Bölgələrdə
mədəniyyət və turizmin
inkişafında vətəndaş təəssübkeşliyi
Mədəniyyət və turizm nazirinin Astarada keçirdiyi görüşdə mədəniyyət ocaqlarının
fəaliyyəti, tarixi-mədəni irsin qorunması ilə bağlı təklif və müraciətlər səslənib
Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyevin
tapşırığına əsasən, mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri
hər ay bölgələrdə vətəndaşların
qəbulunu keçirirlər. Mədəniyyət və turizm naziri Əbülfəs
Qarayev noyabrın 19-da Astara
şəhərindəki Heydər Əliyev Mərkəzində
Lənkəran şəhər, Astara, Cəlilabad,
Masallı, Lerik və Yardımlı
rayonlarının sakinləri ilə görüşüb.
Mədəniyyət və Turizm Nazirliyinin mct@mct.gov.az elektron poçt ünvanı, e-services.mct.gov.az elektron xidmətlər saytı, telefon məlumat sistemi (qaynar xətt: 147) vasitəsilə, eləcə də müvafiq şəhər-rayon mədəniyyət və turizm şöbələrinə müraciət etməklə qəbula 40-dan çox vətəndaş yazılmışdı.
Nazirliyin məsul işçilərinin iştirak etdikləri görüşdə vətəndaşlar müxtəlif xahiş və təkliflərlə çıxış ediblər. Müraciətlərin bir çoxu yerlərdə mədəniyyət müəssisələrinin maddi-texniki bazasının yaxşılaşdırılması, ixtisaslı kadrlarla təminat, tarixi-mədəni irsin qorunması, bölgələrdə xalq yaradıcılığının təbliği və s. məsələlərlə bağlı olub.
Astara rayonunun Kakalos kəndində XIX əsrə aid su dəyirmanının bərpası, Cəlilabad rayonunda arxeoloji qazıntılar zamanı tapılmış eksponatların təyinatının müəyyənləşdirilməsi, Lənkəran tarix-diyarşünaslıq muzeyinin eksponatlarının bərpasına kömək göstərilməsi barədə xahişlər edilib.
Respublika ərazisindəki tarixi abidələr barədə məlumat kitabının hazırlanması və kitabxanalara paylanması, bölgədə arxeoloji qazıntıların aparılması, rayonlarda folklor bayramlarının, Bakı şəhərində ayrı-ayrı bölgələrin mədəni irsi ilə bağlı günlərin keçirilməsi, adları “Qızıl kitab”a düşmüş gənc istedadların bölgələrdə konsertlərinin təşkilinə dair təşəbbüslər irəli sürülüb.
Vətəndaşlar həmçinin yerlərdəki uşaq incəsənət və musiqi məktəblərində yeni şöbələrin açılması, ümumtəhsil məktəblərində mədəniyyət olimpiadalarının keçirilməsi, “Fəxri kitabxanaçı” adının təsis olunması, mədəniyyət sahəsində ixtisaslı kadrların təcrübə mübadiləsi üçün rayonlara ezam olunması, kitabxanaların komplektləşdirilməsi məqsədilə vahid təchizat bazasının yaradılması, gözdən əlil olan insanlar üçün rayonların mərkəzi kitabxanalarına xüsusi kompyuterlərin verilməsi və digər məsələlərlə bağlı nazirə müraciət ediblər.
Qəbula gəlmiş vətəndaşları dinləyən Əbülfəs Qarayev bütün məsələlərin nəzərdən keçiriləcəyini, onların həlli üçün müvafiq tədbirlərin görüləcəyini bildirib. Nazir media mənsublarına müsahibəsində qeyd edib ki, ölkə Prezidentinin göstərişinə əsasən yerlərdə vətəndaşlarla keçirilən mütəmadi görüşlər mövcud problemlərin öyrənilməsi və həlli ilə bağlı zəruri tədbirlərin görülməsi məqsədi daşıyır. Nazir bəzi vətəndaşların sosial məsələlərlə bağlı xahişlərinin olduğunu, bu müraciətlərin də diqqətdə saxlanılacağını bildirib.
Qəbul başa
çatdıqdan sonra Heydər Əliyev Mərkəzində
nazir Əbülfəs Qarayevin,
nazirliyin məsul işçilərinin, cənub
bölgəsinin mədəniyyət və turizm
müəssisləri rəhbərlərinin iştirakı ilə
müşavirə keçirilib.
Mədəniyyət.- 2014.- 21
noyabr.- S. 5.