“İlyas
Əfəndiyev teatrı”nın estetik səciyyələri
İlyas Əfəndiyev - 100
Sənətşünaslıq
doktoru, professor İlham Rəhimli İlyas
Əfəndiyev yaradıcılığını geniş araşdıran tədqiqatçılardandır.
Onun yenicə çapdan
çıxmış “Teatr
naxışları” kitabından yazıçının
dramlarının teatr estetikası
haqqında araşdırmadan bir
parçanı oxuculara təqdim edirik.
On doqquzuncu yüzillik milli mədəni şüurumuza yeni bir olay (fakt, hadisə) gətirdi və xalqımız fəal şəkildə onu özümləşdirdi, doğmalaşdırdı. Bu özümlük, bu doğmalıq təbii olaraq xalqın yeni-yeni mədəniyyət yaradıcılarına, mənəviyyat qurucularına əbədiyyət aynası tutdu.
Mənəvi-mədəni xəzinəmizi zənginləşdirən bu incinin adı teatrdır. Bərəkət toxumu XIX əsrdə Mirzə Fətəli idrakında cücərən bu sənətin - peşəkar teatr sənətinin tarixçəsi çox qısadır. Fəqət, bu qısalıqda əsrlərə bərabər idrak və mənəviyyat dəyəri, tutumu paylanıb, qatlanıb, formalaşıb.
Xalqımızın milli şüurunun inkişafında hər qatın, hər layın bəhrəsi və bərəkəti ölçüyəgəlməzdir. Tarixin özünə üz tutaq: “Mirzə Fətəli Axundzadə teatrı”, “Əbdürrəhim bəy Haqverdiyev teatrı”, “Nəcəf bəy Vəzirov teatrı”, “Cəlil Məmmədquluzadə teatrı”, “Cəfər Cabbarlı teatrı”, “Sabit Rəhman teatrı”, “Səməd Vurğun teatrı” xalqın mənəvi tərbiyəsində dəyərlənib, rolu və əhəmiyyəti layiqincə qiymətləndirilib, zaman-zaman da qiymətləndiriləcək.
Çağdaş mədəniyyətimizdə canlı fəaliyyət göstərən, ənənə ilə sıx tellərlə bağlı olan “İlyas Əfəndiyev teatrı”nın özünəməxsusluğunun, üfüqlərinin, poetika səciyyələrinin, estetik göstəricilərinin nəzəri konsepsiyasını formalaşdırmaq hələ ki, özünün dərin, hərtərəfli elmi anlamını, həllini gözləyir. Qısaca bir yazıda onun elmi-nəzəri, poetika ölçülərini əhatəli təhlilə çəkməyim mümkünsüzdür. (Hələ mən İlyas Əfəndiyevin roman və povestlərindəki dramaturji element və üslubları demirəm). Bununla belə, çalışacam ki, Azərbaycan milli səhnə sənətinin müstəqil qolu olan “İlyas Əfəndiyev teatrı”nın mənəvi mahiyyətini, eskizvari şəkildə də olsa, açıqlayım. Sanıram ki, bu yolda, şair demişkən, “nə ilkin, nə sonuncuyam mən”. Ona görə ki, İlyas Əfəndiyevin klassik örnəyimiz olan pyesləri məndən, səndən, bizlərdən, sizdən, hətta müəllifin özündən asılı olmayaraq bədii taleyi ilə yaşayıb, yaşayır və yaşayacaq da.
“İlyas Əfəndiyev teatrı”nın mədəniyyətimizə gətirdiyi bir sıra önəmli mənalar, ölçülər sırasında məndən ötrü vacibi yazıçı-dramaturqun zamanı dərk etmək, mütəfəkkir anlamına öz bədii formalarını vermək bacarığı və qüdrətidir. İlyas Əfəndiyevin düşüncəsi neçə-neçə nəslin düşüncəsini, dünyagörüşünü təmin və təyin edibdir. Bəlkə məhz ona görə biz bu gün artıq milli mədəni şüurumuzda “İlyas Əfəndiyev baxımı” fenomeni haqda tam məsuliyyətlə söz aça bilərik.
“İlyas Əfəndiyev teatrı”nın əzəli qaynaqları təbiətdədir. O, kənddə doğulub, həyatın sərt üzünün acısını burada dadıb, mədəniyyətlə ilkin ünsiyyəti şəhərdə olub və yenidən doğma ocağa qayıdaraq müəllimlik fəaliyyətinə başlayıb. İlyas Əfəndiyev düşüncəsinin inkişafını izlədikcə təbii bir qanunauyğunluqla rastlaşırsan. Haqqında düşündüyü həyatın mövzu sahələri genişləndikcə sənətkarın düşüncəsi, idrakı daha dərin qatlara işləyib. Bu baxımdan onun ilk və son pyesi arasında məsafədə ağrılı-acılı, faciəli, mürəkkəb, təzadlı, çətinliklərin burulğanından çıxan və bütün bunlarla bahəm xalqımızın, cəmiyyətimizin nikbin bir tarixçəsi yerləşir.
O tarixçəni vərəqləyirəm.
... 1944-cü il. Xalqımızın, bütünlükdə ölkəmizin ağır günləri. Qələbəyə bir il var. Bunu hələ İlyas Əfəndiyev (Mehdi Hüseynlə birgə) bilməyə-bilməyə “İntizar” pyesini yazır. İlyas Əfəndiyevin düşüncələrinin özəyində Vətən və vətənpərvərlik, yurd və yurdsevərlik dururdu. Gənc yazıçının əvvəl nəsrdə (pyes İlyas Əfəndiyevin hekayəsi əsasında yazılıb), sonra dramaturgiyada kövrək səsi eşidildi...
1947-ci il. 20 milyon adam itirən sovet xalqı beş qat güc və həvəslə quruculuq işinə başlayıb. İlyas Əfəndiyevin düşüncələrinin mərkəzində quruculuq problemi durur və dramaturq onu “İşıqlı yollar” pyesində özünün bədii-estetik məntiqiylə təcəssüm etdirir. Bu dəfə geniş teatr ictimaiyyəti, onun öncül sənətçiləri tamaşanı, bəzi qüsurlarını göstərməklə yanaşı, mədəniyyət və incəsənətimizin həyatında hadisə kimi qiymətləndirirlər.
1948-ci il. Dramaturq kənd həyatı, onun ictimai-sosial, maddi-iqtisadi təşəkkülü, mənəvi-əxlaqi təkamülü sahəsində nöqsanların köklərini düşünmüş və qələmə almışdır. Canlı insanların, köhnəliklə yeniliyin mübarizəsində, əqidə toqquşmasında, mürəkkəb həyat hadisələrinin qaynağında, tipik səciyyəli xarakterlərin dünyagörüşlərinin təzadlarında yaranan qənaətlər dövr üçün yeni və ibrətamiz idi.
1954-cü il. Mənəvi paklıqla riyakarlığın, halallıqla harama göz dikməyin, həqiqətlə yalanın, xeyirlə şərin mübarizəsi Azərbaycan xalqının folklorunda, yazılı ədəbiyyatında əbədi mövzulardandır. “Atayevlər ailəsində” (“Atayevlər ailəsi” kimi də yazılır) pyesində bu mənəvi münaqişələr bir ailə çərçivəsində başlayıb geniş ictimai məna kəsb edir. İlyas Əfəndiyevi düşündürən ailə sağlamlığı daha geniş mənada cəmiyyətin sağlamlığıdır.
1964-cü il. Dramaturgiyamıza və teatrımıza elmi şəkildə “lirik-psixoloji üslub” adlandırdığımız yeni janr, yeni nəfəs, yeni mövzu gəldi. Əslində hər bir teatrın hər zaman ehtiyac duyduğu, böyük teatr islahatçısı Stanislavskinin təbirincə desəm, “insan ruhunun həyatı” Azərbaycan səhnəsində öz milli libasını geyindi. Teatrımıza “Sən həmişə mənimləsən” pyesi gəldi. Baxdıq, kövrəldik, həyəcanlandıq, sarsıldıq, mənən saflaşdıq, göz yaşları içərisində həyata ümid işığı gördük, öyrəndik... və İlyas Əfəndiyevin dramaturq düşüncələrinə, insani duyğularına şərik olduq.
1967-ci il. Mənəviyyat aləminin əbədi kateqoriyalarından olan “günah” Azərbaycan milli şüurunda çox fəal, təsirli və əməli bir anlayışdır. “Mənim günahım” pyesində dramaturq “günah və etiraf (tövbə)”, “günah və savab iş” kimi mənəvi anlayışların çağdaş təcəssümləri haqqındakı düşüncələrini tamaşaçılarla bölüşür. Öz növbəsində, onları da düşünüb-daşınmağa çağırır. Həmin çağırış cavabsız qalmır və yazıçı idealı, yazıçı qənaəti öz əhəmiyyətli rolunu oynayır.
1968-ci il. Mənim 19 yaşım vardı, ancaq bir teatr axşamını indiyəcən unuda bilmirəm. Alatoran səhnədən kədərli, ağır ritmli “Araz... Araz... Araz...” xor sədası altında Vətən fəryadını eşidirdim (müəllif bu mövzuya nəsr əsərlərində də toxunub)... Xoşbəxt tələbəlik illərini yaşayan, sevinc içərisində süzən Kamranla Nərminin - iki sevgilinin get-gedə mürəkkəb həyat hadisələrinin burulğanına düşüb haçalanan qəribə talelərini görürdüm... Biz bilmirdik, ancaq müəllif bilirmiş, düşünürmüş və görürmüş ki, onların qəribə taleyinin qəmli hekayəti hələ bitməyib. Nərminin oxuduğu “Məni sənə bağlayan sənin dəyanətindir...” nəğməsi sona çatmayıb... Aylar ötəcək, illər dolanacaq... və haqqında danışdığım “Unuda bilmirəm” tamaşasının qəhrəmanları Nərmin və Kamran 1988-ci ildə “Bizim qəribə taleyimiz” pyesində, zamanın yeni mərhələsində İlyas Əfəndiyevin düşüncələrinin daha kamil təcəssümçüləri olacaqlar.
1969-cu il. Durğunluq dövrü adlandırdığımız 70-ci illərin riyakar ovqatında “Məhv olmuş gündəliklər” pyesinin finalını xatırlayıram. Yalanla, sapıntılarla, aldanışlarla, illüziya parıltılarından doğan ötəri inamla sətirlənmiş gündəliklərə Fəridə od vurur. O yanan, o tüstülənən gündəliklər həmin günlərin qeydləriydi. İlyas Əfəndiyev onda da müstəqil, aydın təfəkkürlə düşünürdü, cəmiyyətin, xalqın taleyinə narahat idi. Düşüncələri, narahatlığı ilə qüdrətli rejissorumuz Tofiq Kazımovu alovlandıra bildi və teatr sənətimiz mənəvi miskinliyə, riyakarlığa, ikiüzlülüyə qılınc çəkən “Məhv olmuş gündəliklər” kimi açıq publisist tamaşa ilə yeni nailiyyət qazandı.
Dramaturq öz düşüncəsinin davamı kimi haqqında danışdığımız problemə “Bağlardan gələn səs” (1976-cı il) pyesində tamamilə yeni baxım bucağından, yeni dönüşdən toxundu.
1971-ci il. “Hərənin öz həqiqəti var, hər kəs özünə görə haqlıdır. Fəqət, bunların üzərində ali bir həqiqət var: insan azadlığını, insan səadətini, insan varlığını tapdalayan gerçəklik həqiqət deyil, riyadır”. Bu ideya yazıçı-mütəfəkkir İlyas Əfəndiyevin “Mahnı dağlarda qaldı” pyesində dramaturq düşüncəsinin qayəsini təşkil edir.
İlyas Əfəndiyev tarixi həqiqət barədə düşüncələrini davam etdirərək və daha da dərinləşdirərək xalqımızın yaxın və uzaq tarixini drama çəkir. Bu niyyətdən doğulan “Xurşudbanu Natəvan” (1981) və “Şeyx Xiyabani” (1986) tamaşalarının milli xalq şüurumuza təsiri böyükdür.
Haşiyə. İlyas Əfəndiyevin “Qəribə oğlan” (1973-cü il) komediyasını və onun gözəl tamaşasını xatırlayıram. Dramaturq bu pyesi ilə lirik-psixoloji komediya janrının əsasını qoydu.
1983-cü il. Bu gün biz çox-çox “büllur sarayların” dağılmasının şahidi oluruq. İlyas Əfəndiyev isə “büllur sarayların” yaşayış, insanlıq üçün yararsızlığını, zamanın sərt reallıqları müqabilində məhvə məhkumluğunu hələ o zaman özünəməxsus müdrikliklə, cəsarətli qətiyyətlə və fəhmli uzaqgörənliklə “Büllur sarayda” pyesində söyləmişdi. Nə yazıq ki, biz çox zaman bədii həqiqətlə həyat həqiqəti arasında sədd qoyuruq...
1988-ci il. “Bizim qəribə taleyimiz”. 20 il
sonra Həsən Turabov Kamranı, Amaliya Pənahova Nərmini ifa edirlər. İfaçılarla bərabər obrazlar
da yaşlaşıb,
İlyas Əfəndiyevin
təfəkkürü həyatın,
zamanın dərin qatlarına daha müdrikliklə işləyir.
“Bizim qəribə
taleyimiz” pyesi yeni ictimai qatda
xalqın taleyi ilə oynayanların mənəvi ittihamına çevrilir. Artıq dramaturq
dövrü, zamanı
riyakarlıq çarxına
çevirənləri real vəziyyətdə,
qəzəblə ifşaya
çəkir. Olmuşları unutmamağı, onlardan ibrət dərsi götürməyi, qəribə
talelərin burulğanını
dəf etməyi düşüncələrinin özəyində
yoğurub çoxminli
oxucu-tamaşaçılarına verir.
1989-cu il. «Sevgililərin
cəhənnəmdə vüsalı»
tamaşasının qəhrəmanı
Ayaz Turan obrazı «İlyas Əfəndiyev teatrı»na yeni bədii-estetik
personaj kimi daxil oldu. Məhz İlyas
Əfəndiyev ədəbiyyatımızda,
həmçinin teatrımızda
ilk dəfə sevgililərin
vüsalının cəhənnəm
əzablarını fəlsəfi-psixoloji
dərinliklə, faciəvi
reallıqla canlandırdı.
Cəhənnəmlə vüsal sözlərinin
əksliklərinin zorən
«qovuşdurulmasının» faciəsinə ümummilli
ruh aşıladı,
iki gəncin acı taleyini xalq obrazı səviyyəsində ümumiləşdirdi.
1991-ci il. «Tənha iydə ağacı». İlyas Əfəndiyev
yenidən tarixi keçmişimizə çıraq
tutdu. Bu dəfə 1920-ci ildə və Böyük Vətən müharibəsi
(1941-1945) dövründə cəllad kötüyündən
boyun qaçıra bilməyənlərin acı
talelərinin yaddaş
xatirəsi zəminində
ölümdən qurtulanların
Vətənə dönüşü
səhnə dramaturgiyasının
şah mövzusu oldu. Əsərdə bu adın rəmzi mənaları bir neçə psixoloji qatda realizə edilmişdi.
Siyasi qat: Azərbaycan qana susayan nəhəng
dövlətlər arasında
tənhalıq kövrəkliyi
təsiri bağışlayır;
İctimai-sosial qat: Vətəndən
didərgin düşən
adamın həyatı
nə qədər dəbdəbəli olsa da, o, həmin cəmiyyətdə həmişə
yad və tənhadır;
Mənəvi-psixoloji qat: İnsan əqidəsiz, amalsız yaşayanda, məkanından asılı
olmayaraq, tənhalıq
girdabına yuvarlanır.
1992-ci il. «Dəlilər və ağıllılar». Azərbaycan 71 illik fasilədən sonra müstəqilliyini yenicə bərpa edib. Bu tarixi
hadisənin müqəddəsliyi
nə qədər uca tutulsa belə,
yeni ictimai formasiyaya qədəm basan cəmiyyətimizdə
ciddi mənəvi-əxlaqi
aşınmalar prosesi
başladı. Bunu həssaslıqla
duyan İlyas Əfəndiyev yaradıcılığında
ilk dəfə satirik-ironik
komediya janrına müraciət etdi. Dəlilərin və ağıllıların
fikir təzadları güclü ictimai-sosial konflikt zəminində dramaturji bədii təsdiqini tapdı.
Haşiyə. Elə buradaca
oxucularımın diqqətini
cəmiyyət və şəxsiyyət problemini
bədii reallıqla, şərti dəlilər
və ağıllılar
bölgüsündə dram janrında təcəssüm
etdirən digər yazıçını xatırlatmaq
istəyirəm. Bu, İlyas
Əfəndiyevin oğlu,
nasir-dramaturq Elçindir
ki, onun 1997-ci ildən başlayaraq «dəlilər» mövzusunda
«Ah, Paris, Paris...», «Mənim sevimli dəlim, yaxud diaqnoz «D», «Mənim ərim dəlidir», «Şekspir» satirik-psixoloji, güldürməkdən
daha çox düşündürən komediyaları
bir-birini ardınca Milli Dram Teatrında tamaşaya qoyuldu.
1996-cı il. «Hökmdar və qızı». İkiyə bölünmüş Azərbaycanın acı taleyini həssaslıqla «Unuda bilmirəm», «Məhv olmuş gündəliklər», «Şeyx Xiyabani» səhnə əsərlərində, Qarabağın ziddiyyətli, göynərtili, mürəkkəb ziddiyyətli taleyinin tarixi səhifələrini «Xurşudbanu Natəvan» dramında konfliktin mayasında yoğuran İlyas Əfəndiyev yenidən Qarabağ mövzusuna qayıtdı. 1988-ci ildən bəri içində yaşadığımız Qarabağ faciəsinin daha uzaq köklərini səhnədən minlərlə soydaşımıza fəryadla, hayqırtıyla, müdrik vətəndaş qeyrəti ilə bəyan etdi.
Nəhayət, səhnəmizdə İbrahim xan, Cavad xan, Kəlbəli xan, Məhəmməd xan, Hüseynqulu xan, Mir Möhsün ağa kimi tarixi şəxsiyyətlərə yeni bədii-estetik baxım bucağından yanaşıldı.
Haşiyə. 2010-cu ildə Milli Dram Teatrı bu pyesə yeni ictimai-sosial kontekstdən yanaşaraq təzə səhnə təfsirində onu tamaşaçılara «Qarabağnamə» adı ilə təqdim etdi...
İlham Rəhimli
Mədəniyyət.- 2014.- 3
oktyabr.- S. 7.