“Əbdürrəhman
Cami və müasirlik”
Tacik şairinin yubileyi Bakıda qeyd olundu
Sentyabrın 25-də
AMEA-nın dəstəyi və Tacikistanın ölkəmizdəki
səfirliyinin təşkilatçılığı ilə
akademiyanın Ədəbiyyat İnstitutunda
fars-tacik alimi və şairi Əbdürrəhman Caminin
600 illik yubileyinə həsr olunan beynəlxalq konfrans keçirildi.
“Əbdürrəhman Cami və müasirlik” adlı mərasim Tacikistan Prezidenti İmoməli Rəhmanın "Taciklər tarixin aynasında” adlı kitabının təqdimatı və digər nəşrlərin sərgisi ilə başladı.
Tədbiri AMEA-nın vitse-prezidenti, Ədəbiyyat İnstitutunun direktoru İsa Həbibbəyli açdı. Sonra AMEA-nın prezidenti Akif Əlizadənin, Tacikistan Elmlər Akademiyasının prezidenti Fərhad Rəhimovun, İranın səfiri Möhsün Pakainin təbrik məktubları diqqətə çatdırıldı.
Akademik İ.Həbibbəyli böyük şairin həyat və yaradıcılığı haqqında geniş məruzə ilə çıxış etdi. Bildirdi ki, Caminin yaradıcılığında ictimai düşüncələri, ümumdünya dəyərlərini, cəmiyyətlə dövlətin əlaqələrini və mənəviyyatı ön plana çəkməsi onu bəşəriyyətin söz ustadları sırasına daxil edib.
Tacikistanın ölkəmizdəki səfiri Zoxir Saidov çıxış edərək iki ölkə arasında münasibətlərin inkişafını yüksək dəyərləndirdi, tədbirin bu əlaqələrin inkişafına xidmət etdiyini vurğuladı. Diplomat Caminin həyat yolu haqqında ətraflı danışdı. UNESCO üzrə Azərbaycan Milli Komissiyasının birinci katibi Günay Əfəndiyeva 600 illiyi beynəlxalq səviyyədə qeyd olunan şairə həsr olunmuş tədbirin əhəmiyyətini vurğuladı.
Tədbirdə Azərbaycan, Tacikistan, İran və Əfqanıstan alimlərinin məruzələri dinlənildi. Çıxışlarda Əbdürrəhman Caminin Azərbaycan əlyazmaları, Cami irsinin tərcüməsi, tədqiqi və nəşri, məsnəviləri, bəzi sufi alimlərin Cami yaradıcılığına tənqidi baxışları və s. mövzular əhatə olundu.
Mehparə.
Mədəniyyət.- 2014.- 1
oktyabr.- S. 5.