Xalça Muzeyində unudulmaz
gecə
27 sentyabr - Dünya Turizm Günü
münasibətilə paytaxtımızda təşkil olunan maraqlı tədbirlərdən biri də Xalça
Muzeyində gerçəkləşib. Gənclər
Fondu və Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi
ilə Baku Hub (Global Shapers Community), A+A Events, McCann və Uchansichan tərəfindən
təşkil olunan “Muzeydə gecə, evdən
gizlicə” adlı sərgi-tamaşa iştirakçılara unudulmaz təəssürat yaşatdı.
Tədbirin məhz Xalça Muzeyində gerçəkləşməsi təsadüfi deyildi. Əsası 1967-ci ildə qoyulan muzeyin dünyada analoqu yoxdur. Xalçaçılıq Azərbaycan mədəni irsinin və xalq sənətkarlığının ən zəngin qollarından biridir. 2010-cu ildə xalçaçılıq sənətimizin UNESCO-nun qeyri-maddi irs siyahısına daxil edilməsi bu sənətin dünyada daha geniş tanıdılmasına zəmin yaratdı. Dənizkənarı bulvarda inşa edilən və unikal memarlıq nümunəsi olan Xalça Muzeyinin yeni binası da qədim el sənətinə möhtəşəm abidədir.
“Muzeydə gecə, evdən gizlicə” layihəsi üzrə tədbirə təşrif buyuran (muzeyə giriş pulsuz idi) çoxsaylı ziyarətçilər həm binanın möhtəşəmliyindən, həm də buradakı estetik gözəllikdən xüsusi zövq aldılar. Aksiyanın əsas məqsədi muzeyin bütöv ekspozisiyasını geniş kütləyə təqdim etmək idi. Ziyarətçilər eksponatlarla tanışlıqla bərabər bir sıra əyləncəli proqramları da izlədilər.
Qiymətli eksponatlara və incəsənət əsərlərinə baxış keçirərkən, caz ifaçı Aysel Məmmədovanın ifası maraqla dinlənilir, Şərqlə Qərbin bir arada ecazkar musiqi sintezi insanlarda valehedici duyğular doğururdu. Gənc ustaların bilərzik toxuması texnikası ilə bağlı ustad dərsləri də maraqla qarşılandı. Gənc Azərbaycan rejissorlarının qısametrajlı filmlərinin unikal nümayişi, Cavid Quliyevdən video-performance, rəssamlar Ləman Yusifli və Mehriban Şəmsəddinskayanın işlərinin ekspozisiyası da tədbirə xüsusi rəng qatırdı.
Tədbir boyunca Manual FM və DJ Hazy kollektivinin ifa etdiyi musiqini, eləcə də “Natiq” ritm qrupunun çıxışını dinləmək isə muzeyə gələnlərə xüsusi zövq verdi. İnsanların əyləncəsi üçün təşkil olunan bu xüsusi proqramda yaşlı və gənc ustalar vətəndaşlara xalça toxunmasının sirlərini də öyrədirdilər.
Tədbirin təşkilatçılarından olan Zeynəb Cahan bizimlə söhbətində bildirdi ki, layihə kollektiv əməyin nəticəsində ərsəyə gəldi: “Bu layihəni məhz Xalça Muzeyində gerçəkləşdirməyimizin səbəbi isə sadədir. Dünyanın bir çox ölkəsində “muzey gecələri” təşkil edilir və həmin gündə muzeylərə giriş pulsuz olur. Biz də eyni məzmunda tədbirin Azərbaycanda, amma daha fərqli bir şəkildə keçirilməsini düşündük və həmfikirlərimizi ətrafımıza topladıq. Həmin gün üçün gözəl bir mədəni proqram təşkil edildi. Proqram həm uşaqlar, həm də böyüklər üçün nəzərdə tutulmuşdu. Yeni açılmış və gözəl dizayna malik Xalça Muzeyində Azərbaycanın bölgələrindən müxtəlif tarixi dövrləri əks etdirən xalçalar nümayiş etdirilir. Muzeyə gələn ziyarətçi ölkənin həm mədəniyyəti, həm də tarixi haqqında məlumat əldə etmiş olur. Hesab edirik ki, bunları bilmək çox vacibdir”. Həmsöhbətimin sözlərinə görə, ziyarətçilər arasında əcnəbilərin də çox olması məkanın uğurlu seçildiyini göstərdi: “Tədbirin yüksək səviyyədə keçməsi üçün bizə şərait yaratdığına görə Mədəniyyət və Turizm Nazirliyinin rəhbərliyinə, Xalça Muzeyinin direktoru Röya Tağıyevaya və muzeyin əməkdaşlarına təşəkkürümüzü bildiririk. Yeniləşən və inkişaf edən respublikamızda gənclər siyasəti və Azərbaycan gənclərinə dəstək göstərilməsi həmişə öndə duran vəzifələrdən biri olmuşdur. Mədəniyyət və Turizm Nazirliyinin gənclərin bu kimi layihələrinə dəstək verməsi bizi çox sevindirir”.
Zeynəb Cahan gələcək planlar barədə də məlumat verərək qeyd etdi ki, hazırda bir neçə sosial və mədəni layihə üzərində çalışırlar: “Həyata keçirdiyimiz layihəyə maraq həddən artıq böyük idi. Ziyarətçilər arasında hər nəslin nümayəndəsi vardı. Həmçinin əcnəbi qonaqlar da bu gözəl məkanı ziyarət etməklə tariximiz, mədəniyyətimiz, qonaqpərvərliyimiz və insanlarımız haqqında qismən də olsa məlumat əldə etmiş oldular. Bu da bizim qarşıya qoyduğumuz məqsədlərdən biri idi. Gələcək layihələr haqqında hələlik konkret danışmaq istəmirəm, amma tezliklə sizləri yeni tədbirlərlə təəccübləndirəcəyimizə söz veririk”.
Lalə Azəri
Mədəniyyət.- 2014.- 1
oktyabr.- S. 4.