Mədəni irsimizin növbəti təntənəsi

 

Azərbaycan kəlağayı sənəti UNESCO-nun siyahısına daxil edildi

 

Xəbər verdiyimiz kimi, noyabrın 24-də Parisdə UNESCO-nun qeyri-maddi mədəni irs üzrə Hökumətlərarası Komitəsinin 9-cu illik sessiyası işə başlayıb. Sessiyada mədəniyyət və turizm nazirinin müavini Sevda Məmmədəliyevanın rəhbərliyi ilə Azərbaycan nümayəndə

heyəti iştirak edir.

 

Sessiyanın noyabrın 26-da keçirilən iclasında Azərbaycanın qədim və zəngin xalq sənətkarlığının daha bir nümunəsi olan kəlağayı "Kəlağayı simvolizmi və ənənəvi sənəti" adı ilə UNESCO-nun qeyri-maddi mədəni irs üzrə reprezentativ siyahısına daxil edilib.

Milli kəlağayı sənəti ilə bağlı təqdimat faylı Azərbaycan Respublikasının birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın dəstəyi ilə Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi tərəfindən hazırlanıb.

Heydər Əliyev Fondu, Mədəniyyət və Turizm Nazirliyi, ölkəmizin UNESCO yanında daimi nümayəndəliyi, UNESCO üzrə Milli Komissiyanın birgə həyata keçirdikləri çoxşaxəli fəaliyyət nəticəsində Hökumətlərarası Komitə kəlağayı sənətinin Azərbaycan xalqının milli-mənəvi dəyərlər sistemində və adət-ənənələrimizdə ən mühüm mədəniyyət nümunəsi olduğunu beynəlxalq səviyyədə təsdiq etmiş oldu.

Ölkəmizin mədəni həyatında baş verən bu əlamətdar tarixi hadisə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin milli-mənəvi dəyərlərimizin qorunmasına, ölkəmizin mədəniyyətinin inkişafına göstərdiyi yüksək dəstəyin və qayğının nəticəsidir.

Mədəniyyət və turizm nazirinin müavini Sevda Məmmədəliyeva iclasda çıxış edərək, Hökumətlərarası Komitənin üzvlərinə təşəkkürünü bildirib. Qeyd edib ki, UNESCO-da qəbul olunan bu qərar kəlağayı sənətinin ölkəmizdə inkişafına kömək edəcək.

Beləliklə, Azərbaycan muğam ifaçılıq sənəti, Azərbaycan aşıq sənəti, Novruz bayramı, Azərbaycan xalça sənəti, tar ifaçılıq sənəti ilə yanaşı, milli kəlağayı sənətimiz də UNESCO-nun qeyri-maddi mədəni irs üzrə reprezentativ siyahısında öz yerini aldı. Bundan əlavə, çövkən - Qarabağ atüstü oyun ənənəsi isə UNESCO-nun təcili qorunmaya ehtiyacı olan qeyri-maddi mədəni irs siyahısına daxil edilib.

 

* * *

UNESCO Hökumətlərarası Komitəsinin 9-cu sessiyası bədnam qonşularımızın mədəni irs sahəsində daha bir təxribatının qarşısının alınması ilə yadda qalıb.

Ermənistan tərəfindən qeyri-maddi mədəni irs üzrə siyahıya "erməni çörəyi lavaşın hazırlanması ənənələri" faylı təqdim edilmişdi.

Mədəniyyət və Turizm Nazirliyi Mətbuat xidmətinin bununla bağlı məlumatında bildirilir ki, erməni tərəfin UNESCO-ya təqdim etdiyi faylda lavaşın yalnız onlara məxsus olması iddia edilirdi. Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi, Mədəniyyət və Turizm Nazirliyi, ölkəmizin UNESCO yanında Daimi Nümayəndəliyi, UNESCO üzrə Milli Komissiyanın birgə apardıqları qabaqlayıcı tədbirlər nəticəsində lavaşın erməniləşdirilməsinin, erməni millətinə mənsub olmasının qarşısı alınmışdır.

UNESCO öz qərarında bu mətbəx nümunəsinin Ermənistan ərazisində də mövcud olması ilə razılaşmışdır. Halbuki Ermənistan tərəfi həm iclasdan öncə, həm də iclas zamanı israrla lavaşın erməni çörəyi adı altında UNESCO-nun reprezentativ siyahısına daxil edilməsinə cəhd göstərirdi. Lakin Ermənistanın lavaşı erməni çörəyi kimi təqdim etmək cəhdlərinin Azərbaycan və Türkiyə tərəfinin birgə səyi ilə qarşısı alınmış və Hökumətlərarası Komitə tərəfindən qəbul edilməmişdir. İlkin olaraq baxılması üçün təqdim olunan faylın adı "Lavash, the preparation, meaning and appearance of traditional Armenian bread as an expression of culture" ("Lavaş, ənənəvi erməni çörəyinin hazırlanması, məzmunu görüntüsü mədəniyyətin ifadəsi kimi") olduğu halda, son qəbul edilən faylın adı "Lavash, the preparation, meaning and appearance of traditional bread as an expression of culture in Armenia" ("Lavaş, ənənəvi çörəyin hazırlanması, məzmunu görüntüsü Ermənistanda mədəniyyətin ifadəsi kimi") olmuşdur.

Bununla da UNESCO qərarında bildirilir ki, lavaş bütün regionda hazırlanır bu element ermənilərin eksklüziv çörək ənənəsi deyil. Qərarla bu linkdə tanış olmaq olar:

Ümumiyyətlə qeyd edilməlidir ki, UNESCO-nun qeyri-maddi mədəni irsin qorunması haqqında Konvensiyasına əsasən reprezentativ siyahıya təqdim edilən mədəni elementlər həmin elementin hər hansı xalqa yaxud dövlətə məxsus olmasını müəyyən etmir əslində həmin elementin həmin ölkənin ərazisində mövcudluğunu göstərir. Yəni bir ölkənin ərazisində müəyyən qrup insan həmin elementin daşıyıcısıdırsa, həmin ölkənin hüququ var ki, onu qorumaq üçün UNESCO-ya təqdim etsin. UNESCO siyahısı mədəni irsin mənsubiyyətini təyin etmir, onu qorumaq üçün qəbul edir. Əgər bir neçə ölkədə həmin mədəni irs nümunəsi varsa, bu ölkələr hər hansı bir elementi UNESCO-ya birlikdə çoxmillətli fayl kimi, yaxud ayrı-ayrılıqda təqdim edə bilər.

Komitə çərçivəsində Azərbaycanın təşəbbüsü ilə region ölkələrinin nümayəndələrinin birgə görüşü keçirilib qərara alınıb ki, növbəti ildə lavaş region ölkələrinin birgə mətbəx irsi kimi UNESCO-ya təqdim edilsin.

Mədəniyyət Turizm Nazirliyi Mətbuat xidmətinin məlumatında vurğulanır ki, Ermənistanla Azərbaycanın müharibə şəraitində olmasını, aparılan informasiya müharibəsi fonunda mövcud həssaslığı nəzərə alaraq, istənilən informasiyanın cəmiyyətə təqdimatı zamanı real faktlara etibarlı mənbəyə istinad edilməlidir.

 

* * *

Qeyd edək ki, qeyri-maddi mədəni irsin qorunması haqqında Konvensiya 2003-cü ildə qəbul olunub. Konvensiyanın 16 17-ci maddələrinə əsasənBəşəriyyətin qeyri-maddi mədəni irsinin Reprezentativ SiyahısıTəcili qorunmaya ehtiyacı olan qeyri-maddi mədəni irsin Siyahısıtərtib olunur.

Hökumətlərarası Komitənin 9-cu sessiyasının müzakirəsinə müxtəlif ölkələrdən qeyri-maddi mədəni irs siyahısına ümumilikdə 46 fayl təqdim olunub. Sessiya noyabrın 28-də işini başa vuracaq.

 

Mədəniyyət.- 2014.- 28 noyabr.- S. 3.