Almaniya media təmsilçilərinin ölkəmizə infoturu yekunlaşıb

 

Mədəniyyət və Turizm Nazirliyi ilə Azərbaycanın Almaniyada turizm nümayəndəliyi olan "Aviareps Tourism GmbH" şirkəti arasında əməkdaşlıq çərçivəsində 24-30 sentyabr tarixində "Reutlinger Generalanzeiger", "Munchner Merkut", "Rheinische Post", "Welt am Sonntag", "Nurnberger Nachrichten" qəzetlərinin və "Gour-med", "SRT/Mortimer Reisemagazin" jurnallarının əməkdaşları ölkəmizdə səfərdə olublar.

İnfotur iştirakçıları "Fairmont Baku", "Jumeirah Bilgah Beach", "Kempinski Badamdar" və "JW Marriott Absheron Baku" mehmanxanalarının fəaliyyəti ilə tanış olmuş, İçərişəhər, Şirvanşahlar Sarayı, Qız qalası, Qobustan, Atəşgah məbədi, Yanardağs. tarix-mədəniyyət abidələrini ziyarət ediblər. Qonaqlar paytaxt Bakı ilə yanaşı, İsmayıllı, Qəbələ, Şəkiyə də səfər edərək bu regionların turizm potensialı haqqında ətraflı məlumat alıblar.

Qeyd etmək lazımdır ki, Azərbaycanın turizm potensialının Almaniya turizm bazarında təbliği məqsədilə Mədəniyyət və Turizm Nazirliyi 2014-cü ilin aprel ayından "Aviareps Tourism GmbH" şirkəti ilə əməkdaşlıq edir. Əməkdaşlıq çərçivəsində Almaniyanın aparıcı turizm şirkətləri və MICE (işgüzar turizm) turizm nümayəndələri üçün ölkəmizə infoturlar təşkil olunub, "Aserbaidschan Tourismus" adlı alman dilində rəsmi facebook səhifəsi yaradılıb. Həmçinin Frankfurt şəhərində keçirilmiş "İMEX-2014" beynəlxalq turizm sərgisi çərçivəsində Azərbaycanın turizm potensialının təqdimatı olub və şəhərin küçələrində reklam lövhələri yerləşdirilib. Sərgidə Azərbaycan Konqreslər Bürosu və üzvləri iştirak edib.

 

 Fəxriyyə Abdullayeva

 

Mədəniyyət.- 2014.- 3 oktyabr.- S. 9.