II Bakı Beynəlxalq İdman Filmləri Festivalı yekunlaşdı
Mədəniyyət və Turizm Nazirliyi, Gənclər və İdman Nazirliyi və Milli Olimpiya Komitəsinin birgə təşkilatçılığı ilə keçirilən II
Bakı Beynəlxalq İdman Filmləri Festivalı yekunlaşdı.
Noyabrın 20-də Nizami Kino Mərkəzində festivalın
bağlanış və
qaliblərin mükafatlandırılma
mərasimi keçirildi.
Mərasimdə çıxış edən mədəniyyət
və turizm naziri Əbülfəs Qarayev artıq ikinci dəfə paytaxtımızın ev sahibliyi etdiyi festivalın əhəmiyyətindən danışdı.
Bildirdi ki, 2015-ci ildə ölkəmizdə keçiriləcək
mötəbər idman
yarışları - I Avropa
Oyunları ərəfəsində
təşkil olunan
festival xüsusilə böyük
önəm kəsb edir. Bu cür
festivalların təşkil
olunması ölkəmizdə
idmanın və mədəniyyətin qarşılıqlı
şəkildə inkişafına
yardım edir.
Gənclər və idman naziri
Azad Rəhimov çıxış
edərək müstəqillik
dövründə ölkəmizdə
idman sahəsində xeyli uğurlar qazanıldığını vurğuladı. Qeyd etdi
ki, festival idmanın müxtəlif növlərinə
həsr olunan filmləri təbliğ etmək, ən yaxşı filmlərin müəlliflərini həvəsləndirmək
məqsədilə reallaşdırılıb.
İdman
kinosu və televiziyası sahəsində
ad qazanmış yerli
və xarici mütəxəssislərin Bakı
festivalında iştirakı
onun əhəmiyyətini
daha da artırır.
Sonra qaliblərin
mükafatlandırma mərasimi
oldu. Mükafatları mədəniyyət
və turizm naziri Əbülfəs Qarayev, gənclər və idman naziri
Azad Rəhimov, İdman,
Kino və Televiziya Filmləri Beynəlxalq Federasiyasının (FİCTS) sədri
Askani Franko, festivalın münsiflər
heyətinin sədri Endre Florian və
Olimpiya çempionu Namiq Abdullayev təqdim etdilər.
Qeyd edək ki, festival 5 kateqoriyada - “Bədii film”,
“İdman və şəxsiyyət”, “İdman
və dünya”, “TV filmləri və proqramları”, “Milli film” nominasiyaları üzrə
keçirilib.
"İdman və şəxsiyyət" nominasiyasında
I yerə "London səhnəsi"
filmi ilə rejissor Qabor Peter Nemet (Macarıstan), II yerə "Səssiz idman" filmi ilə Tolqa Erkan (Türkiyə), III yerə isə "Tanımadığımız saley"
filmi ilə Nataliya Jdanoviç, Sergey Rıbakov (Belarus) və
"Qalonun günü"
filmi ilə Kris Azzi, Luis Felipe Fernandes (Braziliya) layiq görüldülər.
“TV filmləri və
proqramları” mominasiyasında
qalib Aleksandr Zamıslov və Vladislav Kolesovun (Rusiya) "Ruhən güclülər. Buzüstü hokkey" filmi
oldu. II yeri
Arzu Qulamovun (Azərbaycan) "İlk qızıl. Nazim Hüseynov"
filmi, III yeri Tom Alandhın (İsveç)
"Həmişə analar
günündə - elitloppet"
filmi qazandı.
"Bədii film" nominasiyasında Kristof Offenşteynin (Fransa) "Tənha" filmi qalib oldu. Ayqars Qraubanın
(Latviya) "Xəyalların
komandası 1935" və
Robert Dornhelmin (İtaliya)
"K2 montagna degli italiani" filmi II-III yerləri bölüşdürdü.
“İdman və dünya” nominasiyasının
birincisi Pedro Toronun (İspaniya) "Rəqs
et" filmi oldu. II yerə Niko Yagerin (Almaniya) "Mağara ilə əlaqə", III yerə
rejissor Annet Nakamayanın (Uqanda) "Oyun sevgisi" layiq görüldü.
“Milli film” nominasiyasında
isə I yeri Vüqar İslamzadənin
idman haqqında kommersiya çarxları və "Gimnastika və qolf" filmi qazandı. II yeri Zamin Məmmədovun
"Çempion" filmi,
III yerə Nəsimi Əliyevin "Anatoli Banişevski" filmi tutdu.
Münsiflər heyətinin xüsusi mükafatına "Macarların
Barsa azarkeşliyi"
filmi ilə rejissor Tibor Kosis (Macarıstan) layiq görüldü.
Qeyd edək ki, II Bakı Beynəlxalq İdman Filmləri Festivalına 33 ölkədən
115 film təqdim olunmuş,
seçim komissiyası
tərəfindən 23 ölkəni
təmsil edən 48 ekran əsəri müsabiqəyə buraxılmışdı.
Fariz Hüseynov
Mədəniyyət.- 2014.- 21
noyabr.- S. 2.