Arzu qanadlarında
Son illər musiqi
və incəsənət məktəblərimizin bir çox istedadlı
yetirmələri beynəlxalq müsabiqə və festivallarda uğurla iştirak edirlər. Onlardan
biri də paytaxtın Səbail
rayonundakı Tofiq Quliyev
adına 12 saylı uşaq musiqi məktəbinin
V sinif şagirdi Ayan Aslanovadır.
Ayan ötən il
Türkiyənin İstanbul
şəhərində VIII Pera Beynəlxalq Pianoçular Müsabiqəsində
3-cü yeri tutub. Bu il 15-19 fevral
tarixində isə Serbiyanın paytaxtı Belqrad şəhərində
keçirilən Davorin
Yenko adına gənc pianoçuların
beynəlxalq festival-müsabiqəsində
növbəti uğura
imza atıb. 10 ölkədən istedadların
qatıldığı müsabiqədə
təmsilçimiz qalib
adına layiq görülüb.
Ayanın
təhsil aldığı
məktəbin direktoru
Gülnarə Səfərova
deyir ki, tədris ocağında istedadlı şagirdlər
çoxdur: “Yetirmələrimiz
hər il respublika və beynəlxalq müsabiqələrdə
iştirak edirlər. Ayan Aslanova qazandığı
uğurlarla kifayətlənmir
və özünə
qarşı çox tələbkardır”.
Müəlliməsi Səbinə Aslanova isə Ayanın Belqraddakı uğurundan danışdı:
“Davorin Yenko adına beynəlxalq
festival-müsabiqə Belqrad
şəhərində musiqiçinin
adını daşıyan
məktəb-liseydə təşkil
olunmuşdu. Müsabiqə
beş yaş
qrupu üzrə keçirilirdi. Ayan 10-12 yaş qrupunda
çıxış etdi.
Bu qrupda 33 nəfər
yarışırdı. O, Yozef Haydının sonatasını və Edvard Qriqin iki
pyesini fortepianoda ifa etdi. Münsiflər heyətinin Makedoniyadan olan üzvü Maya Kastrotoviç Ayana təşəkkür edərək,
çoxdandır Haydının
əsərlərinin belə
gözəl ifasını
eşitmədiyini bildirdi.
Qeyd edim ki, Serbiyada
ölkəmizi yaxşı
tanıyırlar. Orada onu
da öyrəndik ki, bizdən əvvəl iki azərbaycanlı musiqiçi
bu müsabiqədə
iştirak edib və qalib olub”.
Ayan Aslanova deyir ki, ailələrində hamı musiqiçidir: “Atam, anam mənim
yaxşı musiqiçi
olmağımı istəyirlər.
Ona görə də çalışıram ki,
valideynlərimin etimadını
doğruldum”.
- Ayan, səncə, yaxşı musiqiçi olmaq üçün nə etmək lazımdır?
- Yaxşı musiqiçi olmaq üçün çox çalışmaq
lazımdır. Mənim bu
sənətə həvəsim
böyükdür. Həm də
musiqi müəllimim çox tələbkardır.
Çalışıram ki, bu sənətin sirrini, incəliklərini öyrənim.
- Öyrənə bilirsənmi?
- Öyrənirəm. Müəllimim bu yolda mənə
çox köməklik
göstərir. O, dərslərdə
bizə görkəmli
Azərbaycan və dünya bəstəkarlarının
yaradıcılığı barədə də geniş məlumat verir.
- Müsabiqə necə keçdi?
- Çox maraqlı idi. Çıxış edəndə əvvəlcə bir az sıxıldım. Ancaq sonra hər şey ötüb keçdi. Müsabiqə başa çatdıqdan sonra qaliblər müəyyənləşdirildi. Siyahıda adım başda yazılmışdı. Oxudum ki, birinci yerə layiq görülmüşəm. Çox sevindim...
Savalan Fərəcov
Mədəniyyət.- 2014.- 1
oktyabr.- S. 15.