Sirli-sehrli Hindistan
Dünya turu
Çox qədim və əsrarəngiz məkan
sayılan Hindistan turizm
imkanları ilə də seçilir. Adətən
soyuq aylarda insanlar istirahətini isti, tropik ölkələrdə keçirməyə
can atırlar. Bu arzunu reallaşdırmaq üçün
açıq səma altında zəngin muzeyə bənzəyən
möcüzələr diyarı Hindistan ən
uğurlu seçimlərdən biridir.
Ölkə ilə tanışlıq paytaxtı Dehlinin hava limanından başlayır. Ətrafda saqqallı kişilər və sariyə bürünmüş qadınlar gəzişir, havadan ədviyyat iyi gəlir. Ölkənin iqlimini dəqiq müəyyən etmək çətindir. Hindistana getmək istəyirsənsə, oktyabrdan marta kimi dövrü seç. Bu müddətdə hava nə çox isti, nə də yağışlı olur.
Burada insanların emosiyaları, mehribanlığı, gülüşü, mülayim simaları adamı heyran edir. Səyahət zamanı turistlərə «qızıl üçbucaq» gəzintisi təklif olunur. Bura Hindistanın ən möhtəşəm şəhərləri - Dehli, Aqra və Caypuru gəzmək daxildir.
Dehli Hindistanın ən böyük və ən qədim şəhərlərindəndir.
Turistləri aparan avtobusda heç kim biletdə
yazılan yerində oturmur. Pəncərələr açıq olur.
Naməlum insanlar istədikləri
vaxt avtobusun içinə girir, onlara lazım olan yerdə elə pəncərədəncə
düşürlər. Turistlər sürücüyə şikayət
etsələr də,
o, əhəmiyyət vermir.
Dehlidə görməli
yerlər o qədər
çoxdur ki... Lotos məbədi, Hindistan divarları, Cama məscidi, Jantar-Mantar astronomik rəsədxanası,
Qırmızı Fort... bütün
bunları gəzməyə
üç-dörd gün
kifayət etməz.
Şəhərin mərkəzində
turistlərin diqqətini
cəlb etmək üçün müxtəlif
şoular göstərilir:
ilanla oynayanların, kəndirbazların şousunu
heyrətlə izləyib,
cadugərlərin taleyinlə
bağlı dediklərini
eşitmək gəzintinin
ən maraqlı hissəsi olacaq. Qırmızı Fortu görəndə
heyrətlənməmək mümkün deyil. Bura qırmızı mərmərdən
və qumdan tikilib. İçərisi isə qızıl,
gümüş və
bahalı daşlarla bəzədilib. Gəzintinin sonunda
Lotos məbədini görmək qalır.
Məbədə ayaqqabı ilə
girmək olmaz. Məbədin qəribə aurası
var. Ölü kimi yorğun olsan da, bu məbəddən
çıxanda özünü
çox rahat və enerjili hiss edəcəksən.
Pələnglərin bağırtısı
- Caypur
Qorxmaq lazım
deyil. Caypurun adı qorxulu
olsa da, pələnglər yalnız
zooparkdadır. Qədim dövrlərdəki
kimi burada pələngini çiyninə
alıb, ona öldürdüyü insanın
ətini yedizdirən Maharaca yoxdur. Caypuru «çəhrayı şəhər»
adlandırırlar. Möhtəşəm görüntüsü olan
şəhərdə bütün
evlər çəhrayı
qumla qarışdırılmış
gildən tikilib.
Bu ənənə illərdir
qorunur və başqa rəngli daşdan ev
tikməyə icazə
verilmir. Caypurda əsl qaraçı
magiyası var. Şəhər
vəhşi heyvanların
heykəlləri olan divarla əhatə olunub.
Arzuların reallaşdığı şəhər - Aqra
Bura insanlar arzularını reallaşdırmaq
üçün gəlirlər. Deyilənə görə, Aqrada imperator Əkbərin qəbri üstündə dua edən sonsuzlara Allah övlad bəxş edir. Hamının görmək arzusunda
olduğu məşhur
Tac Mahal da bu şəhərdə
yerləşir. Bura gələndə
bir məsələni
öyrənirsən. Tac Mahal
ətrafında balaca uşaqlar əllərində
aksesuarlar satırlar.
Pul vermək istəsən, götürməzlər. Gərək nəsə
alasan. Onları dilənçi hesab etsən, «No, I sell, you buy» deyib,
gedirlər.
Cənnət diyar
Elit təbəqənin
nümayəndələri yaşadığı
Qoa Hindistanın cənnət diyarı sayılır. Burada səni fillər
üstündə gəzinti
və timsahlar zooparkına səyahət
gözləyir. Gəzintinin ən
maraqlı hissəsi Dudsaqar şəlaləsidir.
Burada həm çimə, həm vəhşi cəngəllikləri görə,
həm də keçirilən oyunlarda qalib olub, dəyərli
hədiyyələr qazana
bilərsən. Axşam saat
10-dan sonra küçədə
orkestrin ifa etdiyi mahnılar bütün yorğunluğunu
atmağa kömək
edəcək.
«Yüz min ada» - Lakşadvip
Hindistana gedərkən turistlərə
«Lakşadvip» adasına
gəzinti təklif edirlər. Bunun üçün əlavə viza (20 dollara) almalısan. Gəzinti zamanı yolüstü yüz min adadan biri olan Aqattiyə
də baş çəkirsən. Bura «Cəngəlliklər
kitabı» deyilir.
Aqattidə dünyanın heç
bir yerində görməyəcəyin vəhşi
heyvanlar, nəhəng
həşəratlar, ən
bahalı zoomağazalarda
belə rast gəlmədiyin rəngli balıqlar, ekzotik bitkilər görəcəksən.
Suyu büllur kimi təmizdir. Adada insan azdır.
Bu gəzinti «meşəyə insan gəlib» cizgi filmini xatırladır.
Adamlar turistləri görəndə
qaçırlar.
Vəhşi filləri, köpək balıqlarını, meymunları,
maralları, ekzotik heyvanları görmək istəyirsənsə, Keralla
ştatındakı Periyar
qoruğuna getmək məsləhətdir. Əhali sivilizasiyadan kənar
yaşayır. Burada efir
yağları ilə edilən masaja isə dünyanın heç bir yerində rast gəlməyəcəksən.
Mətbəx
Hindistan mətbəxi ərəb yeməklərinə yaxındır. Yeməklər çox istiotlu olur. Buna görə
də yeməkdən sonra ağzındakı yanğını söndürmək
üçün bütün
masalara anis yarpağı
qoyulur. Hindistan mətbəxində üç dad birləşir
- şirin, turş və acı. Bütün yeməklərin tərkibində
darçın olur.
Amma bu ənənəvi darçından çox fərqlənir. Onun tərkibinə
yüz cür ədviyyat qatılır.
Hindistanda əhalinin əksəriyyəti
vegeteriandır. Ən dadlı
və bahalı xörəklər qoyun və keçi ətindən hazırlanır.
Hindistan əhalisi balıq və xərçəngi
xoşlamır. Amma buna
baxmayaraq, restoranların
menyusunda onlara rast gəlmək olur. Küçədə çirkli masaların
üstündə hazırlanan
yemək belə iştaha açır.
Yeməklərə o qədər ətirli
ədviyyat vururlar ki, qoxusu adamı
heyran edir. Bu qədər istiot
və ədviyyat vurmalarına baxmayaraq, yeməklər heç vaxt mədəyə ağırlıq etmir.
Alış-veriş
Ən çox
alış-veriş Qoa
ərazisindədir. Burada bütün
satıcılar rus dilində bilir. Onlarla söhbət edib, aldığın malın
qiymətini aşağı
endirə bilərsən.
Bütün suvenirlər əl
işləridir. Balıqqulaqlarından düzəldilən suvenirlərə
heyran qalacaqsınız.
Hindistanda geyim üçün
gözəl sarilərdən
başqa heç nə yoxdur. Aqra ən böyük bazarları olan bölgədir. Burada dəridən,
dəyərli daşlardan
düzəldilən aksesuarlar,
dünyanın heç
bir yerində dadmayacağın şirniyyatlar
tapacaqsan.
Qaydalar
Hindistanda kiməsə nəsə verəndə və alanda sağ əldən istifadə edilməlidir. Yeməyi də mütləq sağ əlinlə yeməlisən. Gigiyenik qaydalara mütləq riayət etməlisən. Dişlərini qaynanmış suyla fırçalamalısan. İçmək üçün ancaq qazlı sudan istifadə etməlisən. Meyvələri yeməzdən əvvəl mütləq isti su ilə yumalısan. Hətta özünlə spirt götürüb, restoranda oturanda çəngəl-qaşığı və boşqabı silməlisən.
Hansısa bir məbəddə şəkil çəkdirmək arzusundasansa, mütləq oranın nəzarətçisindən icazə almalısan. Küçələrdə valyutadəyişmə mərkəzləri yoxdur. Bunun üçün banka getməli, blanklar doldurmalı, sertifikat almalısan. Sürünən heyvan dərisindən düzəldilən əşyalar, külçə qızıl-gümüş və antik əşyaları ölkədən çıxartmaq qadağandır.
Mehparə
Mədəniyyət.- 2014.- 3
oktyabr.- S. 10.