Milli İncəsənət Muzeyində “İstisoyuq

 

Sərgidə Mərkəzi Avropa ölkələrinin şüşə və çini qabları nümayiş olunur

 

Noyabrın 26-da Azərbaycan Milli İncəsənət Muzeyində Mərkəzi Avropa Mədəniyyət Platformasının təşkilatçılığı ilə «İstisoyuq» adlı şüşə və çini qablar sərgisi açıldı. Sərgidə Mərkəzi Avropanın beş ölkəsinin şüşə və çini qab sənəti nümunələri yer alıb.

 

Muzeyin direktoru, Əməkdar incəsənət xadimi Çingiz Fərzəliyev qonaqları salamlayaraq sərgi barədə məlumat verdi. Bildirdi ki, Milli İncəsənət Muzeyi hər zaman böyük sərgilərə ev sahibliyi edib, belə bir sərgi isə ilk dəfə təşkil edilib: “Şüşə və çini qablar dedikdə ilk öncə gözlərimiz önünə Çexiya, Avstriya, Polşa, Sloveniya, Macarıstan, Slovakiya gəlir. Çünki həmin ölkələr bu sahədə həmişə nümunə olub. Bu sərgidə həmin ölkələrin brendi sayılan şüşə və çini qabları təqdim edilir».

Çexiyanın Azərbaycandakı səfiri Vitezslav Pivonka bildirdi ki, Mərkəzi Avropa Mədəniyyət Platforması 2001-ci ildə «Regional Tərəfdaşlıq» ölkələri (Avstriya, Polşa, Macarıstan, Çexiya, Slovakiya, Sloveniya) xarici işlər nazirlərinin ilk konfransında mədəni dialoq məqsədilə yaradılıb. Qurum tərəfindən mədəni layihələr həyata keçirilir: «Platforma dünya üzrə 50-dən çox layihə təqdim edib. Bu layihə Mərkəzi Avropada uzunmüddətli ənənəyə malik olan istisoyuq içkilərin içilməsi mədəniyyətinə diqqəti cəlb edir”.

Səfir sərginin keçirilməsində göstərdiyi dəstəyə görə Azərbaycanın Mədəniyyət və Turizm Nazirliyinə təşəkkürlərini bildirdi.

Çexiya Xarici İşlər Nazirliyinin nümayəndəsi Jan Bondyinin sözlərinə görə, Mərkəzi Avropa Mədəniyyət Platformasının əsas məqsədi Mərkəzi Avropa ölkələrinin mədəni həyatı haqqında məlumat yaymaqdır. Platforma hazırda diqqətini Balkan və Şərq Tərəfdaşlığı ölkələrinə yönəldib: «2014-cü ilin ikinci yarısında Çexiya Respublikasının sədrliyi altında platformanın fəal üzvləri - Avstriya, Macarıstan, Polşa, ÇexiyaSlovakiya «İstisoyuq» adlı dizayn-layihə yaratmaqla, özlərini Azərbaycanda təqdim etmək qərarına gəldilər. Bakıda olmaqdan məmnunluq duyuruq».

Layihənin baş kuratoru və Çexiyanın Yablones-nad-Nisou şəhərində şüşə və çini qablar muzeyinin direktoru Petr Novi bildirdi ki, şüşə və çini qablar Avropada icad olunmasa da, bu materialların emalı burada elə zəriflik və incəliklə öyrənilib ki, şüşə və çini qablar üç əsrdən artıqdır ki, qitənin mədəni rəmzinə çevrilib: «Təbii ki, hər bir ölkə özünəməxsus xüsusiyyətləri ilə fərqlənir. Çexiya, Polşa, Macarıstan, Avstriya və Slovakiyanın içki qablarından görürük ki, bu xüsusiyyətlər incəsənətdə, sənətkarlıqda, həmçinin də şüşə və çini istehsalının üsulunda öz əksini tapıb. Ticarətdə uğur əldə etməyin bir çox üsulları var. Lakin uzunmüddətli uğur əldə etmək üçün uzaqgörənlik, yaradıcılıq və cəsarət kimi xüsusiyyətlərin olması vacibdir. Əminik ki, Mərkəzi Avropada dizaynerlər bu xüsusiyyətlərə yiyələniblər».

Qeyd edək ki, sərgidə beş ölkənin şirkətlərinin istehsalı olan klassikmüasir şüşə və çini badələr nümayiş olunur. Burada dünya üzrə tanınmış brendlərın - Avstriyanın «Glasshutte Comploy», Çexiyanın «Moser», Macarıstanın «Herend», Polşanın «Cmielow» və «Chodziez»in nümunələri yer alıb. «Augarten», «Bomma» və «Clara» kimi nisbətən yeni firmaların məhsulları da təqdim olunur. Şüşə istehsalçıları daimi olaraq formaların və dekorun yeniləşməsi üzərində işləyib, dünyanın müxtəlif yerlərindən olan müştərilərinin zövq və ehtiyaclarını ödəmək üçün istehsal üsullarını təkmilləşdiriblər.

Sərgi dekabrın 10-dək ictimaiyyət üçün açıq olacaq.

 

Fəxriyyə Abdullayeva

 

Mədəniyyət.- 2014.- 28 noyabr.- S. 5.