Bakıda
“Türkiyə rəngləri”
Noyabrın 24-də
Muzey Mərkəzində ölkəmizdə
keçirilən Türkiyə mədəniyyəti günləri
çərçivəsində “Türkiyə rəngləri”
sərgisinin açılışı oldu.
Açılışda çıxış edən mədəniyyət və turizm nazirinin müavini Ədalət Vəliyev Azərbaycanda Türkiyə mədəniyyəti günlərinin keçirilməsinin əlamətdar hadisə olduğunu, bu tədbirlər çərçivəsində qardaş ölkənin mədəniyyət və incəsənətinin yüksək səviyyədə nümayiş etdirildiyini diqqətə çatdırdı. Mədəniyyət günlərinin proqramı barədə tədbir iştirakçılarına məlumat verən nazir müavini təqdim edilən sərgidə son dərəcə diqqətçəkən əsərlərin yer aldığını, dekorativ sənət nümunələrinin ziyarətçilərdə maraq doğuracağına əmin olduğunu bildirdi.
Tədbirdə çıxış edən Türkiyənin Azərbaycandakı səfiri İsmayıl Alper Coşqun ölkəmizdə keçirilən mədəniyyət günlərini mühüm mədəni hadisə adlandırdı. O, iki ölkə arasında mədəniyyət və turizm sahəsində birgə layihələr barədə razılaşmaların əldə edilməsindən məmnunluğunu bildirdi, bu layihələrin həyata keçirilməsi ilə bağlı işçi qrupun yaradılması haqqında qərar qəbul edildiyini dedi.
Azərbaycan Rəssamlar İttifaqının katibi, Xalq rəssamı Ağəli İbrahimov sərgidə nümayiş etdirilən fotoşəkilləri, tətbiqi sənət nümunələrini, gümüş, mis, keramika, şüşə məmulatları, qadın baş örtükləri və tikmələrini bənzərsiz sənət nümunələri kimi xarakterizə etdi. İki ölkənin rəssamları arasında sıx əlaqələrin qurulduğunu diqqətə çatdırdı.
Sonra tədbir iştirakçıları sərgi ilə tanış oldular. Sərgidə əl sənəti növləri (gümüş, bakır, çinicilik, naxış, ebru və s.), qadın baş geyimi nümunələri, Türkiyənin gözəlliklərini əks etdirən fotolar yer alıb. Sənətkarlar onlara ayrılmış guşələrdə öz bacarıqlarını nümayiş etdirirdilər. Mis məcməyi üzərində naxışların döyülməsi, gümüşdən hazırlanan zinət əşyaları, xüsusi məhlulda basmanaxış texnikasını nümayiş etdirən rəssamlıq nümunələrinin yaranma prosesi böyük marağa səbəb oldu. Sərgi noyabrın 27-dək davam edəcək.
Lalə Azəri
Mədəniyyət.- 2014.- 26
noyabr.- S. 4.