Türk dünyası mədəniyyəti
Kazanda bir araya gəldi
Gələn il bu estafeti Türkmənistanın Mərv şəhəri qəbul edəcək
Xəbər
verdiyimiz kimi, 20-21 noyabr tarixində Rusiya
Federasiyası Tatarıstan Respublikasının Kazan
şəhərində Beynəlxalq Türk
Mədəniyyəti Təşkilatı - TÜRKSOY-un
Mədəniyyət Nazirləri Daimi
Şurasının 32-ci dönəm toplantısı və
Kazanın 2014-cü ildə “Türk
dünyasının mədəniyyət paytaxtı” olması ilə bağlı yekun mərasim, habelə “Türkvizyon-2014”
mahnı müsabiqəsinin finalı keçirilib.
Tədbirlərdə mədəniyyət və turizm nazirinin birinci müavini Vaqif Əliyevin rəhbərliyi ilə Azərbaycan
nümayəndə heyəti iştirak edib.
Noyabrın 20-də qonaqlar Kazanın Kremli Muzeyində təşkil olunan sərgi və şəhərin, tarix-mədəni məkanları ilə tanış olublar. Sərgi çərçivəsində mədəniyyət və turizm nazirinin birinci müavini Vaqif Əliyev Rusiya Federasiyası Tatarıstan Respublikasının sabiq Prezidenti, hazırkı dövlət müşaviri Mintimer Şeymiyev və Sankt-Peterburqdakı Ermitaj Dövlət Muzeyinin direktoru Mixail Piotrovski ilə görüşüb. Mədəniyyət sahəsində əlaqələrinin inkişafına dair fikir mübadiləsi aparılıb.
Noyabrın 21-də TÜRKSOY Mədəniyyət Nazirləri Daimi Şurasının 32-ci dönəm toplantısı keçirilib. Toplantıda təşkilatın baş katibi Düsen Kaseinovun ötən dövr ərzində görülən işlər, həyata keçirilən layihələr barədə hesabatı dinlənilib, 2015-ci il üçün tədbirlər planı təsdiq edilib. Tədbirdə çıxış edən Vaqif Əliyev Azərbaycanın TÜRKSOY çərçivəsində həyata keçirdiyi layihələrdən söz açaraq, növbəti ildə nəzərdə tutulan tədbirlərin yüksək səviyyədə təşkilinin əhəmiyyətini vurğulayıb.
İclasda növbəti müddətə TÜRKSOY baş katibinin seçilməsi bağlı məsələyə baxılıb. Bununla bağlı ilk olaraq çıxış edən Azərbaycan mədəniyyət və turizm nazirinin birinci müavini Vaqif Əliyev son illər TÜRKSOY-un beynəlxalq arenada nüfuzunun daha da artdığını, türk dünyasının mədəni irsinin, incəsənətinin təbliği ilə bağlı bir çox genişmiqyaslı tədbirlərin uğurla keçirildiyini diqqətə çatdıraraq bu nailiyyətlərin əldə olunmasında baş katib Düsen Kaseinovun mühüm xidmətlərinin olduğunu vurğulayıb.
Qazaxıstanın mədəniyyət və idman naziri Arıstanbek Muxameduli, Türkiyə mədəniyyət və turizm nazirinin müavini Əbdürrəhman Arıcı və digər çıxış edənlər də Düsen Kaseinovun TÜRKSOY baş katibi vəzifəsində fəaliyyətini müsbət qiymətləndirərək onun növbəti müddətə seçilməsini dəstəkləyiblər.
Açıq səsvermə nəticəsində Düsen Kaseinov yekdilliklə daha 3 il müddətinə qurumun rəhbəri seçilib.
Toplantının gündəliyində duran digər məsələ 2015-ci il üçün "Türk dünyasının mədəniyyət paytaxtı"nın seçilməsi ilə bağlı olub. Xatırladaq ki, bu layihə 2012-ci ildən həyata keçirilir. 2012-ci ildə Qazaxıstanın Astana, 2013-cü ildə Türkiyənin Əskişəhər və 2014-cü ildə Tatarıstanın Kazan şəhəri "Türk dünyasının mədəniyyət paytaxtı" seçilib. Bu ilin iyununda Bodrumda (Türkiyə) keçirilən Türk Şurası zirvə toplantısında Türkmənistan Prezidenti Qurbanqulu Berdıməhəmmədov Mərv şəhərinin gələn il üçün paytaxt seçilməsini təklif etmişdi. TÜRKSOY Mədəniyyət Nazirləri Daimi Şurasının toplantısında bu təklif dəstəklənərək Türkmənistanın qədim Mərv şəhərinin 2015-ci ildə "Türk dünyasının mədəniyyət paytaxtı" elan olunması barədə qərar qəbul edilib.
İclasda həmçinin TÜRKSOY ənənəsinə uyğun olaraq 2015-ci ilin xatirə yubileyləri elan edilib. Qərara əsasən, 2015-ci il ünlü türk dramaturqu Haldun Tanerin 100 illiyi və xakas xalq dastançısı Semen Kadışevin 130 illiyi münasibətilə bu şəxsiyyətlərin xatirə ili elan olunub.
* * *
Noyabrın 21-də Tatarıstan Respublikasının Prezidenti Rustam Minnihanov TÜRKSOY Mədəniyyət nazirləri toplantısında iştirak edən nümayəndə heyətlərinin rəhbərlərini qəbul edib. O, Kazan şəhərinin 2014-cü ildə "Türk dünyasının mədəniyyət paytaxtı" elan olunması münasibətilə görülmüş işlərdən danışıb, birgə həyata keçirilən tədbirlərin ortaq türk irsinin təbliği və tanıdılması üçün böyük əhəmiyyət kəsb etdiyini vurğulayıb.
Görüşdə çıxış edən Azərbaycan Respublikası mədəniyyət və turizm nazirinin birinci müavini Vaqif Əliyev ölkəmizdə 2014-cü ildə ortaq türk mədəniyyətinin təbliği istiqamətində görülən işlərdən danışıb, 2015-ci ildə Azərbaycanda keçiriləcək I Avropa Oyunları haqda məlumat verib. Tatarıstan Prezidenti Kazan şəhərinin 2013-cü ildə 27-ci Yay Universiadasına ev sahibliyi etdiyini, bu mühüm tədbirə hazırlıq əsnasında qazanılmış təcrübəni dost Azərbaycanla bölüşməyə hazır olduqlarını ifadə edib.
Səfər çərçivəsində Vaqif Əliyevin həmçinin TÜRKSOY-un baş katibi Düsen Kaseinov, Qazaxıstanın mədəniyyət və idman naziri Arıstanbek Muxameduli, Qırğızıstanın mədəniyyət, informasiya və turizm naziri Altınbek Maqsudov, Türkmənistanın mədəniyyət naziri Anageli Qaracayev, Türkiyə mədəniyyət və turizm nazirinin birinci müavini Əbdülrəhman Arıcı, Tatarıstanın mədəniyyət naziri Ayrat Sibbaqatul ilə görüşləri olub.
* * *
Noyabrın 21-də axşam “TATNEFT" arenada "Türkvizyon" beynəlxalq mahnı müsabiqəsinin final konserti və “Kazan - 2014 - Türk dünyasının mədəniyyət paytaxtı” ilinin bağlanış mərasimi keçirilib. Qeyd edək ki, "Türkvizyon" mahnı müsabiqəsi bu il ikinci dəfə gerçəkləşib.
Müsabiqənin finalında 15 respublikanı təmsil edən ifaçılar yarışıblar. Builki müsabiqənin qalibi Qazaxıstan təmsilçisi Janar Duqalova olub. Müsabiqənin qalibinə beynəlxalq TMB telekanalında bir il ərzində öz musiqi çarxlarını nümayiş etdirmək imkanı verilib, həmçinin pul mükafatı təqdim edilib.
Sözügedən müsabiqədə ölkəmizi “Azərbaycanın səsi” layihəsinin qalibi Elvin Ordubadlı təmsil edib və 9-cu yeri tutub.
Türk
dünyasının beynəlxalq “Türkvizyon”
televiziya mahnı müsabiqəsi
2013-cü ildən keçirilir.
Müsabiqənin təşəbbüskarı və təsisçisi
TMB TV kanalıdır. Müsabiqənin əsas məqsədi
müasir türk estrada musiqi sənətinin
daha da
tanıdılması, beynəlxalq yaradıcı əlaqələrin
genişləndirilməsi, türkdilli
ölkələr və xalqlar arasında
həmrəylik və əməkdaşlığın
möhkəmləndirilməsidir. Müsabiqənin
finalı “Türk dünyasının mədəniyyət
paytaxtı” seçilən şəhərdə keçirilir. Gələn il
mahnı yarışmasına Türkmənistanın Mərv
şəhəri ev sahibliyi
edəcək.
Mədəniyyət.- 2014.- 26
noyabr.- S. 9.