Parisdə UNESCO Hökumətlərarası Komitəsinin sessiyası

 

Noyabrın 24-də UNESCO-nun baş qərargahında təşkilatın qeyri-maddi mədəni irsin qorunması üzrə Hökumətlərarası Komitənin 9-cu sessiyası işə başlayıb. İclasda mədəniyyət və turizm nazirinin müavini Sevda Məmmədəliyevanın rəhbərliyi ilə Azərbaycan nümayəndə heyəti iştirak edir.

Tədbirin ilk günündə UNESCO-nun Qeyri-maddi mədəni irs Fonduna töhfələr müzakirə edilib. Azərbaycan Respublikasının Banqladeşdə və Qvatemalada qeyri-maddi mədəni irsin qorunması üzrə bacarıqların artırılmasına dair iki layihənin həyata keçirilməsi üçün töhfəsinə diqqət yetirilib. Layihələr Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın təşəbbüsü və iştirakı ilə Azərbaycan və UNESCO arasında 2013-cü ildə imzalanmış saziş çərçivəsində təsis edilmiş Etimad Fondundan (Fund in Trust) maliyyələşdiriləcək.

Azərbaycanın UNESCO yanında daimi nümayəndəsi Anar Kərimov bu yardımın ölkəmizin beynəlxalq səviyyədə mədəniyyətin inkişafına göstərdiyi dəstəyin təzahürü olduğunu vurğulayıb. UNESCO katibliyi və Komitənin prezidenti, həmçinin BanqladeşQvatemala nümayəndələri Azərbaycan tərəfinə təşəkkürlərini bildiriblər.

Sessiyada qeyri-maddi mədəni irsin qorunması üzrə 2003-cü il konvensiyasının gələcək icra mexanizmləri müzakirə olunacaq, UNESCO-nun qeyri-maddi mədəni irs siyahısına daxil edilmiş elementlərin vəziyyəti ilə bağlı üzv ölkələrin hesabatlarına baxılacaq, müxtəlif ölkələr tərəfindən təqdim edilmiş nominasiyalar barədə qərar qəbul ediləcək. Sessiya işini noyabrın 28-də yekunlaşdıracaq.

 

Mədəniyyət.- 2014.- 26 noyabr.- S. 2.