Bu, xalq sənəti irsimizin tanıdılması deməkdir”

 

“Kəlağayının müxtəlif rəngləri, ornamentləri, çalarları özündə tariximizi, mədəniyyətimizi əks etdirir

 

Noyabrın 26-da UNESCO-nun qeyri-maddi mədəni irs üzrə Hökumətlərarası Komitəsinin Parisdə keçirilən 9-cu illik sessiyası zamanı Azərbaycan mədəniyyəti, tarixixalq sənəti irsi üçün əlamətdar olan hadisə baş verdi. Sessiyanın iclasında Azərbaycan kəlağayı sənəti UNESCO-nun qeyri-maddi mədəni irs üzrə reprezentativ siyahısına daxil edildi. Zəngin mədəni mirasımızın daha bir nümunəsinin dünyada tanınması və bəşəriyyət xəzinəsinə salınması ilə bağlı tanınmış etnoqraf alimlər, mütəxəssislər ürək sözlərini qəzetimizlə bölüşdülər.

 

Tarix elmləri doktoru, professor, AMEA-nın həqiqi üzvü Teymur Bünyadov:

- İlk növbədə bütün Azərbaycanı təbrik edərək bütün bu işdə əməyi olan şəxslərə, ilk növbədə Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevaya təşəkkür edirəm. Azərbaycanda qadın həmişə uca sayılıb. Xanımlarımızın baş örpəyi həmişə namus və ismət rəmzi olub. Baş örtüyü, kəlağayı nəsildən-nəslə ötürülərək əmanət edilib. Şəkidə, İsmayıllıda toxunan kəlağayıların üzərindəki naxışların özü də qadınlığın bir simvoludur. Kəlağayının müxtəlif rəngləri, ornamentləri, çalarları özündə tariximizi, mədəniyyətimizi əks etdirir. Ona görə də kəlağayının UNESCO-nun qeyri-maddi mədəni irs siyahısına daxil edilməsi Azərbaycanın, xalq sənəti irsimizin tanıdılması deməkdir, Azərbaycan qadınının tanıdılması deməkdir. Qoy dünya bilsin ki, kəlağayı qadına nəyə görə lazımdır və bu təkcə bəzək əşyası deyil. Bu hadisə ilə biz bir daha ölkəmizin qeyri-maddi mədəni irsini dünyaya tanıtmış olduq.

 

AMEA-nın ArxeologiyaEtnoqrafiya İnstitutunun elmi işçisi Solmaz Məhərrəmova:

- Bu xəbər bizlər üçün çox sevindirici oldu. Dəyərlərimizə verilən qiymətdir. Bizim kəlağayılar bu gün dünyada məşhurdur və öz unikallığı ilə seçilir. Azərbaycan kəlağayı sənətinin UNESCO-nun siyahısına daxil edilməsi mədəniyyətimiz üçün böyük töhfədir. Mənim vaxtilə “Mədəniyyət” qəzetində Basqal kəlağayılarından bəhs edən yazım dərc edilmişdi. Bir daha bildirmək istərdim ki, 1862-ci ildə Azərbaycan ilk dəfə Londonda keçirilən dünya sərgisində iştirak edib, həmin sərgidə basqallı Nəsir Abduləziz oğlunun toxuduğu kəlağayı və qanovuz parça gümüş medaldiplomla mükafatlandırılıb. Bu gün Basqalda kəlağayı sexi fəaliyyət göstərir. Basqal kəlağayıları indi də məşhurdur və xarici ölkələrə ixrac olunur. İnanıram ki, bu hadisədən sonra kəlağayının şöhrəti daha da artacaq.

 

Tarix elmləri doktoru, professor Təvəkkül Səlimov:

- UNESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın dəstəyi, Mədəniyyət Turizm Nazirliyinin səyi nəticəsində hazırlanan bu layihənin təsdiq edilməsi Azərbaycan üçün çox vacib önəmli hadisədir. Bundan əvvəl muğam ifaçılıq sənətimiz, Azərbaycan xalça sənəti, aşıq sənəti, tar ifaçılığı, Novruz Bayramı, çövkən atüstü oyun ənənəsi UNESCO-nun siyahısına daxil edilmişdi. Bu da Azərbaycanla UNESCO arasında qurulan əsaslı əlaqələrin nəticəsidir. Bütün bunlar milli dəyərlərimizin dünyada tanıdılması, adətlərimizin, mədəni irsimizin qorunaraq, beynəlxalq səviyyədə təbliğ edilməsi deməkdir. Əcdadlarımızın yaratdıqları xalq sənətkarlığı nümunələrindən olan qadınlarımızın əsrlərlə qoruyaraq bu günümüzə qədər gətirdikləri kəlağayı müasir dövrümüzdə öz dəyərini qoruyub saxlayıb. Qadınlarımızın ismət, cah-calal simvolu sayılan kəlağayılar gəlin gedən qızlar üçün ən yaxşı hədiyyə olub həmişə. Bir daha bütün xalqımızı təbrik edirəm.

 

Lalə Azəri

 

Mədəniyyət.- 2014.- 28 noyabr.- S. 4.