Mədəni əlaqələr qardaşlığımızı möhkəmlədir

 

Azərbaycanla Türkiyə arasında mədəniyyət və turizm sahəsində layihələrin həyata keçirilməsi üçün işçi qrup yaradılacaq

 

Noyabrın 23-də Azərbaycanda Türkiyənin mədəniyyət günləri başlandı. Bu münasibətlə Bakıya gələn qardaş ölkənin mədəniyyət və turizm naziri Ömər Çelikin rəhbərlik etdiyi nümayəndə heyəti Fəxri xiyabanda ulu öndər Heydər Əliyevin məzarını ziyarət etdi. Qonaqlar görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da məzarını ziyarət edərək önünə gül dəstələri qoydular. Sonra nümayəndə heyəti Şəhidlər xiyabanına gələrək ölkəmizin azadlığı uğrunda canlarını qurban vermiş vətən övladlarının xatirəsini ehtiramla yad etdilər.

 

* * *

Həmin gün mədəniyyət və turizm naziri Əbülfəs Qarayev türkiyəli həmkarı Ömər Çelikin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşdü. Görüşdə ölkələrimiz arasında mədəniyyət və turizm sahəsində əməkdaşlığın inkişaf etdirilməsi ilə bağlı müzakirələr aparıldı.

Əbülfəs Qarayev 2012-ci ildə Türkiyənin üç şəhərində keçirilmiş Azərbaycan mədəniyyəti günlərinin qardaş ölkədə mədəniyyətimizə və incəsənətimizə böyük maraq doğurduğunu diqqətə çatdırdı. Ümidvar olduğunu bildirdi ki, Azərbaycanda ilk dəfə keçirilən Türkiyə mədəniyyəti günləri də əlamətdar hadisəyə çevriləcək, mədəni əlaqələrin inkişafına təkan verəcək.

Bu ilin iyununda Bodrumda türkiyəli həmkarı ilə görüşünü xatırladan Əbülfəs Qarayev mədəniyyət və turizm sahəsində birgə layihələrə dair aparılan fikir mübadiləsinin, imzalanan sənədlərin önəmini vurğuladı. İki ölkə arasında turist səfərlərinin sayının ildən-ilə artdığı, bir neçə birgə layihənin icrasına başlandığı qeyd edildi.

Türkiyənin mədəniyyət və turizm naziri Ömər Çelik də əlaqələrin bugünkü səviyyəsindən razılığını bildirərək əməkdaşlığın dərinləşməsi üçün addımlar atıldığını dedi: “Biz qardaş Azərbaycanda özümüzü evimizdəki kimi hiss edirik. Bizim dilimiz, dinimiz, tariximiz birdir, gələcəyə ümumi baxışlarımız var. Ümumi razılığa gələ bilmədiyimiz heç bir məsələ yoxdur. Biz öz irsimizi hər zaman dəyərləndirməli, qardaşlıq əlaqələrimizi daha da dərinləşdirməliyik”.

Sonra Əbülfəs Qarayev həmkarına xalça hədiyyə etdi. Öz növbəsində türkiyəli nazir Əbülfəs Qarayevə üzərində ayulduz əks olunmuş suvenir və Məhəmməd Əmin Rəsulzadənin “Azərbaycan Cümhuriyyəti: keyfiyyəti-təşəkkülü və indiki vəziyyəti” adlı kitabının əlyazmasını təqdim etdi.

Görüşdən sonra iki nazir mətbuata açıqlama verdi. Əbülfəs Qarayev Azərbaycanla Türkiyə arasında mədəniyyət və turizm sahəsində əlaqələrin daha da inkişaf edəcəyini vurğuladı: “Türkiyə mədəniyyəti günləri ölkəmizin mədəni həyatında mühüm hadisə olacaq. Mədəniyyət günlərinin proqramı kino, teatr, sərgilər, konsertlər kimi geniş spektri əhatə edir. Xalqlarımız mədəniyyət, mənəvi dəyərlər baxımından çox yaxındır. Müxtəlif mədəniyyət tədbirləri vasitəsilə bu yaxınlığı daha da inkişaf etdirmək lazımdır. Biz mədəniyyət və turizm sahəsində müxtəlif layihələrin həyata keçirilməsi, proqramların tərtib edilməsi ilə məşğul olacaq işçi qrup yaratmaq qərarına gəldik, bununla bağlı müzakirələr apardıq”.

Nazir Ömər Çelik də Azərbaycanla mədəniyyət və turizm sahəsində birgə layihələrin həyata keçirilməsi üçün müvafiq proqramların diqqət mərkəzində olduğunu bildirdi: “Mədəniyyət və turizm üzrə yaradılacaq işçi qrup çərçivəsində qarşıdakı vəzifələrin həyata keçirilməsi istiqamətində müzakirələr aparmaq üçün müntəzəm olaraq görüşəcəyik”.

Noyabrın 23-də axşam Heydər Əliyev Mərkəzində Türkiyə mədəniyyəti günlərinin açılış mərasimi keçirildi (bax: səh. 8-də).

 

Fariz Hüseynov

 

Mədəniyyət.- 2014.- 26 noyabr.- S. 3.