Bakı Avropa Oyunlarına 198 gün qaldı

 

Noyabrın 26-da “Bakı-2015” ilk Avropa Oyunlarına geri sayımın son 200-cü günü münasibətilə paytaxtda möhtəşəm şou təşkil edilib. Axşam saatlarında İçərişəhərdə keçirilən tədbirdə lazer effektləri ilə Qız qalasının üzərində “Bakı-2015”in loqosu, Avropa Oyunlarının rəsmi rəmzləri - ceyrannar, eləcə də Avropa Oyunlarının proqramına daxil olan idman növləri ilə bağlı videoçarx nümayiş olunub. “Bakı-2015” Əməliyyat Komitəsinin kommersiya şöbəsinin direktoru Çarli Viceratna jurnalistlərə bildirib ki, Avropa Oyunlarının açılış mərasiminin başlamasına qalan günlərin geri sayımı davam etdikcə belə tədbirlər də müntəzəm keçiriləcək: “Biz bugünkü tədbirlə 2015-ci ildə keçiriləcək Avropa Oyunlarını və gözəl memarlıq abidələri ilə zəngin olan Bakını Qız qalasının timsalında bütün dünyaya nümayiş etdirmək istəyirik”.

O, Avropa Oyunlarının rəsmi rəmzlərinin - ceyran və narın hazırlanmasında “Bakı-2015” Əməliyyat Komitəsinin, həmçinin xaricdən cəlb olunmuş dizaynerlərin iştirak etdiklərini vurğulayıb.

Möhtəşəm şou paytaxt sakinlərinin və qonaqların marağına səbəb olub. Bakı Avropa Oyunlarına geri sayım isə davam edir. Gələn ilin ən böyük idman hadisəsinə artıq 198 gün qalıb.

 

Mədəniyyət.- 2014.- 28 noyabr.- S. 2.