Mirzə Şəfi
Vazeh
O vaxtlar azərbaycanlılar onu “Gəncəli müdrik”, almanlar “Məhəbbət-Adam” adlandırırmışlar...
Zənnimcə, onun “özəl” həyat qəribəlikləri
gözəl yaradıcılığını xeyli dərəcədə “qəribliyə”
salıb tarixən. Bu qəribəliklərdən biri
(əslində, birincisi) “Bodenştedt
macərası”dır ki, bu,
şairin həmkarı, dostu
və milli inkişaf-intişar
əqidədaşı olmuş Mirzə Fətəlinin
“Kimyagər”indəki “...iksir barədə
fikirləşərkən meymunu yada salmamalısınız” epizodunu
xatırladır.
Onun ömrünə Bodenştedt adlı irfan “tufanından” öncə xəfifcə bir ruzi yeli əsib. Belə ki, Bağdada səfərində bir sufi dərvişlə tanış olan və onun fəlsəfi ideyalarının ardıcılına çevrilən əslən gəncəli, ticarətdə əli gətirmiş Hacı Abdulla Gəncəyə qayıdandan sonra Şərqin panteist fəlsəfi fikri ilə maraqlanan Mirzə Şəfi üçün bir işığa çevrilir. Bu işıq onun daha böyük bir mirzə ilə - M.F.Axundzadə, ədəbi sehrbaz Fridrix Bodenştedtlə tanışlığa, nəticə etibarilə doğma ölkəsindən əlavə, bütün Avropada məşhurluğa aparan yolu nura qərq edir. 1840-cı ildə Mirzə Fətəli Mirzə Şəfinin Tiflisdəki uyezd məktəbinə müəllim qəbul edilməsinə yardımçı olur və o - 1848-1850-ci illərdə Gəncədə çalışmasını nəzərə almasaq - ömrünün sonuna qədər burada işləyir. Tiflisdə tək elə müəllimliklə kifayətlənməyən Mirzə Şəfi azərbaycanlı şagirdlər üçün “Kitabi-türk” adlı dərs vəsaiti yazır. Hansı ki, həmin kitabdakı “müdrik deyimlər və təlimatlar” sonradan Bodenştedt tərəfindən mənimsənilmiş - əsl müəllifi göstərilmədən təkrar nəşr edilmişdi.
Onu kütlə qəflətinə qarışıb yatmağa, ələmlər içərisində batmağa qoymayan aydın təfəkkür və -
Aləm qələm
Qulağı oxşayan boş hecalardan,
Min cürə uydurma macəralardan,
Cənnət, cəhənnəmdən, dənizdən, çaydan,
Güldən və bülbüldən, günəşdən, aydan,
Hicrandan, vüsaldan, qəmdən, kədərdən,
Min dəfə çeynənmiş qafiyələrdən,
Şeir quraşdırıb mızıldayanlar!
Sizə şair kimi min nifrətim var!
Çünki tutduğunuz bu yol asandır,
Təkcə axmaqlarçün “ürəkaçandır”.
Şeriniz ürəyi gətirməz cuşa,
Qanan kəslər üçün bəladır başa!
Mirzə Şəfi Tiflisdəki daha geniş, daha qaynar mühitdə Gəncə ədəbi qovşağı ilə əlaqəni kəsmir, “Divani-hikmət” ədəbi məclisini davam etdirir, Abbasqulu ağa Bakıxanov, Mirzə Fətəli Axundzadə, şairlərdən Naseh, Məhəmməd Həsən, Mirzə Abdulla və başqaları ilə ünsiyyət imkanı qazanır. Qarşılıqlı əlaqələr, ədəbi qidalanmalar Mirzə Şəfini tam realizə edir və o, Tiflisdə Azərbaycan ədəbi-mədəni mühitinin intişar məntəqəsinə çevrilir. Və... 1843-cü ildə Fridrix Bodenştedt də bu məntəqəyə qədəm basır.
Sən demə, yaşca M.Şəfidən 25 il kiçik, təhsilcə isə müqayisəyəgəlməz dərəcədə böyük (Almaniyanın üç məşhur universitetini bitirmişdi), Moskvadan Tiflisə gəlib xarici dilləri tədris edərkən Şərq dillərini də öyrənmək fikrinə düşən Bodenştedtin taleyi onu poeziya oğruluğuna gətiribmiş - xatirələrində mələklik etsə də: “O zaman mən Tiflisdə yaşayan yeganə alman idim ki, Şərq dillərini öyrənmək istəyirdim. Mən tatar (türk) dilindən başladım, çünki bu dil Qafqazda müxtəlif millətlərdən olan insanlarla ünsiyyət üçün vacib sayılırdı. Bu dili bilən hər kəs hər yerdə rus dilini bilmədən də baş çıxara bilərdi”.
Bodenştedtin tanışları müəllim seçimində məhz Mirzə Şəfini - Gəncədə və Tiflisdə fərdi dərs deməkdə böyük və təkrarsız təcrübəsi olan şairi məsləhət görürlər. Sonralar öz plagiatlığı ilə bütün dünyanı heyrətləndirəcək Bodenştedt hələ qəlbinə şeytan girməmişdən yazdığı “Xatirələr”ində belə heyrətlənirdi: “Mən hələ onun dil dərslərinə kitab gətirdiyini görməmişdim. O, dediklərinin, diktə etdiklərinin, sitat gətirdiklərinin hamısını yaddaşından nəql edirdi!..”
Mirzə Şəfi çox zaman öz şeirlərini də ona diktə edər, hələ “məsum tələbə” dövrünü yaşayan, lakin həm də Tiflis ermənilərilə də bu dildə “xosunlaşıb” onların hal-xoyunu götürən Bodenştedt isə gələcək oğurluq işi üçün o şeirləri dəftərinə köçürərdi.
O şeirlər ki (!):
Tulla gəl çadranı... görünsün üzün
Gül də gizlədərmi de, bağda
özün?
Səni
qadir Allah, ey incə çiçək,
Yaratmış dünyaya verməkçün
bəzək.
De, bunca lətafət, bunca məlahət,
Solsun dar qəfəsdə neyçün, nəhayət!
Tulla gəl çadranı... bilsin ki, dünya
Yoxdur yer üzündə sənin tək afət.
Sənə, çadra kimi ey incə mələk,
Tək gecə zülməti olsun bürüncək...
Hə, ovaxtlar dünyaya təpədən-dırnağa çadrada təqdim edilmiş Şərqi bu cür təsvir
edən bu misraları avropalı alman necə təəccüb və sevgilərlə qarşılamayaydı?..
Mirzə
Şəfiyə məxsus
tədris üsulu sayəsində Bodenştedt
Azərbaycan və fars poeziyasının
gözəlliklərini incəliklərinə
qədər mənimsəyir.
Bundan çox məmnun olan sadədil Mirzə Şəfi isə - dədə-baba mentalitetimizə rəğmən
- özünün “Hikmət
açarı” kitabını
- başqa sözlə
desək, müəlliflik
haqqını ona bağışlayır.
Mirzə
Şəfinin həyat
və yaradıcılığı
uzun, maraqlı (lakin həm də sənədli) bir nağıla bənzədiyindən bu məqamda “nağılçı
dili yüyrək olar” ifadəsini də işlədib, bir çox maraqlı fakt və olayların üstündən keçməli
olur, obrazlı bir xitama qol
qoyuram. Belə ki, Bodenştedt 1845-ci ildə - Adolf Hitlerin əli Bakının qara qızılından üzüldüyü tarixdən
100 il öncə ələ keçirdiyi qızıl poeziyamız ilə Almaniyaya qayıdır və “Şərqdə 1001 gün”
adlı kitab yazır. Hələ “məsum”, sədaqətli Bodenştedt M.Ş.Vazehdən
tərcümə etdiyi
şeirləri də daxil etdiyi həmin
kitabda yazırdı:
“Ey gəncəli müdrik Mirzə Şəfi! Yenə xəyalımda surətin
canlanır. Sənin sözlərin
həqiqət oldu.
Sənin
nəğmələrin bizim
qız-gəlinlərin ürəklərində
özünə yuva tapdı. Sənin adın Qərb
dünyasında şərəflə
səsləndi”.
Bodenştedtin bu anadək müəllifi olduğu heç bir tərcümə və ya digər əsəri
ona bu “müəllifliyi”
qədər şan-şöhrət
gətirməmişdi. Kitab naşirin təklifi ilə “Mirzə Şəfi nəğmələri”
adı altında təkrar nəşr olunur, fransız, ingilis, holland, ispan, portuqal, rus, çex, macar və s. dillərdə çap edilir. “Nəğmələr”
1868-ci ildə 6 dəfə,
1876-da 12, elə təkcə
Almaniyada isə ümumilikdə 169 dəfə
(1922-ci ilədək) nəşr
edilir.
Həmin təkrar nəşrləri,
köşklərə gətirilcək
satılan kitabları
“sayan” sadə almanlar öz soydaşlarından birinin hesabına fələyin nə sayacağından xəbərsizmişlər. Belə ki,
bütün bu uğurlar sonradan Bodenştedti Mirzə Şəfi irsini bütünlüklə mənimsəmək
eşqinə salır.
Lakin son nəşrdə o özü-özünü
“ifşa” edir. Guya bu şərqli
obrazı onun canına-qanına o qədər
hopubmuş ki, bir vaxtlar öz
şeirlərini belə
Mirzə Şəfi adı ilə imzalayıbmış!..
Bütün yaradıcılıq ömrü qaranlıqlar, çətinliklər, gözlənilməzliklərlə
müşahidə olunan
bu şairlə bağlı anlaşılmazlıqlardan
biri də budur ki, bir
çox ölkələrdə
“Mirzə Şəfinin
nəğmələri” fars dilindən tərcümələr kimi
qələmə verilir.
Hətta məşhur
Anton Rubinşteynin Mirzə
Şəfinin sözlərinə
bəstələdiyi 12 romansdan
ibarət musiqi silsiləsi də “Fars nəğmələri” adlanırdı...
Hələ o qarmaqarışıq dövr, qara-qərəmət aləmlə bağlı olaylar bir yana, bu “avtoritet” internet əsri də - Mirzə Fətəlidən 18 il, Mirzə Ələkbər və Mirzə Cəlildən iki qərinəcə əvvəl doğulmuş bu ilk milli Mirzəmizin yaxasından əl götürmür. Məsələn, saytların birində oxuyuruq ki, camaat “dəmir yollar çəkəndə, nəhəng körpülər salanda, diplomatik çarpışmalar aparanda Mirzə Şəfi də oturub divan yazırmız...”
Bu “saqqızoğurlayan” fikirlə ilk baxışda (oxunuşda) razılaşırsan... Amma sonra bunu da fikirləşməyə bilmirsən ki, əcəba, həmin dövr “proqres”inin önündə gedənlərdən biri də - onu o qədər qiymətləndirmiş alman xalqı deyildimi və ya sənətkarlarımız siyasət-iqtisadiyyatçılarımız dəbərənədək oturub gözləməli, heç nə yazmamalıymışlarmı?..
Tahir Əhmədalılar
Mədəniyyət.- 2014.- 28
noyabr.- S. 11.