Sadəliyin
mürəkkəbliyi
65 yaşına çatmış səmimi aktyor Məhərrəm Musayev haqqında ehtiramlı düşüncələr
Azərbaycan
teatrının istər truppalar şəklində,
istərsə də dövlət təsisatında fəaliyyət
göstərdiyi dövrlərdə bütün
kollektivlərdə tipik obrazlar
ifa edən aktyorlar olub. Onları iki qəbilə
ayırmaq olar: əsas tipik
obrazları ifa edənlər və epizod xarakterik rollar oynayanlar. Bu qəbil aktyorların arasında
yaradıcılıqda dərin iz qoyanlar da olub,
səhnə fəaliyyəti ötəri xarakter
daşıyanlar da. Uğur
qazananların yaradıcılıqlarındakı əksər
rollar sadə olsa da, sənətkarlıq səciyyələri
mürəkkəbliyi, cazibədarlığı, koloriti ilə diqqəti cəlb edib. Bu gün
də Azərbaycan teatrında belə maraqlı aktyorlar var və onlardan biri də Məhərrəm
Musayevdir.
Məhərrəm Masallının Şərəfə kəndində doğulub və orta məktəbi də orada bitirib. 1966-cı ildə sənədlərini Mirzağa Əliyev adına Azərbaycan Dövlət Teatr İnstitutunun aktyorluq fakültəsinə verib. Qəbul imtahanında görkəmli rejissor Ədil İsgəndərov ona deyib ki, hələ bədəncə çox cılızsan, bir az ətə-qana dolanda gələrsən. Rayona qayıdıb, üç il kolxozda işləyib, iki il hərbi xidmətdə olub, ancaq aktyor olmaq arzusundan dönməyib. İnstitutun dram və kino aktyorluğu fakültəsində 1971-1975-ci illərdə təhsil alıb.
Təhsilini başa vuraraq Nəcəf bəy Vəzirov adına Lənkəran Dövlət Dram Teatrında aktyorluq edib. 1985-1987-ci illərdə Moskva Akademik Bədaye Teatrının bədii rəhbəri Oleq Yefremovun və Lenin Komsomolu adına Moskva Dövlət Dram Teatrının baş rejissoru Mark Zaxarovun ustad kurslarında təcrübə keçib. Yenidən Lənkəran teatrına qayıdıb. 2000-2009-cu illərdə Dövlət Gənclər Teatrında aktyorluq edib. 2009-cu ildən Gənc Tamaşaçılar Teatrının truppasındadır.
İlk baxışda sadə yaradıcılıq yoludur. Amma və di gəl ki, bu sadəliyin içərisində dolğun sənət uğurları var və Məhərrəm tipik personajlar ifaçısı kimi həmişə tamaşaçıların maraq dairəsində olub. Aktyor komediyalarda Tarverdi («Xırs quldurbasan», Mirzə Fətəli Axundzadə). Hacı Murad («Tamahkar», Süleyman Sani Axundov), Əliqulu, Bərbərzadə («Əliqulu evlənir» və «Xoşbəxtlər», Sabit Rəhman), Qlumov («Müdriklər», Aleksandr Ostrovski), Filiçço («Pul mənim, yar mənim», Eduardo de Filippo), Cənab Zeyal, Azqal («Tartüf» və «Vasvası xəstə», Jan Batist Molyer), Məsuliyyətsiz («Avtobus», Stefan Stratyev) rollarını uğurla oynayıb.
Onun aktyor palitrasındakı əlvan və ecazkar rənglərin kökü milli xalq oyun-tamaşalarının estetik mahiyyətinə bağlıdır. Məhərrəm yumoru həm sırf məişət kontekstində, həm ictimai-sosial mahiyyətdə, həm də kəskin sarkazm səviyyəsində ifa edə bilir. Bu ifasında aktyor heç vaxt daxilən gərgin olmur, sadəliyi, reallığı, təbiiliyi və məlahətli cazibədarlığı ilə tamaşaçılarda heyranlıq doğurur.
Tip-personajı göstərmə teatr estetikasında deyil, yaşama teatr məktəbi prinsiplərində oynayır. Buna görə də onun rolları hadisələrin inkişaf xəttinin, tamaşanın sürət-ritminin ahəngdar harmoniyasında tamaşaçılara mərhələ-mərhələ təqdim olunur. Aktyor hər yeni vəziyyətdə öz obrazının xarakterinə uyğun orijinal ifadə elementi ilə tamaşaçılarda maraq doğurmağı bacarır.
Məhərrəm Musayev tip yaratmağa dərin maraq göstərən və əksər hallarda istəyinə peşəkarlıqla nail ola bilən aktyordur. Onun ifasında Kərəmov həm əbləh hərəkətlərə yol verir, həm də sadəlövhdür, maraqlı insani xüsusiyyətləri var. Aktyor öz məzmunlu oyunu ilə Kərəmovun bu gününün rəzilliyi ilə yanaşı, hünərli dünənini də gözlərimiz önündə canlandırır.
Aktyorun Əliqulusu adi komediya personajı deyil, mürəkkəb və komik vəziyyətlər içində mənəvi tarazlığını itirən, ləyaqət hissini unudan miskin tip-personajdır. Aktyor öz oyunu ilə təsdiqləyir ki, vəzifə üçün şərəf və ləyaqətini tapdalayan fərdlərin aqibəti mənəvi puçluğa məhkumdur.
Azərbaycan teatrında maraqlı Bərbərzadə ifaları çox olub. Məhərrəmin koloritli Bərbərzadəsinin sadəlövhlüyündə bir məhrəmlik, hətta məlahət var. Ahıl yaşında aşiq olub sevgisi üçün özündən asılı olmayan köntöy hərəkətlərə yol verən saf qəlbli insandır. Onun yumorunda qəribə ülfət, sadəlik, səmimi yumor var və tamaşaçılar bu xarakter xüsusiyyətlərinə görə Bərbərzadəyə rəğbətlə yanaşırlar.
Məhərrəm Musayev ifa etdiyi komediya rollarında heç vaxt daxili gərginlik keçirmir. Onun sifət cizgilərində səmimi bir cazibə var və bu maraq doğuran cəhət hər rolda yeni obraz-maska prinsipində təqdim edilir. Buna görə də aktyorun bəzən çöhrəcə bir-birindən o qədər də seçilməyən səhnə personajlarının ifasında çox təzadlı, fərqli, orijinal ifadə elementləri ilə rastlaşırıq. Aktyor bu müxtəlifliyi tamaşaçılara «zorla» qəbul etdirmir. Əksinə, onun daxili enerjisində yumşaq həlimlik, zərif məlahət və məsum bir yumor var.
Aktyorun yaradıcılığında dramatik və müəyyən mənada fəci xarakter daşıyan psixoloji obrazlar da var. Süleyman bəy («Dağılan tifaq», Əbdürrəhim bəy Haqverdiyev), Sultan Mahmud («Min illərin işığı», Kamil Abdullayev), Mürid («Şeyx Sənan», Hüseyn Cavid), General Varravin («Tarelkinin ölümü», Nikolay Suxovo-Kobılin), Tifxon İvanoviç («Tufan», Aleksandr Ostrovski), Müsyö Ravel («Haray», Zeydulla Ağayev), Şəmi («Əcəl atı», Vaqif Əlixanlı) obrazlarını xatırlamaq kifayətdir. Məsələ ondadır ki, müxtəlif janrlarda hazırlanmış həmin tamaşalarda da Məhərrəmin oyununun bədii dəyərini aktyorun tipik obraz yaratmaq bacarığı müəyyənləşdirir. O, adətən az, lakin dərin məna daşıyan, müəyyən fikir yükünü çəkən ifadə vasitələrinə üstünlük verir. Hərəkət dialoqlarından və hərəkət monoloqlarından bacarıqla bəhrələnir. Yəni, pauzalarda onun səhnədəki hərəkətləri (baxışları, gediş-gəlişləri, qayğılı-qayğılı var-gəl etməsi və s.) mütləq həmin epizoddakı mövcud vəziyyətin psixoloji mahiyyəti ilə uzlaşır.
Məhərrəm Musayev epizod rollar da ifa edib və həmin tamaşalarda da özünün tip-obraz yaratmaq vərdişini yeni estetik çalarlarla göstərə bilib. Kiçik həcmli epizod rollarda əsas aktyor məqsədi obrazın görkəmini və yerişini tapmağa yönəlir. Bunu dəqiqləşdirdikdən sonra bədii personajın daxili ritmini və danışıq koloritini müəyyənləşdirməyə çalışır. Tapdığı vasitələri məşq prosesində inamla, hətta mən deyərdim bəzən gözlənilməz cəsarətlə reallaşdırır.
Həyatda kiminləsə həmsöhbət olanda Məhərrəmin yumşaq, həlim xarakteri yöndaşına rahatlıq, dinclik verir. Səhnədə isə bu sakitliyin arxasında güclü sənət ehtirası və mənalı-məzmunlu çılğınlıq, ifadəli coşqunluq var. Ən əsası isə odur ki, Məhərrəm Musayev hər təzə rolunda özünün bu aktyorluq keyfiyyətlərini, tamaşanın janrından asılı olaraq, yeni rəngdə, yeni çalarlarda, canlı dinamikayla, şux koloritlə, emosional zərifliklə, psixoloji dramatizmlə verə bilir. Bütün bunlara görə də Məhərrəm Musayevin ifadə cəbbəxanasında xeyli sayda, müxtəlif məzmun-formada, fərqli rəng-koloritdə tip-personaj maskaları vardır.
Aktyor bir sıra seriallara da çəkilib. Hiss olunur
ki, o, kameranı duymaqda həssasdır, iri və orta
planlarda necə oynamağı, hansı ştrixlərə üstünlük
verməyi dəqiqliklə
ölçüb-biçə bilir.
Həm səhnədə,
həm də ekranda Məhərrəm Musayevin xoş təsir bağışlayan
yaradıcılıq vərdişlərindən
biri də tərəf-müqabillərinə həssas, diqqətcil olmasıdır. Aktyor ifa etdiyi obrazla xaraktercə əks qütbdə dayanan personajı oynayan sənət yoldaşının gözlərinə
şax baxmağı bacarır. Şax baxmağın ikinci,
üçüncü planlarında
isə Məhərrəm
öz obrazının
psixoloji mahiyyətini açan elementləri daha da qabardır,
onun fikir və məna dəyərini artırır.
Məhərrəm Musayev kifayət qədər rol oynayıb, kifayət qədər müxtəlif
janrlı tamaşalarda,
filmlərdə çıxış
edib, kifayət qədər bənzərsiz
tip-obraza səhnə həyatı verib. Bunlar öz
yerində. Mənim üçün
və yəqin ki, həm də
aktyora rəğbət
bəsləyən tamaşaçılar
üçün önəmlisi
odur ki, Məhərrəm həmişə
səhnədə canlıdır,
koloritlidir, ehtiraslıdır
və ən əsası, sadədir, səmimidir, cazibədardır.
Səmimiyyət və sadəlik
isə, peşəsindən
asılı olmayaraq, həmişə insana mənəvi ucalıq gətirən keyfiyyətlərdir.
Biz də Məhərrəm
Musayevi həm səhnədə, həm ekranda, həm də həyatda həmişə bu ucalıqlarda görmək
istəyirik.
İlham Rəhimli
Mədəniyət.- 2014.- 28
noyabr.- S. 10.