Tovuz rayonunda mədəni
turizm inkişaf edir
Azərbaycanın qərb bölgəsində turizmin
inkişafı Mədəniyyət
və Turizm Nazirliyinin prioritet fəaliyyət istiqamətlərindən
biridir. Son
illər bölgədə
bu məqsədlə bir sıra layihələr
həyata keçirilib.
Tovuz
Rayon Mədəniyyət və
Turizm Şöbəsinin
müdiri Aydın Qasımovun sözlərinə
görə, Böyük
Qışlaq, Ağdam,
Qaralar, Abdal kəndləri istiqamətində
4 turizm marşrutu müəyyənləşdirilib: «İndiyədək əsas
problemimiz yolla bağlı idi. Artıq bu problem həllini tapıb. Bu marşrutların
üzərində qədim
tarixə malik mədəni abidələr
yerləşir. Turistlərin abidələrə baxmaq üçün uzaq məsafəyə getməsinə
ehtiyac yoxdur. Göytəpə qədim yaşayış
məskəni İpək
Yolu magistralının
bir kilometrliyindədir.
Burada açıq səma altında muzey təşkil olunacaq.
Muzeyin tikintisinə gələn il başlanması nəzərdə tutulur”.
Şöbə müdiri qeyd etdi ki, rayonda
50-yə yaxın irili-xırdalı
turizm obyekti var. Onlardan 5-i müasir standartlara tam cavab verir. Turistlərin istirahəti
üçün yüksək
şərait yaradılıb:
«Şəhərin girəcəyində
- Tovuz çayının
sol sahilində yerləşən
Olimpiya Kompleksi müasir tələblərə
cavab verən idman və istirahət
mərkəzidir. Komplekslə
üzbəüz 10 hektar
sahədə Heydər
Əliyev adına
Mədəniyyət və
İstirahət Parkı
yaradılıb. Onu da qeyd edim ki,
bu, ərazisinə görə respublikanın
ən iri parklarından biridir».
Aydın Qasımovun sözlərinə
görə, 2014-cü ilin
ötən dövrü
ərzində Tovuza 50
minə yaxın turist gəlib. Onların
arasında əcnəbilər
də olub: «Xarici turistləri istirahətdən daha çox rayon ərazisindəki
qədim abidələr
və yaşayış
məskənləri maraqlandırır.
Biz də onlara
bu istiqamətdə yardımçı olur, qonaqlara mədəni irs və tariximiz
barədə məlumat
veririk».
Tovuzda fəaliyyət göstərən
turizm obyektlərində
400-ə yaxın yerləşdirmə
yeri var. 50 yerlik “Şam ağacı” mehmanxanası açılmaq
üzrədir: “Artıq
rayona gələn turistlər üçün
yer problemi yoxdur. Kənd yaşıl turizmi
inkişaf edib, gələn qonaqlar fərdi evlərdə də qalırlar».
Qeyd edək
ki, rayonun zəngin tarixi abidələri mədəni
turizmin inkişafı
üçün geniş
imkanlar açır. 62 daşınmaz tarixi və mədəniyyət
abidəsi qeydiyyatdadır.
Rayon mərkəzindən 12
km məsafədə, Kür
çayının sağ
sahilində yerləşən
«Torpaqqala» qədim yaşayış yeri də turizm üçün maraqlı
məkandır. Qovlar qəsəbəsi
və İbrahimhacılı
kəndində xarici turistlər üçün
maraq kəsb edəcək şərab dequstasiyası zalları və konyak klubu var. Zəyəm dağ çayında turistlərin balıq tutması, su idmanı ilə məşğul olmaları,
istirahəti üçün
müasir obyektlərin
yaradılmasına başlanılıb.
Aşağı Quşçu kəndi ərazisində, Bakı-Qazax
magistral yolunun bir kilometrliyində eramızdan əvvəl VI
minilliyə aid edilən
«Göytəpə» yaşayış
məskəni turistlərdə
ölkəmizin tarixi barədə təsəvvür
yaradan mühüm məkanlardandır. Vahidli kəndində Axıncı
çayı üzərində
XIX əsr memarlıq abidəsi olan «Sultan körpüsü», xüsusi
coğrafi quruluşa malik «Qala düzü»
ərazisi də maraqlı turizm obyektidir. Tovuz şəhərində
1923-cü ildə alman
icması tərəfindən
tikilib istifadəyə
verilmiş şərab
zavodu «Şərab yolu marşrutu» turizm layihəsinə daxil edilib. Yeni inşa olunmuş karvansara tipli «Qala», «Üç qala» kompleksi də turistlər üçün maraqlı
məkandır.
Bu yaxınlarda rayonda
aşkar edilən Cənubi Qafqazın Neolit dövrünə aid
ən qədim yaşayış məskəni
isə Tovuzu turistlər üçün
daha maraqlı məkana çevirib. Hacı Ələmxanlı
abidəsi e.ə. VII minilliyin sonlarına aid edilir. Sonradan sivilizasiyanın inkişafı
və şəhər
mədəniyyətinin yaranması
bu ərazidəki qədim yaşayış
məskənlərinin fonunda
formalaşıb. 2012-ci
ildən ərazidə
Azərbaycan və Yaponiya arxeoloqları qazıntılar aparırlar.
Tovuzdakı Heydər Əliyev Mərkəzi, Tovuz Tarix-Diyarşünaslıq Muzeyi,
Aşıq Sənəti
Dövlət Muzeyi, Rəsm Qalereyası eksponatlarla zəngindir. Rayonda hazırda
Mədəniyyət və
Turizm Nazirliyi tərəfindən Aşıq
Sənəti Dövlət
Muzeyi üçün
yeni üçmərtəbəli
bina tikilir.
Fəxriyyə Abdullayeva
Mədəniyyət.- 2014.- 28
noyabr.- S. 9.