə marağın
artdığını göstərir.
Saz bizim tariximiz, bu günümüz və sabahımızdır.
Aşıq festivalını bu baxımdan çox yüksək qiymətləndirirəm.
«Mədəniyyət» kanalının
direktor müavini Nadir
Axundov:
- Bu festivalda bir çox türkdilli ölkələrin nümayəndələri
təmsil olunur. Onların hamısı aşıq musiqisinin gözəlliyinə
toplaşıb. Bizim milli
musiqimiz öz başlanğıcını sazdan
alıb, ondan sonra isə muğamlarımız gəlir.
Əhsən belə xalqa
ki, bu musiqini
yaradıb və yaşadır. Mən bütün
konsertlərdə zaldakı
tamaşaçıların üzündə bir sevinc, məmnunluq müşahidə etdim.
Bu, ulu ozan
sənətinin qələbəsidir.
Tədbirə dəstək verən
Heydər Əliyev Fonduna, Mədəniyyət
və Turizm Nazirliyinə, Aşıqlar
Birliyinə təşəkkür
edirəm.
Aşıq Yanvar Bədəlov:
- Ölkəmizdə ikinci dəfədir keçirilən
beynəlxalq aşıq
festivalı bir daha sübut etdi ki, saz,
ozan bütün türk xalqlarına məxsusdur. Tədbirə təşrif buyuran
aşıqlar mənə
yaxınlaşıb deyirlər
ki, sizi tanıyırıq, ifanızı
bəyənirik. Hesab edirəm
ki, bu da
festivalın nəticəsidir
ki, məni o ölkələrdə tanıdıb.
Festival çox yüksək səviyyədə
keçdi. Hər zaman
da belə olacaq. Nə qədər ki,
Azərbaycan dövləti,
onun rəhbəri aşıq sənətinin
arxasındadır, ona
diqqət və qayğı göstərir,
gələcək festivallar
bundan da yüksək səviyyədə
keçəcək.
Əməkdar mədəniyyət işçisi
Ağamurad Şirvanlı:
- Saz bizə Dədə
Qorquddan qalıb. Bu günə qədər
onu qoruyub bizə çatdıran dədə-babalarımız kimi,
biz də qoruyub gələcək nəsillərə
ötürməliyik. Aşıq sənətinin tanıdılması,
gənclərdə bu
sənətə qarşı
sevginin yaradılması
üçün belə
festivalların keçirilməsi
çox önəmlidir.
Bizə bu fürsəti yaratdığına görə
təşkilatçılara minnətdaram.
Türk
dünyası aşıqlarının
görüş yeri
Aşıq Turqut Yılmaz
(Türkiyə):
- Hər şeydən əvvəl saz sevdalılarını bir araya gətirən təşkilatçılara təşəkkür
edirəm. Azərbaycanla Türkiyə qardaşdır.
Qardaş bir ölkəyə
gəlməkdən də
çox böyük məmnunluq hissi keçirirəm. Bu festivalda Türkiyənin 4
bölgəsindən - İzmir,
Qars, Ankara və İstanbuldan gələn aşıqlar çıxış
edirlər. Əslində mənim köküm də Azərbaycandandır.
Burada təmsil olunmaqla bir növ dədə-baba
yurduma da baş çəkmiş oldum. Hər yerdə sonsuz
sevgi, sayğı, hörmət gördük.
Bu bizi çox
qürurlandırdı. Hesab edirəm ki, ozan-aşıq sənətinin
dünyaya tanıdılması,
təbliği istiqamətində
bu festival həyata keçirilən ən gözəl layihədir.
Aşıq Abdulnazar Payanov
(Özbəkistan):
- Bu
festival türk dünyası
aşıqlarının bir
növ görüş
yerinə çevrilib.
Bu tədbirin bir dəyəri də ondadır ki, aşıqlar bir-biri ilə təcrübələrini bölüşür,
bu sənət haqqında məlumat alırlar. Aşıq sənəti eyni
kökdən gəlir,
dilimiz, mədəniyyətimiz,
musiqimiz eynidir. Azərbaycanın müxtəlif
bölgələrinə səfər
etdik, aşıq sənətinin bu yerlərdəki mənzərəsi
ilə tanış
olduq. Düşünürəm ki, belə bir festival təkcə Azərbaycanda deyil, digər türkdilli ölkələrdə də
keçirilməlidir. Bu
isə bütün türkdilli ölkələri
bir-birinə daha yaxından tanıtmış
olar.
Sabit Siktibayev (Qazaxıstan):
- Bu festivalla əlaqədar Azərbaycana ilk dəfə
səfər etdim və ölkənizdəki
bu gözəlliklərlə
tanış oldum. Mənim üçün bu tədbirin ən qiymətli tərəfi budur. Digər tərəfdən
isə yeni-yeni aşıqlarla tanış
oldum, onların ifalarını dinlədim.
Getdiyimiz hər bir şəhərin özünəməxsus qonaqpərvərliyi
var. İnsanlarınız o qədər mehriban və istiqanlıdır ki, adam
özünü evindəki
kimi hiss edir. İstərdim Azərbaycana yenidən
gəlim.
Aşıq Almagül Nəzərova
(Türkmənistan):
- Bu
festival aşıq sənətinə
verilən dəyərin
göstəricisidir. Etiraf edim
ki, Türkmənistanda
bu sənət sizdəki kimi qayğı ilə əhatə olunmayıb.
Bütün bölgələrdə biz insanların aşıqlara
necə hörmətlə
yanaşmasının şahidi
olduq. Səfər
müddətində xalqınızla,
mədəniyyətinizlə, musiqinizlə yaxından tanış oldum, mətbəxinizi çox sevdim. İnsanların mehribanlığı, gülərüzlüyü, qonaqpərvərliyi
adamı valeh edir. Bu festival mənim kimi Azərbaycana ilk dəfə
səfər edənlər
üçün bir tapıntıdır.
“Azərbaycan mənim ikinci vətənimdir”
Dağıstandan (Rusiya Federasiyası)
gəlmiş aşıq
qrupunun rəhbəri Rasim İbrahimov:
- İkinci dəfədir
bu festivalda iştirak edirəm. Müşahidələrim əsasında deyə bilərəm ki, Azərbaycanda aşıq sənətinə sevgi, diqqət və hörmət daha da artıb. Mən Dağıstanın Axtınsk
rayonunun icra başçısıyam. Amma məmurluq işi aşıq sənəti ilə məşğul olmağıma mane olmur, çünki bu sənəti çox sevirəm. Harada aşıq sənətinə
hörmət və ehtiram varsa, mən oraya sevə-sevə gedirəm.
Azərbaycan mənim ikinci
vətənimdir. Öz vətənimdə
çox sevdiyim sənətə göstərilən
bu diqqət məni çox sevindirir.
“Xalqımın qonaqpərvərliyindən
qürur duyuram”
İran
Aşıqlar Birliyinin
rəhbəri Səlcuq
Şahbazi:
- Hazırda aşıq məclislərinin sayı
azalıb. Bu sənəti
qorumaq üçün
dövlət səviyyəsində
belə tədbirlərin
keçirilməsinə çox
böyük ehtiyac
var. Artıq ikinci dəfədir bu festivalda iştirak edirəm. Birinci festivalla ikincinin
arasında müşahidə
etdiyim ən böyük fərq türkdilli xalqların aşıq sənəti təmsilçilərinin bir-biri
haqqında daha çox məlumatlı olmasıdır. Digər tərəfdən,
Bakıda və bölgələrdə o qədər
gözəl qarşılanırıq
ki, mən xalqımın qonaqpərvərliyindən
qürur duyuram.
Fəxriyyə Abdullayeva
Mədəniyyət.- 2014.- 21
noyabr.- S. 6.