Bu, qardaşlığımıza verdiyimiz dəyərin nümayişidir

 

Azərbaycanda Türkiyə mədəniyyəti günlərinin açılışı paytaxtın ən möhtəşəm məkanında gerçəkləşdi

 

Noyabrın 23-də Bakıdakı Heydər Əliyev Mərkəzində Türkiyə Cümhuriyyətinin mədəniyyət günlərinin açılış mərasimi keçirildi. Açılışdan öncə qonaqlar Heydər Əliyev Mərkəzi ilə tanış oldular.

 

Hökumət rəsmilərinin, Milli Məclisin deputatlarının, ölkəmizdə fəaliyyət göstərən diplomatik korpusun nümayəndələrinin, mədəniyyət və incəsənət xadimlərinin qatıldığı mərasim Azərbaycanın və Türkiyənin dövlət himnlərinin səslənməsi ilə başlandı.

Açılışda çıxış edən mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Bakıda Türkiyə mədəniyyəti günlərinin keçirilməsini ölkələrimizin tarixində əlamətdar hadisə kimi dəyərləndirdi. Bildirdi ki, Azərbaycan dövlət müstəqilliyini bərpa etdikdən sonra ilk dəfə təşkil olunan bu tədbir xalqlarımızın tarixi köklərinin yaxınlığı və gələcək münasibətlərimizin daha da inkişafı baxımından böyük əhəmiyyət daşıyır: “Belə bir möhtəşəm məkanda - Heydər Əliyev Mərkəzində ilk dəfədir ki, bir ölkənin mədəniyyət günlərinin açılış mərasimi keçirilir. Bu da təbii olaraq bizim qardaşlığımıza verdiyimiz dəyərin bir nümunəsidir”.

Əbülfəs Qarayev Azərbaycan və Türkiyə rəhbərləri arasında dostluq, qardaşlıq münasibətlərinə toxunaraq bu əlaqələrin ölkələrimizin daha da güclənməsinə xidmət etdiyini vurğuladı: “Ölkələrimizin birgə siyasi platformadan çıxış edərək həyata keçirdiyi iri layihələr, əlaqələrin günü-gündən inkişafı eyni zamanda türk dünyasının nə qədər güclü olduğunu sübut edir. Bu yaxınlarda Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, Avropa Oyunlarının Təşkilat Komitəsinin sədri Mehriban Əliyevanın iştirakı ilə İstanbulda “Bakı-2015” ilk Avropa Oyunlarının təqdimatı keçirildi. Biz hamımız böyük maraqla bu mühüm hadisəni izləyərək Türkiyə nümayəndələrinin Azərbaycanın bu uğuruna sevindiklərini, şərəf duyduqlarını bir daha gördük”.

Nazir iki il əvvəl Türkiyədə Azərbaycan mədəniyyəti günlərinin uğurla keçirildiyini xatırlatdı. Ölkəmizdə Türkiyə mədəniyyətinin həmişə doğma sayıldığını bildirərək bu günlərdə Bakıda təşkil olunan tədbirlər proqramının da böyük maraqla qarşılanacağına əminliyini ifadə etdi.

Daha sonra çıxış edən Türkiyənin mədəniyyət və turizm naziri Ömər Çelik vurğuladı ki, mədəniyyət günlərinin Bakıda təşkili, Azərbaycan xalqının bu mərasimə göstərdiyi hörmət və ehtiram iki qardaş ölkə arasında münasibətlərin nə dərəcə də isti olduğunu bir daha nümayiş etdirir. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin “Bir millət, iki dövlət” kimi müdrik kəlamı ölkələrimiz arasında münasibətlərin bütün sahələrində özünü təsdiqləyir: Gücünü ortaq tarix və mədəni birlikdən alan, son dərəcə möhkəm bağlarla birləşmiş, keçmişdə olduğu kimi, bu gün də birlikdə olan iki ölkə dostluq, qardaşlıq və bərabər yolçuluq təməlində yürütdükləri əlaqələrini mədəniyyət sahəsində də gücləndirmək arzusundadırlar. Mədəniyyət günlərinin təşkil edilməsi ölkələrimiz üçün böyük əhəmiyyət daşıyır. Bu, qardaşlığımızın təkcə siyasətdə və iqtisadiyyatda deyil, mədəniyyət və incəsənətdə də əbədi olaraq bir yerdə olduğunu bir daha sübut edir”.

Ömər Çelik tarixi əlaqələrimizin bizlərə və gələcək nəslə örnək olduğunu vurğuladı: “Keçmişdə Mehmet Akif Ərsoy ilə Hüseyn Cavidi İstanbulda “Sirati-müstəqim” dərgisində bir araya gətirən ruh nə idisə, bu gün də bizləri bu salonda görüşdürən ruh eynidir. Bu həm də azərbaycanlı qardaşlarımızla Qafqaz İslam Ordusunun komandanı Nuru Paşanın Gəncədə və Bakıda yan-yana vuruşan iki qardaş türk millətinin yenidən görüşməsidir. Tarixdə göstərilən qardaşlıq yardımları yaddaşımızda hələ təzədir. Qafqaz İslam Ordusunun verdiyi şəhidlərlə Azərbaycandan Çanaqqalaya gələrək Anadolunun azadlığı uğrunda can verən şəhidlər bizi bir-birimizə bağlayan əbədi zəncirin mübarək halqalarıdır. Bizim borcumuz isə üzərimizə düşən böyük məsuliyyəti dərk edərək, bu dostluq və qardaşlığı qoruyaraq gələcək nəsillərə ötürməkdir”.

Mərasimdə Türkiyə mədəniyyətinin tanıtım videosu nümayiş etdirildi. Sonra İstanbul Tarixi Türk Musiqisi Topluluğu mehtər kollektivinin çıxışları dinlənildi. Təsəvvüf musiqisinə məxsus səma göstərisi təqdim olundu. Əməkdar artist Azərinlə birlikdə “Yol ver türkün bayrağına!” mahnısı ifa edildi. Türk Dövlət Xalq Rəqsləri Ansamblının çıxışları oldu. Ansambl səhnədə tariximüasir elementlərlə zəngin olan rəqsləri nümayiş etdirməklə möhtəşəm görüntülərə səbəb oldu. Türk xalq rəqslərinin, türkiyəli müğənnilər Zafer Albayrakın və Nilgün Kızılcının çıxışları coşqu ilə qarşılandı.

Qeyd edək ki, İstanbul Tarixi Türk Musiqisi Topluluğunun mehtər kollektivi 1991-ci ildə yaradılıb. Klassik türk musiqisinin, ən başlıcası da təsəvvüf və mehtər musiqisinin özünəməxsus üslubicra özəlliklərinə sadiq qalan, xüsusi geyimlərlə başqa bir möhtəşəm gözəlliyə sahib olan kollektiv ötən illər ərzində həm klassik repertuarlarını səsləndirib, həmcazsimfonik orkestrlərlə konsertlər verib. Dövlət Xalq Rəqsləri Ansamblı isə türk xalq rəqslərini müasir elementlərlə zənginləşdirmək, folklor dəyərlərini tanıtmaq məqsədilə 1975-ci ildə qurulub. Bu illər ərzində 60-dan çox ölkədə türk xalq rəqslərini təbliğ edib.

Azərbaycanda Türkiyə mədəniyyəti günləri zəngin proqramı ilə davam edir. Proqrama Muzey Mərkəzində açılan xalq sənəti nümunələri və fotosərgisi, Dövlət Mahnı Teatrında keçirilən aşıq konserti ilə yanaşı, Nizami Kino Mərkəzində “Aşk təsadüfləri sevər” və “Yozgat Bules” filmlərinin nümayişi, Milli Dram Teatrında Ankara Dövlət Teatrının təqdimatında “Nereye” və “Meraklısı için öylə bir hekayə” tamaşalarının nümayişidaxildir. Qardaş ölkənin mədəniyyət günləri noyabrın 27-də başa çatacaq.

 

Fariz Hüseynov

 

Mədəniyyət.- 2014.- 26 noyabr.- S. 8.