Bələdçi kataloqunun oktyabr sayı çapdan çıxıb

 

Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə, "Mədəniyyət" qəzetinin əlavəsi olaraq nəşr olunan "Baku Guide" bələdçi kataloqunun oktyabr sayı işıq üzü görüb.

 

"Bakı haqqında hər şey" ("All about Baku") konseptində Azərbaycan, ingilisrus dillərində hazırlanan nəşr hər yeni sayında oxuculara zəngin və dolğun materiallar təqdim edir.

Paytaxtımıza təşrif buyuran turistlər və aktiv mədəni istirahətə üstünlük verən şəhər sakinləri kataloqun budəfəki sayında teatrkonsert müəssisələrinin oktyabr ayı üçün repertuarı, ənənəvi Bakı Caz Festivalının konsert proqramları, habelə Bakının küçə və meydanları, şəhər və şəhər ətrafındakı görməli yerlər, tarixi məkanlar, mədəniyyət ocaqları haqqında məlumatlar əldə edə, Qobustan, Atəşgah məbədi, Qala etnoqrafik qoruğu haqqında yazılarla tanış ola bilərlər.

Göyçayda keçiriləcək növbəti Nar bayramı, Simens qardaşlarının fəaliyyətinin 150 illiyi ilə bağlı materiallar da maraq doğuracaq. Bundan əlavə, nəşrdə Azərbaycanda şəbəkə sənəti, milli geyim, milli mətbəx, kənd turizmi haqqında qısa, illüstrativ tanıtım məqalələri verilib.

Turistlər üçün maraq kəsb edəcək əlamətdar, tarixi hadisələr də diqqətdən yayınmayıb. 18 oktyabr - Müstəqillik Günü münasibətilə Dövlət himnimizin mətni ingilis dilində təqdim olunur. “Bakı haqqında təəssürat” bölməsində isə tanınmış fransız aktyoru Jerard Depardyenin paytaxtımızla bağlı maraqlı fikirləri ilə tanış olmaq olar.

Turistlər üçün informasiya bölməsində onları maraqlandıra biləcək suallar cavablandırılıb. "Bakını "City sightseeng"lə kəşf edin", "Bakıdan xatirə", turizm agentləri, aviakassalar, hava yolları kimi bölmələr də paytaxtımızın qonaqları üçün mühüm informasiya mənbəyidir. Həmçinin turistləri və şəhərimizin qonaqlarını maraqlandıran hotel, restoran, ticarət və əyləncə məkanları haqqında məlumatlar, avtomobil kirayəsi, fövqəladə hallarda yardım almaq üçün çağrı mərkəzlərinin əlaqə nömrələri və s. kataloqda öz əksini tapıb.

Onu da qeyd edək ki, Mədəniyyət və Turizm Nazirliyinin 27 sentyabr - Dünya Turizm Günü ilə bağlı “Hilton” hotelində təşkil etdiyi təntənəli mərasimdə "Baku Guide" bələdçi kataloqunun təqdimatı keçirilib. Nəşr turizm ictimaiyyəti təmsilçiləri tərəfindən böyük maraqla qarşılanıb.

 

Mədəniyyət.- 2014.- 3 oktyabr.- S. 8.