Əsərlərində yaşayan yazıçı

 

İlyas Əfəndiyev klassik Azərbaycan ədəbiyyatını müasir ədəbi düşüncəyə qovuşduran ən etibarlı körpülərdən biridir

 

XX əsr Azərbaycan ədəbiyyatı tarixində silinməz iz salan, teatr səhnəmiz üçün ölməz incilər yaradan Xalq yazıçısı İlyas Əfəndiyev əbədi ömrünün 100-cü ilində də eyni sevgi və hərarətlə anıldı. Böyük istedadilhamla yaratdığı bir-birindən məşhur bədii obrazları ilə əsrdən-əsrə, nəsildən-nəslə körpü saldığını, mayak olduğunu bir daha göstərmiş oldu...

 

Noyabrın 21-də Heydər Əliyev Sarayında Xalq yazıçısı, Dövlət mükafatı laureatı, görkəmli dramaturq İlyas Əfəndiyevin 100 illik yubiley gecəsinə toplaşanlar əvvəlcə foyedə ədibin həyat və yaradıcılığını əhatə edən fotokitab sərgisinə baxdılar.

Hökumət rəsmilərinin, Milli Məclisin deputatlarının, tanınmış elm və mədəniyyət xadimlərinin, ictimaiyyət nümayəndələrinin iştirak etdiyi gecədə “İlyas Əfəndiyevin 100 illik yubileyinin keçirilməsi haqqında” ölkə Prezidentinin 16 yanvar 2014-cü il tarixli sərəncamı oxundu.

Mərasimdə çıxış edən mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Azərbaycan nəsrinin və dramaturgiyasının inkişafında böyük xidmətləri olmuş yazıçının mənalı ömür yolundan və zəngin yaradıcılığından söz açdı: “2014-cü ilin başa çatdığı bir vaxtda müasir Azərbaycan ədəbiyyatının və çağdaş milli düşüncənin banilərindən olan bənzərsiz nasir, novator dramaturq, Xalq yazıçısı İlyas Əfəndiyevin anadan olmasının 100 illik yubileyini təntənə ilə qeyd etmək üçün ulu öndər Heydər Əliyevin adını daşıyan bu möhtəşəm salona toplaşmışıq və mən çıxışımı Azərbaycanın Xalq şairi Vaqif Səmədoğlunun təqribən yarım əsr öncə qələmə aldığı bir şeirini xatırlamaqla başlamaq istəyirəm. “Günün bəxti” adlanan o əsər Qələbə günündən bəhs edirdi. Gəlin, etiraf edək ki, tarixin sınaqlarından həmişə ləyaqətlə çıxan Azərbaycan müstəqilliyə qovuşduqdan sonrakı dövr ərzində nəinki günün bəxtini, eyni zamanda onilliklərin bəxtini yaşamaq haqqına sahib olmuşdur. Bununla belə, ustad sənətkarımızın 100 illik yubileyinə həsr edilən bugünkü təntənəni böyük məmnuniyyət hissi ilə “İlin bəxti” adlandırardım. Bu səbəbsiz deyil. Azərbaycan Prezidenti cənab İlham Əliyev 2014-cü ildə yazıçı, şair, rəssam, bəstəkar, teatr xadimi, ifaçı, memar və digər yaradıcı insanların yubileylərinə dair 13 sərəncam imzalamışdır. Bu sərəncamların hər biri ayrıca tədbirlər planı əsasında yüksək səviyyədə icra edilmişdir”.

Nazir İlyas Əfəndiyevin yubiley mərasiminin xüsusi məna daşıdığını diqqətə çatdırdı. Qeyd olundu ki, İlyas Əfəndiyev XX əsrdə klassik Azərbaycan ədəbiyyatını müasir ədəbi düşüncəyə qovuşduran ən etibarlı körpülərdən biridir. Onun adı çəkilərkən, ilk növbədə, gözlərimizin önündə böyük nəsr ustadının parlaq siması canlanır: “İlyas Əfəndiyevin yaradıcılığı nəinki Azərbaycan, eyni zamanda dünya ədəbiyyatında mühüm hadisədir. Ulu öndər Heydər Əliyev ötən əsrdə ona Dövlət mükafatını təqdim edərkən sənətkarın yaradıcılığını yüksək qiymətləndirib. Ədibin “Söyüdlü arx”, “Körpüsalanlar”, “Sarıköynəklə Valehin nağılı”, “Geriyə baxma, qoca”, “Üçatılan” və digər roman və povestləri ədəbi incilər səviyyəsində bu gün də bədii üslub və məzmun baxımından aktualdır və yeni nəsil oxucu kütlələrinin dərin marağına səbəb olur”.

Bildirildi ki, ədibin qələmindən çıxan 22 pyes hər zaman insanları mənəvi kamilliyə, müasirliyə, sevgiyə, mərdliyə, nikbinliyə səsləyir. Azərbaycanda elə bir teatr səhnəsi yoxdur ki, orada görkəmli dramaturqunBahar suları”, “Atayevlər ailəsi”, “Sən həmişə mənimləsən”, “Unuda bilmirəm”, “Məhv olmuş gündəliklər”, “Bizim qəribə taleyimiz”, “Büllur sarayda”, “Bağlardan gələn səs”, “Sevgililərin cəhənnəmdə vüsalı”, “Tənha iydə ağacı”, “Qəribə oğlan” və digər pyesləri səhnəyə qoyulmasın: “Bu gün də Azərbaycan teatrı İlyas Əfəndiyevin pyesləri ilə nəfəs alır. O, milli dramaturgiyamızda yeganə ədibdir ki, təsirli qələminin məhsulu olan tək bircə əsəri - ilk tamaşası 1968-ci ildə göstərilən “Unuda bilmirəm” pyesi Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında təqribən 500 dəfə səhnəyə qoyulub. Azərbaycanın teatr poetikası bədii-estetik dəyərini geniş mənada “İlyas Əfəndiyev teatrı”nda tapıb. Ədib “Mahnı dağlarda qaldı”, “Xurşidbanu Natəvan”, “Şeyx Məhəmməd Xiyabani”, “Hökmdar və qızı” və digər tarixi dramları ilə xalqımızın milli azadlığı və müstəqilliyi uğrunda apardığı mübarizənin, istiqlal məfkurəsinin, azadlıq hərəkatının, milli birliyin və müstəqilliyin bədii salnaməçisinə çevrilib”.

Nazir İlyas Əfəndiyevi bədii yaradıcılığının ədəbi-estetik əhəmiyyəti, əsərlərinin uzunömürlülüyü, populyarlığı baxımından ədəbiyyatımızın ən görkəmli nümayəndələrindən biri kimi xarakterizə etdi. Qeyd olundu ki, xalq, Vətən, cəmiyyət, insanlıq qarşısında mənəvi borca fəal münasibət onun qəhrəmanlarının daxili aləmini müəyyən edir. Ədəbi-ictimai fikir tariximizdə lirik-psixoloji üslubun inkişafı və böyük uğurları İlyas Əfəndiyevin adı və əsərləri ilə bağlıdır. Ədəbiyyatımızın və teatrımızın inkişafında özünəməxsus yeri olan yazıçının yaradıcılığı dövlətimiz tərəfindən daim yüksək qiymətləndirilib. Bu gün rus, ingilis, alman, fransız, ispan, türk, qazax, türkmən, tacik, qırğız, gürcü və digər xalqların oxucuları ədibin əsərlərini öz dillərində mütaliə edir. Sənətkarın yaradıcılığında Qarabağ mövzusu xüsusi yer tutub. O, namərd qonşularımızın ötən əsrin 90-cı illərindən başlayan xəyanətkarlıqlarını, işğalçılıq hərəkətlərini dərin narahatlıq, vətəndaş yanğısı ilə izləyib, əsərlərində Qarabağın qədim tarixini əks etdirib. Görkəmli tənqidçi, ədəbiyyatşünas Yaşar Qarayev İlyas Əfəndiyevin əsərlərini “Qarabağın bədii ensiklopediyası” adlandırıb.

İlyas Əfəndiyevin 100 illik yubileyinin bu il böyük təntənə ilə UNESCO-da qeyd olunduğunu diqqətə çatdıran Əbülfəs Qarayev bu faktı ədibin yaradıcılığına dünya miqyasında göstərilən marağın nümunəsi kimi səciyyələndirdi.

Yubiley mərasimi İlyas Əfəndiyevin əsərləri əsasında hazırlanmış ədəbi-bədii, musiqili proqramla davam etdi. Səhnədə ayrı-ayrı teatrların tamaşaya qoyduğu əsərlərin qəhrəmanları yer aldılar. Ədibin vətən, millət, xalq sevgisini, insanlara münasibətini, ictimai fikirlərini, milli ideyalarını, sevgi, səadət, sədaqət, məhəbbət kimi insani duyğularla yüklü qəhrəmanları hərəkətə gələrək tamaşaçılara bir daha həyat həqiqətlərini teatrın, səhnənin qüdrətində çatdırmağa çalışdılar.

Qədim və müasir Azərbaycanın, eləcə də unudulmaz Qarabağımızın bənzərsiz koloritlərinin əks olunduğu milli ab-havalı səhnədə tanınmış sənət ustaları tərəfindən Xurşidbanu Natəvan, Şeyx Xiyabani və Ağabəyim xanımın milləti birliyə, ucalığa, saflığa səsləyən ölməz fikirləri səsləndirildikcə zal gurultulu alqışlarla silkələndi.

Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestrinin və Dövlət Xor Kapellasının ifasında səslənən musiqi nömrələri gecəyə xüsusi rəng qatdı, ədibin idealları, bədii nümunələrində ifadə etdiyi əbədi həqiqətlərin təsir gücünü bir daha artırmış oldu.

Gecədə İlyas Əfəndiyevin “Hökmdar və qızı”, “Sarıköynəklə Valehin nağılı”, “Mənim günahım”, “Sevgililərin cəhənnəmdə vüsalı” və digər tamaşalarından parçalar təqdim olundu. Həmçinin Azərbaycanın tanınmış yazıçı, şair, rejissor və aktyorlarının vaxtilə böyük ədib haqqında söylədikləri ölməz fikirlər bir daha diqqətə çatdırıldı. Gənc və istedadlı musiqiçilərin ifasında səslənən xalq və bəstəkar mahnıları da dinləyənlərin zövqünü oxşadı.

Qarabağ” şikəstəsinin sədaları altında yekunlaşan gecədə bir gerçəklik - əsərlərinin bədii-fəlsəfi fikir dərinliyi, yüksək mənəvi-əxlaqi dəyərlərə malik qəhrəmanları ilə İlyas Əfəndiyevin Azərbaycanın ədəbi və mədəni düşüncəsində əbədi qalacağı özünün təsdiqini tapdı.

 

Həmidə Nizamiqızı

 

Mədəniyyət.- 2014.- 26 noyabr.- S. 5.