Bir şeirin tarixi: “Göyərçin”

 

Məlumdur ki, hər bir şeir şair ilhamının məhsulu kimi ərsəyə gəlir. Bununla yanaşı, konkret bir hadisə qələm sahibinə təsir göstərir və nəticədə poeziya nümunəsi meydana çıxır. Buna görə də bəzi poeziya nümunələri müxtəlif (bəzən qeyri-adi) şəraitdə və müxtəlif məkanlarda yaranır. Bununla bağlı qədim tarixə malik poeziyamızda istənilən qədər nümunə göstərmək olar.

 

Xalq şairi Səməd Vurğunun ayrı-ayrı şeirlərinin yaranması ilə bağlı apardığımız müşahidələr maraqlı faktların meydana gəlməsi ilə nəticələndi. Bu yazıda şairin 1943-cü ildə qələmə aldığı «Göyərçin» şeiri barədə söz açmaq istərdik.

Qeyd edək ki, Səməd Vurğun «Göyərçin»ə qədər də müharibənin doğurduğu əhval-ruhiyyəyə uyğun xeyli şeir qələmə almışdı. Əlbəttə, şairin müharibə illərində bədii yaradıcılıq sahəsində məhsuldar fəaliyyəti xüsusi qeyd olunmalıdır. Müharibənin təkcə ilk həftəsində dövri mətbuatda onun altı şeiri dərç edilmişdir.

Səməd Vurğun 1941-ci il iyunun 22-də müharibənin ilk günündə belə yazdı:

 

Bilsin ana torpaq, eşitsin Vətən,

Müsəlləh əsgərəm mən bu gündən...

 

«Vətənin keşiyində» adlanan bu şeir şairin Vətən xalq qarşısında müqəddəs andı idi. Bu misralar bütün Azərbaycan xalqının ümumi əhvalını ifadə edirdi. Bu qanlı savaşı «Böyük Vətən müharibəsi» yox, «rus-alman müharibəsi» adlandıranlara xatırlatmaq yerinə düşərdi ki, faşistlər təkcə Rusiya üzərinə deyil, SSRİ adlanan bir ölkənin üzərinə hücum etmişdilər. Buna görə faşistlərə qarşı yalnız ruslar deyil, Sovet İttifaqında yaşayan bütün xalqlar, o cümlədən azərbaycanlılar vuruşurdular.

Səməd Vurğunun Vətənə böyük sonsuz məhəbbəti odlu misralara çevrilir, insanlara qüvvət verir, qələbəyə inam hissini gücləndirirdi. Onun qəhrəmanları doğma diyarın şərəf namusunu hər şeydən uca tutur, bu yolda öz canlarından belə keçməkdən çəkinmirdilər.

Belə qəhrəmanlardan birinin daxili aləmi şairin «Mənə belə söyləyirlər...» şeirində ustalıqla açılmışdır. Burada göstərilir ki, cəbhədə ağır yaralanmış əsgər son nəfəsində öz doğma yurdunu - Azərbaycanı yada salır, Səməd Vurğunun «Azərbaycan» şeirindən bir parça söyləyir:

 

Görüb tanış olmadığım,

Qayğısına qalmadığım

Şeir dostu bir insandan

Bir xatirə söylədilər:

«Bizim elli bir qəhrəman -

Bir yaraqlı qızıl əsgər

Son nəfəsdə səni andı,

Dəniz kimi dalğalandı...

Dedi: Doktor! Aman, doktor!

Sağlığıma güman yoxdur...

Bıçağını saxla bir dəm,

Bilirəm ki, öləcəyəm...

Gözüm yolda, könlüm səsdə,

Dinlə məni son nəfəsdə.

Qoy Vurğunun sözlərindən

Bir bənd deyim son dəfə mən:

Sən eşit bu nəğməni,

Qoy dolaşsın o, aləmi:

«El bilir ki, sən mənimsən...»

 

Gənc əsgərin bu cür ölümü onu əbədiyyətə qovuşdurur. Ömrünün sonunda Vətəni yada salan, onun eşqini hər şeydən uca tutan bu gəncin hərəkəti doğma Azərbaycana tükənməz məhəbbəti ilə bağlıdır. Şairi vəcdə gətirən məhz bu idi.

Bundan sonra Səməd Vurğun ilhamı daha da qanadlanır, qəhrəmanın bu hərəkəti onu daha dərindən düşündürür. Şairlə qəhrəman birləşir, sanki döyüşçü şairin daxilinə hopur. Şair onun simasında ümumiləşmiş şəhid-döyüşçü obrazı yaradır. Bu şəhidlərin hamısı eyni amal - «El bilir ki, sən mənimsən» amalı uğrunda həlak olmuşlar. Bu şəhidlərin ruhu həmişə bizimlədir. Şair onların ayaq izlərini dolaylarda, müqəddəs əməllərini cəbhədən qayıdan vətən oğullarının gözlərində hiss edir, öz oğlunu bağrına basanda onun gözlərində bu igidləri görür.

Səməd Vurğunun «Göyərçin» şeiri konkret bir təəssüratın nəticəsində yaranmışdır. Şair bu şeiri 1943-cü ildə Ukraynanın Melitopol şəhəri yaxınlığında döyüşən orduya növbəti səfərlərindən biri zamanı qələmə almışdır. Şeirin təhlilinə keçməmişdən əvvəl həmin səfər zamanı şairi ön cəbhə xəttində müşayiət etmiş diviziya partiya komissiyasının məsul katibi M.Niftəliyevin cəbhə xatirələrinə nəzər salaq. Həmin xatirələrdən öyrənirik ki, S.Vurğun 1943-cü ilin noyabr ayında 416-cı diviziyada olmuşdur. Bu zaman Melitopol şəhəri yenicə azad edilmişdi bu münasibətlə 416-cı Azərbaycan diviziyasına Qırmızı Bayraq verilmişdi.

Cəbhə xatirələrində oxuyuruq: «Biz (S.Vurğun M.Niftəliyev - A.B.) alaqaranlıqda Semyonovka kəndinə daxil olduq. Faşistlər kəndi darmadağın etmişdilər. Yerli əhali faşistlərin əlindən yaxa qurtarmaq üçün kəndi tərk etmişdi. Kəndin şimal-şərqində yerləşən bir evə daxil olduq. Ev almanlar tərəfindən tamam qarət edilmişdi. Səməd Vurğun döşəmənin üzərinə düşən bir kağız parçasını götürdü. Bu, Volodya adlı bir uşağın 7-ci sinif şəhadətnaməsi idi. Dərin düşüncələrə dalmış şair qəzəb dolu gözlərini tapdalanmış şəhadətnaməyə dikərək dedi: «Kim bilir, bu məsum uşaq indi haradadır? Faşist gülləsi onun susdurmuşmu, ya da yaşayırmı? O, acdırmı, susuzdurmu, anasının yanındadırmı, yoxsa faşistlər onu məcburi əməyə cəlb etmişlər

Səməd Vurğun şəhadətnaməni müqəddəs bir xatirətək götürdü «bu şəhadətnamə yazılmamış bir sənət əsərinin mövzusu olacaqdır» - dedi. Mən gözlərimi S.Vurğundan çəkmirdim. Şair isə xarabaya çevrilmiş evin qarşısında, qurumuş armud ağacının başına qonmuş bir göyərçini seyrə dalmışdı. Sanki onunla danışırdı. Yetim uşaq kimi boynunu bükmüş göyərçin elə bil ki, kimsəsiz qalıb ağlayırdı. Ona dən, su verən, onu bəsləyib saxlayan, nəvazişini çəkən sahibini axtarırdı. Mən gözlərimi şairə dikmişdim. Onun deyəcəyini səbirsizliklə gözləyirdim. Ancaq hiss edirdim ki, şair öz ürəyində göyərçinlə danışır.

...Çox keçməmişdi ki, «Cəbhə xatirələrindən» qeydi ilə «Ədəbiyyat qəzeti»nin «Kommunist» qəzetinin 1943-cü il 12 dekabr nömrələrində «Göyərçin» şeirini oxudum».

«Göyərçin» şeirində qanlı-qadalı illərdə Ukrayna torpağında faşistlər tərəfindən törədilmiş fəlakətin poetik mənzərəsi verilmişdir. Şair göstərir ki, kiçik bir şəhər viran edilmişdir. Burada bir insan səsi var, bağ, bağça. Mal, qoyun mələşməsi eşidilmir. «Sanki bütün dünya laldır...»

Şair müharibənin dəhşət fəlakətlərini, ağır nəticələrini göyərçinin duruşunda, quşun gözləri ilə nəyi isə axtarmasında göstərmişdir.

Göyərçin «qərib qalmış ağacda» oturmuşdur. Çünki bütün evlər dağıdılmışdır. Quşun gözləri kiminsə intizarındadır. Lakin burada insan qalmamışdır.

Şair ukraynalı bir gözəlin portretini rəsm edir. Bu gözəl göyərçinin indi boylandığı, lakin boş qalmış eyvana çıxarmış. Şair qəlbli bu gözəl təbiəti sevərmiş. Günəşin özü belə gözəldəki şeriyyəti salamlarmış. O, roman oxuyar, corab toxuyarmış.

İndi o gözəl yoxdur. Dəhşətli müharibənin odları arasında o gözəl , roman da yanıb külə dönmüşlər. Bu faciədən «dilə gəlir göyərçin »:

 

Yaman olur hicran dağı.

O daş altda, toz içində

Bir romanın son varağı

O gözəldən bir yadigardır!

 

Bütün bunlarla yanaşı, Vurğun nikbinliyi, qələbəyə inam hissi «Göyərçin» şeirinin əsasını təşkil edir:

 

Bu gün-sabah qurulacaq

Bir ədalət məhkəməsi.

Dəyişəcək o gün dövran:

Bu zillətlər, bu möhnətlər,

Vaxtsız ölmüş məhəbbətlər

Baş qaldırıb torpaq altdan,

Hayqıracaq qisas deyə,

Hökm edəcək yerə, göyə.

 

Səməd Vurğunun əksər şeirləri kimi, «Göyərçin» bu günümüzlə səsləşir.

Şairin bu qəbildən olan digər şeirləri barədə gələn yazılarımızda...

 

Adilxan Bayramov,

filologiya elmləri doktoru

 

Mədəniyyət.- 2014.- 28 noyabr.- S. 13.