Gədəbəyə
gələn turistlərin sayı ildən-ilə artır
2014-cü ilin ötən dövründə Gədəbəyə
80 min nəfərə yaxın turist gəlib. Bu barədə
qəzetimizə açıqlamasında Gədəbəy Rayon Mədəniyyət və Turizm
Şöbəsinin müdiri Ramiz Məmmədov bildirdi.
Onun sözlərinə görə, bu rəqəm rayonda fəaliyyət göstərən turizm obyektlərində qeydiyyatdan keçənlərin sayını əks etdirir. Gerçəkdə isə rayona istirahətə gələnlərin sayı daha çoxdur. Bölgəyə gələn qonaqlar bir çox hallarda kirayələdikləri şəxsi evlərdə qalmağa üstünlük verirlər. Türkiyə, İran, Avropa ölkələrindən də turistlər gəlir.
Ötən il isə rayona gələn turist sayı 60 min nəfər olub. R.Məmmədov bildirdi ki, artımın mühüm səbəblərindən biri bölgədə aparılan geniş tikinti-quruculuq işləridir. Yol infrastrukturu qurulur. Turizm fəaliyyəti ilə məşğul olan sahibkarlara şərait yaradılır. Bütün bunlar regionlarda turizmin inkişafı üçün gözəl zəmindir.
Şöbə müdirinin sözlərinə görə, hazırda Gədəbəydə 7 əsas turist obyekti fəaliyyət göstərir. Bunlardan 4-ü Mədəniyyət və Turizm Nazirliyinin lisenziyası əsasında işləyir. Bu istirahət mərkəzlərində gün ərzində 200 nəfər dincələ bilər.
Romantik səyahətləri xoşlayanlar üçün rayonda piyada marşrutu var: Gədəbəy-Qızılqala meşəsi-Namərdqala (13 km), Gədəbəy-Söyüdlü kəndi (5 km), Gədəbəy-Maarif kəndi-Slavyanka kəndi (10 km).
Rayonda turizm potensialının tam şəkildə realizə olunması üçün bir sıra məsələlər həllini tapmalıdır. Bu sırada başlıca şərtlərdən biri tarixi yer və abidələrə aparan yolların abadlaşdırılmasıdır. Bundan əlavə, tarixi abidələrin bir çoxunun mütəxəssislər tərəfindən təmir-bərpasına ehtiyac var.
Fəxriyyə Abdullayeva
Mədəniyyət.- 2014.- 28
noyabr.- S. 9.