Sənətə
həsr olunmuş ömür
Görkəmli teatr və kino xadimi Mustafa Mərdanovun 120 illik yubileyi qeyd edildi
Sentyabrın 29-da
Azərbaycan Teatr Xadimləri
İttifaqında (ATXİ) görkəmli teatr
və kino xadimi, Xalq artisti Mustafa
Mərdanovun 120 illik yubileyi
qeyd edildi və “Zəfər”
teatr studiyasında sənətkarın
adını daşıyan səhnənin
açılışı oldu.
Mustafa Mərdanov bütün ruhu, qəlbi ilə teatra, kino sənətinə bağlı, sənətini-peşəsini sevən və hörmət edən aktyorlardan idi. Yaratdığı hər bir obraz aktyorun yaradıcılığında inkişafa doğru yönəlmiş, gələcək rolların, qəhrəmanların dərkində, ifasında oyun estetikasını zənginləşdirmişdi. Elə bu özünəməxsus məktəb yaradıcısı əsri adlayan zamanda da səhnə müasiri, istinad yeri kimi anıldı.
Mədəniyyət və turizm nazirinin müavini Ədalət Vəliyev, professorlar Fərhad Bədəlbəyli, Siyavuş Kərimi, görkəmli mədəniyyət və incəsənət xadimləri, paytaxt teatrlarının rəhbərləri və sənətkarın ailə üzvlərinin iştirak etdiyi munis ab-havalı tədbirdə bir sənətkar ömrünün acılı-şirinli anları, səhnə xatirələri yenidən çözələndi.
ATXİ-nin sədri, Xalq artisti Azərpaşa Nemətov qonaqları salamlayaraq böyük sənət fədaisinin milli mədəniyyətimizin inkişafında əvəzsiz xidmətlərindən danışdı, onun yaratdığı obrazlar qalereyasının yetişən aktyor nəsilləri üçün örnək, məktəb olduğunu dedi. Qeyd olundu ki, Mustafa Mərdanov 74 illik ömrünün yarım əsrdən çoxunu milli teatr və kino sənətinə həsr edib. Aktyorun M.F.Axundzadənin “Molla İbrahimxəlil kimyagər” komediyasında Molla Həmid, “Hacı Qara”da Hacı Qara, C.Cabbarlının “Sevil”ində Atakişi, “Solğun çiçəklər”də Əbdül, N.Qoqolun “Müfəttiş”ində Xlestakov kimi teatr səhnəsində yaratdığı obrazlar bu gün də yaddaşlarda yaşayır.
Mustafa Mərdanov kinoda da bir-birindən maraqlı və yaddaqalan obrazlara əbədi sənət ömrü bəxş edib. “Qanun naminə” filmindəki Murtuz Murtuzov, “O olmasın, bu olsun”da İntelligent Həsən və s. böyük tamaşaçı rəğbəti qazanıb: “O, görkəmli aktyor olmaqla yanaşı, yazıçılıq və tərcüməçiliklə də məşğul idi. Tərcümə etdiyi kitablar və teatr xadimləri haqqında yazdığı “Mənim müasirlərim” və “Xatirələrim” əsərləri bu gün də milli teatr tarixinə həsr olunmuş qiymətli mənbə hesab olunur. Mustafa Mərdanovun Azərbaycan Teatr Cəmiyyətinin sədri kimi gördüyü işlər də qeyd edilməlidir. O, yaxın dostu və cəmiyyətin sədr müavini Zəfər Nemətovla birlikdə Teatr Xadimləri İttifaqının yerləşdiyi hazırkı binanın tikilməsinə nail olub”.
Mustafa Mərdanovun adının əbədiləşdirilməsi məqsədilə onun adına səhnə açdıqlarını diqqətə çatdıran Azərpaşa Nemətov bu səhnədə yeni-yeni tamaşalar hazırlanacağını söylədi.
Sonra tədbir iştirakçıları görkəmli sənətkarın 120 illiyinə həsr olunmuş “Mənim xatirələrim, mənim müasirlərim” tamaşasına baxdılar. Mustafa Mərdanovun müəllifi olduğu “Xatirələrim” və “Mənim müasirlərim” kitabları əsasında hazırlanan tamaşada rolları xalq artistləri Rafiq Əzimov və Hacı İsmayılov ifa edirdilər.
Mustafa Mərdanov rolunda səhnəyə çıxan Rafiq Əzimov sənətkarın həyat məqamlarını onun obrazlarının dili ilə ustalıqla ifadə etdi, müxtəlif dövrləri əhatə edən xatirələrini real çalarlarla izləyicilərə çatdırdı. Mustafa Mərdanovun tərəf-müqabili, müasiri rolunu mükəmməl ifa edən Hacı İsmayılov da ustad sənətkara sanki vəfa borcunu vermiş oldu.
Tamaşadan sonra tədbir iştirakçıları Mustafa Mərdanovun həyat və yaradıcılıq məqamlarının əks olunduğu zəngin fotosərgi ilə tanış oldular, onun keçdiyi dolğun sənət yoluna bir daha nəzər saldılar.
Həmidə
Nizamiqızı
Mədəniyyət.- 2014.- 1
oktyabr.- S. 3.