Milli ruhlu, mətin şair
Əli Tudə - 90
Noyabrın 26-da Rəşid Behbudov
adına Dövlət Mahnı Teatrında Azərbaycan mühacirət ədəbiyyatının
tanınmış nümayəndəsi,
Əməkdar incəsənət
xadimi, şair Əli Tudənin (Cavadzadə) 90 illik yubileyinə həsr edilən tədbir keçirildi.
Tədbirdə əvvəlcə Xalq
şairi Nəriman Həsənzadə çıxış
edərək Əli Tudə ilə bağlı xatirələrini
bölüşdü: Onunla
30 il qonşu olmuşam. Çox yaxın əlaqələrimiz
olub. O, daim azadlıq duyğuları,
yurd həsrəti ilə yaşadı-yaratdı.
Gənclik illərindən həyatı
qaçaqaç-qovhaqovda, qadağalarda
keçib. Ağır mühacir
ömrü yaşayıb,
zamanın çətin
sınaqlarına çəkilib.
Ruzigarın ən kiçik
sevincinə belə həsrət qalıb.
Qeyd olundu ki, şair əslən
Ərdəbilin Çanaxbulaq
kəndindəndir. Ailəsi ötən
əsrin əvvəllərində
Şimali Azərbaycana
köçüb. Əli 1924-cü ildə Bakıda anadan olub. Bir yaşında ikən atası, beş yaşı
olanda isə anası dünyasını
dəyişib. O, nənəsinin
himayəsində böyüyüb,
13 yaşında ədəbiyyat
dərnəyinin üzvü
olub, şeirləri dərc olunub.
Zavallı yeniyetmə 1938-ci ildə
- repressiyalar dönəmində
Cənubi Azərbaycan
mənşəli olduğundan
sovet Azərbaycanını
tərk etməli olur. Ağır həyat tərzi
yaşayır. 1940-cı
ildə Cənubi Azərbaycanda azadlıq hərəkatı başlayır.
O da inqilabi hərəkata qoşulur. Bütün varlığını və
istedadını bu mübarizəyə həsr
edir. Milli ruhlu şeirlər
yazır və xalqı istiqlala səsləyir. Əli Tudə
Təbrizdə mətbuatın
inkişafında böyük
rol oynayıb. Təbrizin şairlər məclisində
ona Tudə, yəni xalq təxəllüsü verilib.
AMEA Nizami adına
Ədəbiyyat İnstitutunun
əməkdaşı Ağahüseyin
Şükürov görkəmli
şairin yaradıcılığından
bəhs etdi. Bildirdi ki, Əli Tudənin
poeziyasında vətən
və ayrılıq motivləri üstünlük
təşkil edir.
Tellərdə çırpınan həsrətlər,
Mənə elə baxma kitablarında ədibin poema və hekayələri, Öz gözlərimlə
əsərində isə
Cənubi Azərbaycanla
bağlı xatirələri
toplanıb.
Yazıçılar Birliyi Cənubi Azərbaycan bölməsinin
rəhbəri Sayman Aruz şairin ictimai fəaliyyətindən
danışdı. Qeyd olundu
ki, 1945-ci ildə qurulan Cənubi Azərbaycan Milli Hökumətinin Maarif Nazirliyində şöbə
müdiri işləyib.
Ana dili kitabının
tərtibi və çap olunmasında fəal iştirak edib. Təbrizdə filarmoniya yaradılır.
O, Cənubi Azərbaycanın
şəhər və
kəndlərini mahal-mahal,
kəndbəkənd gəzərək
istedadlı gəncləri
bu mədəniyyət
ocağına cəlb
edir. Milli Hökumət onu ən ali
mükafatla - 21 Azər
medalı ilə təltif edir. O vaxt bu alovlu
şairin 22 yaşı
var idi.
Bir il sonra
böyük qurbanlar bahasına qurulan Cənubi Azərbaycan Milli Hökuməti süqut edir. Əli Tudə də mühacirət etmək məcburiyyətində qalır,
yenidən Şimali Azərbaycana pənah gətirir, burada zəngin yaradıcılığını
davam etdirir. 40-a yaxın kitabın
müəllifi olan şairin əsərləri
bir çox dillərə tərcümə
edilib. Əli Tudə 1996-cı il fevralın 26-da vəfat edib, Fəxri xiyabanda dəfn olunub.
Tədbirdə şairin öz
səsində xatirə
lent yazıları dinlənildi.
İncəsənət ustalarının ifasında şeirləri və şeirlərinə
bəstələnən mahnılar
səsləndirildi.
Sonda şairin
oğlu Natiq Cavadzadə tədbirin təşkilatçılarına və iştirakçılarına
öz dərin minnətdarlığını bildirdi.
Savalan Fərəcov
Mədəniyyət.- 2014.- 28
noyabr.- S. 4.