Vətənə məhəbbət və tarixi dəyərlərə sədaqət

 

Rəfiq Zəka Xəndanın 75 illiyi qeyd olundu

 

Noyabrın 25-də Azərbaycan Dövlət Filarmoniyasında tanınmış şair, Dövlət mükafatı laureatı, Əməkdar incəsənət xadimi, professor Rəfiq Zəka Xəndanın 75 illik yubileyinə həsr olunmuş tədbir keçirilib.

 

Ölkə Prezidentinin müvafiq sərəncamına uyğun olaraq keçirilən tədbirdə dövlət və hökumət rəsmiləri, elm və mədəniyyət xadimləri iştirak ediblər.

Mədəniyyət və turizm nazirinin müavini Ədalət Vəliyev tədbirdə çıxış edərək ədibin həyat və yaradıcılığı barədə danışıb, əsərlərində Vətənə məhəbbət və tarixi-mədəni dəyərlərə bağlılığını yüksək qiymətləndirib, mədəniyyətimizin inkişafında xidmətlərini minnətdarlıq hissi ilə xatırlayıb. Qeyd olunub ki, 20-dən çox kitabın müəllifi olan Rəfiq Zəka istedadı və yorulmaz fəaliyyəti ilə adını ədəbiyyat tariximizə əbədi həkk etdirib.

Xalq şairi Fikrət Qocafilologiya elmləri doktoru Vaqif Yusifli şairin həyat və yaradıcılığından söz açıb, onunla bağlı xatirələrini bölüşüblər. Bildirilib ki, Rəfiq Zəka Xəndanın əsərləri qardaş Türkiyədə də böyük sevgi ilə oxunur. O, Türkiyə Folklor Akademiyasının fəxri akademiki seçilib, beynəlxalq Atatürk mükafatı laureatı olub, Azərbaycan və Türkiyə arasında ədəbi körpü rolunu oynayıb.

Vurğulanıb ki, şairin poeziyası geniş oxucu rəğbəti qazanıb, sözlərinə 300-dək mahnı bəstələnib.

Sonda şairin qardaşı, Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti, akademik Akif Hacıyev Xəndanlar ailəsi adından Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə dərin minnətdarlığını bildirib və dövlət başçısının müvafiq sərəncamını Azərbaycanda sözə və söz adamlarına qiymətin daha bir bariz nümunəsi kimi dəyərləndirib.

Gecədə Rafiq Zəkanın şeirlərindən nümunələr səsləndirilib, Azərbaycan Dövlət Xalq Çalğı Alətləri Orkestrinin müşayiəti ilə tanınmış və gənc musiqiçilərin ifasında onun sözlərinə yazılmış mahnılar səsləndirilib.

 

Mədəniyyət.- 2014.- 28 noyabr.- S. 2.